YAP seçkiyə qatılan rektorlara şərt qoydu
11:05 17-09-2015
İQTİSADİYYAT
"Ya deputatlıq mandatı, ya da vəzifə, ikisi birlikdə mümkün deyil"
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərdə deputatlığa namizədlərinin adlarını açıqlayıb. Diqqət çəkən məqam isə ondan ibarətdir ki, YAP-ın açıqladığı deputatlığa namizədlər siyahısında hazırda YAP-ın deputatı olan bəzi şəxslərin adı yoxdur.
Məsələn, BDU-nun rektoru 16 saylı Yasamal ikinci seçki dairəsindən YAP-ın deputatı seçilmiş Abel Məhərrəmovun yerinə İbrahimov Xıdır Mənsum oğlunun, 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat olan Qalib Salahzadənin yerinə Cəbrayılova Dilarə Məmmədağa qızının, 34 saylı Xətai ikinci seçki dairəsindən Gülər Əhmədovanın yerinə İbrahimov Calal Ağarza oğlunun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Asəf Hacıyevin yerinə Həmzəyev Naqif Ələşrəf oğlunun namizədliyi irəli sürülüb.
Fərhad Qəribovun yerinə (57 saylı Kürdəmir seçki dairəsi) Qəribov Nizami İsməli oğlu, 62 saylı Saatlı seçki dairəsindən Cəlal Əliyevin yerinə Rəşidov Nazim Sahib oğlu namizəd olub. 81 saylı Beyləqan seçki dairəsindən deputat Ayaz Orucov da siyahıda yoxdur. Onun yerinə İsmayılov Şahin Əmir oğlu namizəd olub.
107 saylı Qazax seçki dairəsində Əhməd Vəliyevin yerinə Əhmədov Zeynal Akif oğlu, 109 saylı Balakən seçki dairəsindən Rəbiyyət Aslanovanın yerinə Məhəməliyev Nəsib Məhəmməd oğlunun namizədliyi irəli sürülüb. Beləliklə, fakt ondan ibarətdir ki, YAP hazırkı deputatlarından 13-nün namizədliyini yenidən irəli sürməyib.
Bu arada "Unikal" qəzetinə daxil olan məlumatda bildirilir ki, hakim partiya namizədliyini irəli sürmüş rektorlar qarşısında da şərt qoyub. Belə ki, onlara "ya deputat mandatı, ya da rektorluq vəzifəsi" şərti təklif olunub, mandatı seçənlərin adları YAP-ın siyahısına salınıb, bundan imtina edənlər isə mandatdan imtina edərək vəzifələrini davam etdirməyi üstün tutublar.
Bu baxımdan adı YAP-ın seçki siyahısında olmayan deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin açıqlaması maraq doğurmaya bilməz. Rektor etiraf edib ki, o, partiyanın şərtini qəbul edərək belə bir qərar verib: "Təbii ki, partiya nə məsləhət görürsə, o da olmalıdır. Üstəlik, siyahıya YAP baxır. Özü də 10 il deputat olmuşuq. Daha nə qədər deputat olmaq olar?!"
"Şəxsən siz hansını seçərdiniz, millət vəkilliyini, yoxsa rektorluğu" - sualına cavabında Ə.Vəliyev belə cavab verib: "Mən rektoram, işimi buraxa bilmərəm ki. Mən universitet yaratmışam". Ə.Vəliyev onun yerinə verilən namizədlə bağlı yalnız bunları bildirib: "O namizədi tanımıram, bilmirəm harada işləyir, kimdir".
Məlumat üçün bildirək ki, YAP-çı millət vəkili Siyavuş Novruzov da mətbuata verdiyi açıqlamada rektorlar qarşısında belə bir şərtin qoyulduğunu təsdiqləyib. S.Novruzov deyib ki, YAP-dan irəli sürülən namizədlərin böyük əksəriyyətini gənclər və qadınlar təşkil edir: "Namizədlərimizdən 25-i qadındır".
O daha sonra bildirib ki,Yeni Azərbaycan Partiyasından deputatlığa namizədliyi irəli sürülən rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.
S.Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçiləcəkləri təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.
Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var.
Elvin
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52