Azərbaycan oliqarxları "yoxsullaşdırılır"
11:06 17-09-2015
İQTİSADİYYAT
Şok 2016 planı: iri məmurların inhisarçı maraqları çökdürülür, maliyyə qüdrətləri zəiflədilir
Gələn il Azərbaycanda idxal 2015-ci il üçün proqnozlaşdırılan göstəricidən 600 milyon dollar və ya 6,8 faiz azalaraq 8,2 milyard dollara düşəcək. Amma buna baxmayaraq, ölkənin gömrük gəlirləri dəyişməyərək 1 milyard 590 milyon dollar ətrafında qalacaq. Bu barədə 2016-cı ilin dövlət və icmal büdcələrinin açıqlanmış layihələrində bildirilir. Layihədə gələn ilin dövlət büdcəsinin gəlirləri 14 milyard 566 milyon manat, xərcləri isə 16 milyard 264 milyon manat proqnozlaşdırılıb.
Maliyyə Nazirliyi 2016-cı ilin dövlət büdcəsi ilə bağlı açıqladığı hesabatda idxalın azalacağı təqdirdə gömrük gəlirlərinin azalmasının qarşısının hansı yolla alınacağını da göstərib. Hesabatda bildirilir ki, gələn il gömrük ödənişləri üzrə tətbiq edilən vergi güzəştləri məhdudlaşdırılacaq və ya ümumiyyətlə ləğv ediləcək. Həmçinin gömrük tarifləri sistemi təkmilləşdiriləcək və daha azpilləli sistemə keçid üçün işlər aparılacaq.
İqtisadçı alim Vüqar Bayramov isə idxalın azaldığı təqdirdə gömrük gəlirlərinin səviyyəsinin yalnız liberallaşdırma yolu ilə mümkün olduğunu bildirir: "Hökumət gələn il gömrük sektorunun liberallaşdırılması və gömrük islahatları sahəsində müəyyən tədbirlər nəzərdə tutub. İlk öncə, bir sıra gömrük xidmətlərinin elektronlaşdırılması nəzərdə tutulur. Bu, bəzi gömrük xidmətlərinin "ASAN xidmət"ə verilməsinə imkan yaradacaq. Həmin funksiyalar həm də gömrük xidmətinin özündə qalacaq ki, bu da gömrük rəsmiləşdlirilməsi sahəsində rəqabət mühitini təmin edəcək".
Vüqar Bayramovun sözlərinə görə, hökumətdə gələn il idxal vergisinin differensiallaşdırılması üzrə də müzakirələr aparılıb: "Bir sıra ekspertlər gömrükdə bütün vergi güzəştlərinin ləğv edilərək vahid vergi dərəcəsinə keçməyi təklif ediblər. Lakin buna etiraz edilib və gömrük rüsumları differensial şəkildə ödənməsi təklif edilib ki, bu, yerli iqtisadiyyatın inkişafına imkan yaratsın. Gələn il Azərbaycan yerli istehsalı dəstəkləmək məqsədi ilə ixracatda təşviq vergisi də tətbiq edə bilər".
İqtisadçı ekspert bildirir ki, gömrük sahəsində islahatların vacibliyi Dünya Bankının (DB) Azərbaycanla bağlı hesabatında da vurğulanır: "Hesabatda Azərbaycanın üç istiqamətdə islahatlar aparması xüsusi vurğulanır. Bunlar idxal və ixrac əməliyyatları, tikintilərə icazələrin verilməsi və elektrik enerjisinə qoşulmaq üçün icazələrin alınması sahələridir".
Əslində, gömrükdə vergi güzəştlərinin ləğv edilməsi gömrük daxilolmalarını artırmaqla yanaşı bir sıra sektorları da dirçəldəcək. Məsələn, hər il Azərbaycan qida buğdasının idxalına güzəştlər tətbiq edir. Bu isə bir sıra möhtəkir iş adamlarının başqa təyinatla gətirdikləri buğdanı qida buğdası kimi rəsmiləşdirməsinə səbəb olur. Buğda idxalına tətbiq edilən vergi güzəşti həm də yerli taxılçılığın inkişafına mane olur.
Bu cür misalları başqa sahələrdə də göstərmək mümkündür və bu cür sektorlar, adətən, oliqarxların nəzarətində olur və onlar bu sahələrdə rəqabət mühitini sıfıra endirirlər. 2016-cı il üçün nəzərdə tutulan liberallaşma bu cür problemləri müəyyən qədər aradan qaldırmağa yardımçı olacaq və bir sıra sektorlarda qismən də olsa rəqabət mühiti yaranacaq.
Beləliklə, gələn ilin büdcə proqnozlaşdırılmasının altını daha çox oliqarx-məmurlar çəkəcəklər. Onların çoxillik monopolist mövqelərinin kəskin zəifləməsi, maliyyə qüdrətlərinin sarsılması artıq qaçılmaz reallığa çevrilir.
Bir sözlə, 2016-cı ili pula pul deməyən bir sıra iri məmurların faktiki olaraq böyük sürətlə yoxsullaşmağa başlamasının start ili kimi dəyərləndirilə bilər. Düzdür, bəzi oliqarxların biznesi artıq indidən ciddi böhran içərisindədir, amma bu prosesin gələn ildən daha da genişlənəcəyi və sürətlənəcəyi birmənalıdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52