"Qazprom" Avropanın energetik xəritəsini dəyişir
10:47 18-09-2015
İQTİSADİYYAT
Alman nəşrindən ilginc iddialar!
"Mərkəzi və Şərqi Avropa ölkələri arasında strateji enerji axınlarından kənarda qalmaq perspektivinə görə narazılıq artmaqdadır. Polşa, Macarıstan, Slovakiya və Ukrayna Rusiya qazının sərfəli tranzitçisi mövqeyini bir neçə illiyə Almaniyaya güzəştə gedəcəyindən ciddi şəkildə narahatdır". Bunu Almaniyanın nüfuzlu "Deutsche Welle" nəşri yazır (məqalə müəllifi: Yevgeni Teyze).
Məqalədə daha sonra deyilir: "Rusiyadan Almaniyaya 2020-ci ilədək Baltik dənizinin dibi ilə "Quzey axını" qaz kəmərinin iki qanadı çəkilməlidir. Bu, kəmərin buraxılış qabiliyyətini iki dəfə atırır. Layihənin gerçəkləşəcəyi halda itkiləri xeyli ola biləcək Kiyevlə Bratislava artıq "satqınlıq"dan danışır və layihəni "antiavropa" hesab edir. Ukrayna ildə iki milyard dollara yaxın, Slovakiya 400 milyon avrodan çox pul itirəcək.
Ukraynadan qurtulmaq
"Qazprom" bildirir ki, "Quzey axını" qazın yeni həcmini nəql etmək üçün genişləndirilir. Lakin DW-nin sorğuladığı ekspertlər əmindirlər ki, əsas motivlərdən biri tranzit ölkə kimi Ukraynadan qurtulmaqdır. Yeri gəlmişkən, tranzitdən qazanc itkisi bu durumda Kiyev üçün hələ ən pisi deyil. Ukrayna hökuməti nəzdində alman müşavirləri qrupunun analitki Georq Saxman nəşrimizlə söhbətində xəbərdarlıq edib ki, hər şey yanacaq qiymətlərinin artması istiqamətində dəyişilə bilər. Onun fikrincə, "Ukraynadan tranzit olmasa, Slovakiya Ukraynaya ucuz revers tədarükü edə bilməz. Beləliklə, Rusiyadan birbaşa idxala Kiyevin alternativi olmayacaq".
Slovakiyanın hazırda Ukraynanın əsas "revers" tədarükçüsü olan "Eustream" şirkətindən DW-nin həmsöhbəti alman ekspertin xəbərdarlığını təsdiqləyib: "Biz hazırda elə Ukraynadan gələn Rusiya qazının bir hissəsini Ukraynaya qaytarırıq. Uraynadan heç nə gəlməsə, qaytarmağa da bir şey olmayacaq".
Şirkət rəsmi şərhdə xəbərdarlıq edib ki, Almaniyadan Ukraynaya qaz reversi həyata keçirtmək çətin olacaq. Eustream-in DW-nin sorğusuna cavabında bildirilir: "Quzey axını-2" gerçəkləşəndən sonra Almaniyadan tədarük üçün revers gücü yetərli olmayacaq, ölkələr öz aralarında bəzilərində çatmayan bu güc uğrunda rəqabət aparacaq. Məsələn, Ukrayna Rusiya qazının reversinə görə İtaliya ilə rəqabətə girəcək".
Georq Saxman bu əndişəni bölüşür. Ekspert xəbərdarlıq edir ki, "Quzey axını-2" bütün Avropanın qaz xəritəsini yenidən biçimləyəcək: "Ukraynadan qaz gəlməsə, təkcə Slovakiya yox, həm də Bolqarıstan və İtaliya kimi güney qonşular Rusiya qazını quzeydən nəql etməli olacaq".
Avropa Komissiyası "Quzey axını-2"nin
qanuniliyini araşdıracaq
Bununla belə, Slovakiya əlini yanına qoyub oturmağa hazırlaşmır. Ölkənin XİN-dən DW-ə məlumat verilib ki, Avropa Komissiyasına ümid bağlayırlar. Brüsseldən əmin ediblər ki, Avropa qanunvericiliyinə uyğun olaraq enerji bazarında rəqabətə nisbətdə "Qazprom"un planlarını yoxlayacaqlar.
Xüsusən də üçüncü enerji zərfi qaz kəmərinin sahiblərindən digər şirkətlərin nəql gücünə çıxış təmin etməyi tələb edir. "Qazprom"un Ukraynadan yan keçən digər qaz kəmərinin - Qara dənizin dibindən keçməli olan "Güney axını"nın inşasından imtinanın səbəbərindən biri məhz bu tələb oldu.
İqtisadi
məqsədəuyğunluğa şübhələr
Avropa siyasət mərkəzinin analitiki Annika Gedberq DW ilə söhbətdə bildirib ki, Avropanın enerji şirkətləri ilə müqavilə bağlanmasına baxmayaraq, "Qazprom"un yeni meqaplanının gerçəkləşdirilməsi böyük sual altındadır: "Düşünürəm ki, bu layihəyə qoşulmuş şirkətlər və ölkələr basqı altında qalacaq. Qarşıda onları Rusiyaya qarşı sanksiyalar şəraitində bu cür layihələri necə həyata keçirtmək izahatı gözləyir. Bu, Rusiyanın Ukraynaya qarşı təcavüzü kontekstində Avropanın siyasəti ilə daban-dabana ziddir".
Layihənin maliyyələşdirilməsi də dumanlı görünür. "Qazprom"un rəhbəri Aleksey Miller onun dəyərini, demək olar, 10 milyard avro həcmində qiymətləndirir. Annika Gedberq "Quzey axını"nın yeni şaxələrinin inşasına bankların pul buraxacağına şübhə ilə yanaşır. Bu qaz kəmərinin iki qanadının sahibləri onun inşasına zamanında yalnız Almaniya bir milyard kredit zəmanəti təqdm etdikdən sonra kredit götürə bildilər. Gedberq deyir ki, indiki siyasi şəraitdə Berlinin bu cür dəstək verəcəyi ağlabatan görünmür. Bu layihə banklar üçünsə olduqca riskli ola bilər. Brüselli eskpert qeyd edir: "Qaz kəmərini layihələşdirərkən nəzərə almaq lazımdır ki, enerji resurslarının istehlakı və tədarükü perspektivləri və tendensiyaları dəyişilir. Şübhə edirəm ki, bu investisiya layihəsi qaza tələbatın düşməyini nəzərə alır. Bizdə artıq indi bazarda qaz artıqlığı var".
DW-nin sorğusunu cavablandırarkən, Avropa Komissiyasından qeyd ediblər ki, "Quzey axını-2"-də bir məna görmürlər. Brüsseldən bildiriblər: "Rusiyadan AB-yə qaz nəqlinin mövcud gücündən indiki anda ancaq 50% istifadə edilir".
Söhbət ondan gedir ki, Ukrayna, Belorus, Slovakiya və Polşadan keçib gələn qaz kəmərlərinin yarı gücü ilə işləməsinə baxmayaraq, "Quzey axını"nı genişləndirməyi planlaşdırırlar. Yeri gəlmişkən, "Quzey axını"nın özü bir neçə illik istismar müddətində tam gücü ilə işləməyib. İndiki anda kəmərin yüklənməsi 80% təşkil edir".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52