Avropa Parlamenti: kin və qərəz mənbəyi
10:21 22-09-2015
İQTİSADİYYAT
Azərbaycana qarşı təzyiqlərin arxasında erməni izləri aşkar görünür
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi məlum və məkrli qətnamə bir daha bu qurumun Azərbaycana qarşı ikili standartlardan yanaşdığını, ermənipərəst dairələrin əli ilə ölkəmizin imicinə zərbə vurmağa çalışdığını ortaya qoymuş oldu. Qətnamədə qeyd edilən "faktlar"ın heç bir reallığı əks etdirmədiyi, sənədin yalan-böhtan üzərində qurulduğu istər rəsmi, istərsə də qeyri-rəsmi səviyyələrdə avropalıların diqqətinə çatdırılıb. Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən insanlar haqlı olaraq Avropa Parlamentinin məlum qətnaməsinə öz etirazlarını ifadə ediblər. Amma görünən odur ki, Avropa Parlamentində həqiqətlər və faktlar nəzərə alınmır, onları yalnız öz maraqları qayğılandırır.
Yaxşı, bəs ölkəmizə qarşı həyata keçirilən bu böhtan və qərəz kampaniyasının arxasında nələr dayanır, məqsəd nədir? İlk öncə qeyd edək ki, qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdu. Fakt bundan ibarətdir ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, siyasi və iqtisadi islahatların yerinə yetirilməsi bundan öncə hətta Avropa strukturları tərəfindən də təqdir olunub. Ölkəmizdə siyasi plüralizm hökm sürür, müxalifət partiyalarının fəaliyyəti üçün hər hansı məhdudiyyətdən söhbət gedə bilməz. İfadə azadlığı təmin olunub, Azərbaycanda qəzet və jurnallar, eləcə də internet resursları üzərindən heç bir senzura olmadan fəallıq müşahidə olunur. Bu gün ölkəmizdə ən yüksək ranqlı məmur belə mətbuatda tənqid olunursa, söz azadlığına qoyulan hansı məhdudiyyətdən danışmaq olar. Təbii ki, Avropa Parlamentinin bu ittihamlarının çürüklüyü özlərinə də bəllidir, sadəcə olaraq Azərbaycanı tənqid etmək üçün nəsə deyilməli idi və deyildi.
İndi, kimlərisə "demokratiya əzabkeşi" cildində təqdim edərək onlara haqsızlıq edildiyini iddia edirlər. Amma unudulur ki, istər Leyla Yunus, istər Xədicə İsmayılova, istərsə də həbs olunan və Avropa Parlamentinin "xüsusi qayğısına" səbəb olmuş digərləri ilə bağlı məsələ tamam fərqlidir. Onların hər birinə konkret ittiham irəli sürülüb və bu ittihamlar iddia olunduğu kimi onların siyasi baxışları ilə bağlı deyil. Kimisi vergidən yayınıb, kimisi narkotiklə tutulub və s. Və onların hər biri hüququn tələb etdiyi qaydada cinayət məsuliyyətinə cəlb olunub, burada qaranlıq nələrsə axtarmaq isə artıq qərəz nümayişidir. Məgər, "demokratiya beşiyi" adlandırılan Avropada vergidən yayınanların və ya narkotiklə həbs olunanların başlarını sığallayırlar? Təbii ki, yox. Belə olan halda Avropa Parlamentinin ölkəmizə qarşı sərgilədiyi qərəzin arxasında nə dayanır. Prosesi və baş verənləri diqqətlə izləyənlər isə olayların arxasındakı "erməni barmağı"nı aşkar şəkildə görə bilərlər.
Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli qətnaməsi əslində ermənipərəst qüvvələr tərəfindən ölkəmizə qarşı atılmış addımdır. Avropadakı ermənipərəst qüvvələri əsas narahat edən məqam Azərbaycanın dinamik və uğurlu inkişafıdır: Son günlər gündəmdə olan Azərbaycandakı Parlament seçkiləri Avropa İttifaqını yaman narahat edir. Burada əslində Azərbaycan Parlamenti deyil, ümumən Azərbaycanda olan mühit onları narahat edir. Çünki, qısa bir zamanda əldə olunan uğurlar, qazanılmış nüfuz, dünya miqyasında ölkənin reytinqinin yüksəlməsi Qərbin bir çox dairələrini təşvişə salıb. Qərbdə Avropa İttifaqı yarandığı gündən "demokratiya" adı altında gizlənərək özlərindən qat-qat aşağı səviyyədə hesab etdikləri ölkələri özlərinə kölə etmək siyasətini yürüdürlər. Bu siyasəti ölkəmizə qarşı da tədbiq etmək istəyirdilər, lakin gözləmədikləri bir reaksiya ilə üzləşdilər. Onlar artıq güclü bir Azərbaycanla üz-üzə gəldilər və bu da onları qıcıqlandıraraq əsl simalarının açılmasında rol oynadı.
Qeyd edək ki, Sovetlər Birliyi süquta uğradıqdan sonra Avropa İttifaqı ilə sərhəd olan ölkələr Avropa Birliyinə qoşularaq, onlardan maliyyə dəstəyi alaraq, xaos vəziyyətindən tez bir zamanda çıxdılar. Lakin, onlardan fərqli olaraq Azərbaycan öz gücü hesabına, böyük çətinliklərə sinə gələrək mövcud siyasətini qura bildi bu günkü dövləti yaratdı. Hətta, bu quruculuqdan sonra ermənilərin işğalı nəticəsində 20% torpaqlarından qaçqın düşən bir milyondan çox insanlara yüksək şərait yaratdı. Azərbaycan, uğurlu siyasət nəticəsində sürətlə inkişaf edən, lazım olanda belə Avropanın dini məkanlarının, tarixi-mədəniyyət ocaqlarının təmirinə maliyyə dəstəyi göstərən ölkəyə çevrildi. "Eurovision" mahnı müsabiqəsinin bu günə qədər olan təşkilatçılığının ən yüksək səviyyədə keçirilməsi, İlk Avropa Oyunlarının təşkili və s. buna misal göstərmək olar. Bütün bunların qarşılığında avropalı diplomatların dost dedikləri ölkəyə qarşı bu cür addımın atılması əslində Avropa Birliyinin nə qədər ikiüzlü, ermənipərəst siyasətinin göstəricisidir. Vaxtı ilə Moldovaya "qızıl dağlar" söz verən birlik bu gün moldovanların etibarını itirib və regiondakı ictimai-siyasi vəziyyətə nəzarət edə bilmir. Eyni zamanda Ukraynanın bu gün çıxılmaz vəziyyətə düşməsi, rəsmi Kiyevin əlacsız qalmasının başlıca səbəbkarı məhz Avropa Birliyinin boş vədləri, yalançı ismarıcları oldu. Sözügedən parlamentdə ermənipərəst diplomatların oturub zəngin tarixə, qədim adət ənənələri olan dövlətə, tolerantlıq beşiyi olan Azərbaycana qarşı atılmış qərəzli, Avropa İttifaqının maraqlarını əks etdirən addım bunun bariz nümunəsidir.
Bütün bunların alt qatında dayanan məqsəd ölkəmizi siyasi təzyiqlərlə özlərindən asılı vəziyyətə gətirmək və Azərbaycanı istədikləri kimi idarə etmək məqsədi dayanır. Azərbaycan müstəqil xarici siyasəti, dinamik inkişafda olan sabit iqtisadiyyatı ilə dünyanın super güclərinin hədəfindədir. Hər kəs - istər Rusiya, istərsə də Avropa Azərbaycanı öz yanında görmək istəyir. Ölkəmizin xarici siyasət fəlsəfəsində isə kimsənin yanında dayanmaq kimi düşüncə yoxdur. Əməkdaşlıq etmək istəyən varsa buyurub Azərbaycanın yanında dayana bilər. Görünür, supergücləri qəzəbləndirən və narahat edən də Azərbaycanın bu qibtə ediləcək mövqeyi və artan qüdrətidir.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52