Müxalifətin seçkilərdən çəkilməsinin əsl səbəbi
10:46 18-09-2015
İQTİSADİYYAT
Hakimiyyət əleyhdarları YAP-ın nazmizədləri açıqlanandan sonra dabanlarına tüpürüb qaçırlar
Azərbaycanda seçki kampaniyasının gedişində siyasi proseslərdə yeni gəlişmələr yaşanmağa başlayıb. Müxalifət partiyaları parlamentdə təmsil olunmaq şansını dəyərləndirmək əvəzinə yenə populist bəyanatlar verir, olayları səthi dəyərləndirir, perspektiv planlarını səbatlı etməyə çalışmırlar.
Seçkilərdə iştirak edəcəyini bəyan edən ADP sentyabrın 16-da İdarə Heyətini toplayaraq seçkilərdə iştirakdan imtina qərarı qəbul edib. ADP-nin mətbuat xidmətinin yaydığı rəsmi press-relizdə bildirilir ki, son vaxtlar Azərbaycanla ABŞ və Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq ADP 1 noyabr seçkilərində iştirakdan geri çəkilir.
Rəyasət Heyətinin qərarına əsasən, ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini sentyabrın 16-dan dayandırdıqlarını bəyan ediblər.
Seçkidə iştirak edən yeganə seçki bloku "Azadlıq 2015"dən prosesi yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb. Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib.
Qeyd edək ki, "Azadlıq 2015" seçki blokunu 7 partiya təsis edib. ADP-nin ardınca "Azadlıq 2015"dən seçkidən geri çəkilmək barədə xəbərdarlığın gəlməsi ölkə siyasətində, seçki kampaniyasında indiyə qədər rast gəlinməyən hadisə olacaq. Göründüyü kimi, KXCP sədri də açıqlamasında Azərbaycanın Avropa ilə münasibətlərinin korlanmasını xüsusi vurğulayır və ardınca seçkidən geri çəkilə biləcəklərini dilə gətirir. Avropa Parlamentinin ötən həftə Azərbaycan hakimiyyətini qəzəbləndirən məlum qətnaməsindən az sonra müxalifət partiyalarının seçkidən imtina etməyə başlaması və səbəblərdən biri kimi Avropa Birliyi ilə münasibətlərin korlanmasının göstərilməsi təsadüf sayıla bilməz.
YAP-ın seçki siyahısını xəyulə kimi qarşılayanlar, Port-Arturda yapon gəmilərini görəndə təşvişə düşən rus admiralları kimi davrananlar əslində məğlubiyyətlərini bəribaşdan etiraf edirlər. Qəribə, ritorika müstəvisindən çox kənar suallardır. Müxalifət liderlərinin məntiqinə görə, YAP siyahısını açıqlamamalı, ya da orada ən zəif, potensial baxımdan müxalifətçi namizədlərlə rəqabət qabiliyyətinə malik olmayan insanlar yer almalıydılar. Kəsəsi, hakimiyyət geri çəkilməli və müxalifətə "buyurun, keçin, bizsə birtəhər, kənarda durarıq" deməliymiş.
Məntiqə görə, YAP-ın siyahısının açıqlanması müxalifət liderləri üçün mübarizə, seçkiqabağı təbliğatda sivil, amma iradəli qarşıdurma üçün stimul olmalıydı. Siyasət mübarizədir və bunun əksini düşünənlər romantikaya qapıla bilərlər.
Azərbaycan müxalifəti də "Avropa Azərbaycandan üz döndərdi" tipli açıqlamalar verirsə, deməli, hakimiyyətə əks mövqedə durduqlarını deyənlərin orta və uzaq perspektivli strategiyaları ilə mövcud taktikaları yenidən qüsurludur, yarımçıqdır və növbəti uğursuzluqları ehtiva edir. Gərgin seçkiqabağı mübarizəyə qatılmaq əvəzinə "biz oynamırıq" bəyanatlarının verilməsi, sadəcə, təəssüf doğura bilər.
Orxan
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52