Azərbaycanın qlobal böhrandan yayınmaq üçün optimal yolu
10:59 19-09-2015
İQTİSADİYYAT
Düşünülmüş iqtisadi siyasət faydasını verir: Qeyri neft sektoruna inanılmaz dəstək
Dünya bazarında neftin kəskin ucuzlaşmasından sonra dünyada müşahidə olunan iqtisadi böhran beynəlxalq gündəmin əsas mövzusudur. Neft ölkəsi olaraq baş verənlərin Azərbaycana da təsiri qaçılmazdır. Bununla belə Azərbaycan hökumətinin həyata keçirdiyi preventiv tədbirlər ölkəmizin qlobal böhrandan yayınacağına ümidləri artırır.
İndi Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru böyük ümid yerinə çevrilib. Hökumət həm iqtisadi artımda, həm də dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında qeyri-neft sektoruna daha böyük inam bəsləyir. Buna görə də neft-qaz sektorundan kənar sahələrə investisiya qoyuluşu artır, eyni zamanda bu sektorda iqtisadi aktivliyə dəstək güclənir. Artıq ÜDM istehsalının 50 faizdən böyük hissəsi məhz qeyri-neft sektorunda formalaşır. Amma dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşmasında bu sahə üstün mövqeyə sahib deyil. Bununla belə qeyri-neft sektorundan daxilolmaların həcmində artım sürəti belə deməyə əsas verir ki, yaxın illərdə dövlət büdcəsinin də formalaşmasında qeyri-neft sektoru əsas mənbəyə çevriləcək.
Bunu qeyri-neft sektorunda artım göstəricilərini 2015-ci ilin ilk 8 ayının iqtisadi nəticələri də təsdiqləyir. Bu nəticələr iqtisadiyyatın neft sektorunda itirdiklərini qeyri-neft sektoru hesabına kompensasiya edəcəyinə dair ümidləri artırır. Lakin bu yerdə bir həqiqəti də qeyd edək ki, neft sektorunun yaratdığı boşluğu qeyri-neft sektorunun doldurması üçün müəyyən şərtlər ödənilməklə bir neçə il vaxt lazım gələcək. Nəzərdə tutulan şərtlər qeyri-neft sektoruna vergi güzəştlərinin tətbiqinin inkişaf etdirilməsi, investisiya qoyuluşunun davamlılığının təmin edilməsi, rəqabət şəraitinin yaxşılaşdırılması, dövlətin bu sahəyə dəstəyinin artırılması və s. tədbirlərdən ibarət olacaq.
Rəsmi statistik məlumata əsasən, ölkəmizdə cari ilin ilk 8 ayında 36,027 milyard manatlıq ÜDM (əlavə dəyər) istehsal edilib. ÜDM-də artım sabit qiymətlərlə 4,2 faiz olub (nominal ifadədə 2014-cü ilin eyni dövründəkindən 3,1 milyard manat və ya 8% azdır).
ÜDM istehsalının 24,628 milyard manatı, yəni 68,4 faizi qeyri-neft sektorunda formalaşıb. Qeyri-neft ÜDM-ində artım əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz çox olub.
Ümumi daxili məhsulun 31,6%-i neft sektorunun payına düşüb, bu sektorda əlavə dəyər istehsalı əvvəlki ilin eyni dövrünə nisbətən 0,1% azalıb. Nominal ifadədə neft ÜDM-i 5,1 milyard manat azalıb.
Müqayisə üçün bildirək ki, 2014-cü ilin yekununda ÜDM istehsalında qeyri-neft sektorunun payı 61 faiz idi. Son 8 ayda qeyri-neft sektorunun ÜDM istehsalında xüsusi çəkisi 12 faizdən çox artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin qeyri-neft sektorunda əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,3%-lik artım, neft sektorunda isə 0,9%-lik azalma müşahidə olunub.
Sənaye istehsalının həcmi ilk 8 ayda 2,3 faiz artaraq 17,618 milyard manata yüksəlib. Onun 4,965 milyard manatı qeyri-neft sənayesində istehsal edilib. Qeyri-neft sənayesində artım sürəti 11,3 faiz olub.
Sənayedə özəl sektorun payı 76,8% olub. Ümumi istehsalın 87,9%-i sənaye məhsulunun istehsalı, 12,1%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. İstehsal edilmiş sənaye məhsullarının böyük hissəsi istehlakçılara göndərilib, bununla yanaşı, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 286,6 milyon manatlıq hazır məhsul ehtiyatları olub. Ehtiyatların 66,6%-i Bakı, 7,4%-i Sumqayıt, 4,2%-i Gəncə, 1,5%-i Şirvan, 0,3%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulan 13,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Əsas kapitala yönəldilən vəsaitin də daha çox hissəsi qeyri-neft sektoruna yönəldilib. 2015-ci ilin yanvar-avqust aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 10,55 milyard manat vəsait yönəldilib, onun 74,6 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 1,7 faiz, tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi isə 8,4 faiz artıb.
İstifadə olunan vəsaitin 6,4788 milyard manatı və ya 61,4 faizi məhsul istehsalı obyektlərinin, 3,369 milyard manatı (31,9 faizi) xidmət sahələri üzrə obyektlərin, 701,9 milyon manatı (6,7 faizi) isə ümumi sahəsi 1,1695 milyon kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 29,3 faizi dövlət, 70,7 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb.
2015-ci ilin yanvar-avqust aylarında neft sektoruna 4,7706 milyard manat həcmində vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilən 5,779 milyard manatlıq vəsaitin 817,8 milyon manatı (ümumi sərmayənin 7,8 faizi) qeyri-neft sənayesi sektorunun inkişafında istifadə edilib.
Nəqliyyat sektorunun qeyri-neft bölməsində də artım daha güclüdür. Ümumən nəqliyyatda yük daşımalarının həcmi 149 milyon ton olub ki, onun da 107,4 milyon tonu qeyri-neft məhsulları olub. Nəqliyyatda yükdaşımaları 0,7 faiz artdığı halda qeyri-neft yüklərinin daşınmasının həcmi 2,5 faiz artıb.
Bunlardan başqa qeyri-neft sektorunun əsas bölmələrindən olan kənd təsərrüfatında istehsalın həcmi 7,4 faiz, xidmət sektorunda 6,4 faiz artıb.
2016-cı ildə iqtisadiyyatda qeyri-neft sektorunun payında daha böyük artım gözlənilir. Gələn ilin sonunda qeyri-neft sektorunun iqtisadiyyatda payı 72 faizə yüksələcək, 18,8 milyard manatlıq investisiyanın 10,8 milyard manatı qeyri-neft sektoruna yönəldiləcək. Qeyri-neft sektorunun böyüməsi bu sektorda dövlət büdcəsinə daxilolmaların da artımına şərait yaradacaq.
Orxan
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53