Şahin Mustafayevin nazirliyindən sahibkarlara ciddi mesajlar
11:20 15-09-2015
İQTİSADİYYAT
İqtisadiyyat və Sənaye Nazirliyi yoxdamalarla bağlı önəmli açıqlamalar verdi
İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) aparılan yoxlama tədbirləri ilə bağlı ölkə sahibkarlarına müraciət edib. Fins.az-ın məlumatına görə, nazirlik bir daha sahibkarların diqqətinə çatdırır ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli və 2011-ci il 15 fevral tarixli fərmanlarına uyğun olaraq yaradılıb və 2011-ci il mayın 1-dən fəaliyyətə başlayan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmaqla həyata keçirilməlidir.
Nazirlikdən verilən məlumata görə, reyestrin fəaliyyəti sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.
Sahibkarlar nə vaxt
yoxlanacaqlarını
öyrənə bilərlər
Sahibkarlar www.yoxlama.gov.az saytına sərbəst şəkildə daxil olmaqla qeydiyyatdan keçə, öz VÖEN-ni və qeydiyyatdan keçdikdən sonra əldə etdiyi şifrəni daxil etməklə özü barəsində təyin edilmiş plan üzrə yoxlamalar haqqında əvvəlcədən məlumat əldə edə bilərlər.
Vergi orqanları tərəfindən aparılan operativ nəzarət tədbirləri istisna olmaqla, plandankənar yoxlamalar haqqında məlumatla isə sahibkarlar həmin yoxlamanın keçirilməsinə ən geci bir gün qalmış tanış ola bilərlər.
Yoxlamalar haqda vahid qaydalar var
Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 2013-cü il iyulun 2-də qəbul edilib və 2014-cü il martın 1-dən qüvvəyə minib.
Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
Yoxlamaya gələnlər
sahibkarla
kömək etməlidir
Yoxlayıcı orqan səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verməyə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməyə borcludur.
Yoxlama hansı müddəti əhatə edir?
Qanunda yoxlamaların plan üzrə və plandankənar formalarda aparılması nəzərdə tutulub. Plan üzrə yoxlama həmin sahibkarlıq subyektinin maksimum son üç ildən artıq olmayan fəaliyyət dövrünü əhatə edə bilər. Plandankənar yoxlama isə yalnız həmin yoxlamanın keçirilməsinə əsas yaradan məsələləri əhatə etməlidir.
Yoxlama 10 gündən artıq davam etməməlidir
Plan üzrə yoxlamanın müddəti iri sahibkarlara münasibətdə 10 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 5 iş günündən, plandankənar yoxlamanın müddəti isə iri sahibkarlara münasibətdə 5 iş günündən, orta və kiçik sahibkarlara münasibətdə isə 3 iş günündən artıq olmamalıdır.
Qanuna əsasən, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
Plandankənar yoxlamalar nə vaxt keçirilir?
Nazirliyin müraciətində plandan kənar yoxlamalara da aydınlıq gətirilir. Müraciətə əsasən plandankənar yoxlamalar aşağıdakı hallarda aparılır:
1) sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə;
2) sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda;
3) insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükənin olması və ya bu barədə yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda;
4) sahibkar plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə.
Yoxlamaya gələnlər
hansı sənədi
təqdim etməlidir?
Qanuna əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir.
Həmin sənədlər və məlumatlar sahibkara təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər.
Sahibkarlardan yoxlamalarla bağlı yuxarıda qeyd olunan tələblər pozulduqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə və ya elektron poçt ünvanına ([email protected]), eləcə də yoxlama aparan orqana müraciət etmələri tövsiyə olunur.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53