Avronu "öldürmək" istəyirlər: əvəzində nə olacaq?
10:22 22-09-2015
İQTİSADİYYAT
Avrozonanın pərdələrinin arxasında baş verənlərin sirri
Yunanıstanın iqtisadiyyatını sarsıdan və kreditorların yüz milyardlarla dolların qaytarılacağı ümidini kəsən böhran müvəqqəti olaraq yenidən sovuşub. Avrozonanın təşkilati nəzarətçiləri Yunanıstanın iqtisadi vəziyyətinin Avropanın digər zəif üzvlərinə təsir göstərməsinin qarşısını almaq üçün müvəqqəti tədbirlər görsələr də, hər iki tərəf yaxşı bilir ki, bu müvəqqəti yollar problemi uzun müddətə həll edə bilməz. Nəticə etibarilə, Yunanıstan və kreditorları arasında ciddi maneələrlə üzləşən saziş layihəsi heç bir bəhrə verməyə bilər.
Hazırkı vəziyyətdə heç bir tədbir görülməzsə, nəticədə böhran Avrozonanın ətrafındakı ölkələrə keçməklə qalmayacaq, eyni zamanda ümumi valyutadan istifadə edən ölkələr arasında və daxilində fikir ayrılıqları daha güclü ölkələrdə də stabilliyi pozacaq. Heç şübhəsiz, stabilliyi pozulmuş Avropa iqtisadiyyatı qlobal iqtisadiyyatın bərpasına böyük zərbə vuracaq və ABŞ dollarının davamlı olaraq güclənməsinə səbəb olacaq. Belə ki, valyuta ilə bağlı vəziyyət Çinin öz valyutasını dəyərdən salması ilə daha da kəskinləşib.
Vahid valyuta avro sisteminin qüsuru isə ümumi maliyyə strukturu və ya daxili köçürmə sistemi olmadan bütöv bir qitəni bir yerdə tutmağa çalışmasıdır. Nəticədə yaranan balanssızlıqla Avrozona mənfəətlərinin böyük əksəriyyəti "baş ölkəyə", yəni Almaniyaya gedib. Avro Almaniyaya dünyanın hər yerinə ucuz şəkildə ixrac etməyə imkan verən zəif valyutadır, nəticə isə böyük Almaniya ticarəti və cari hesab profisitləridir. Avropanın ümumi valyutanın zərbə vurduğu zəif periferik ölkələri Almaniya ilə "daxili devalvasiya" ilə rəqabət aparmağı ümid edə bilər. Avrozonanın fəaliyyətinin davam etdirilməsi üçün ciddi şəkildə bərpa edilməsi lazımdır.
Son vaxtlar Yunanıstanın vəziyyətinin göstərdiyi kimi, belə görünür, Avropada heç kim, hətta yunanların özləri də uzunmüddətli həll yolu tapmağa çalışmır. Yunanıstanın Avrozonadan çıxması mümkün görünmür. Təəccüblüdür ki, Almaniya və bəzi üzv ölkələr isə Yunanıstanın Avrozonadan çıxması ilə borcun müəyyən hissəsinin qaytarıla biləcəyini düşünür. Aylarla plan qurulmadan, birdən-birə sistemə draxma və ya hər hansı alternativ valyutanın gətirilməsi də qeyri-mümkündür. Plan qurulacağı müddətdə isə Yunanıstan iqtisadiyyatının tənəzzülü labüddür.
Əksər iqtisadçılar eyni fikirdədirlər ki, Avrozona ölkələrinin ABŞ-da olduğu kimi tam federal inteqrasiya qəbul edib daxili valyuta sistemində tarazlığı bərpa edəcəkləri halda Avropa xilas edilə və uğur qazana bilər.
Tək bir ölkənin nizamlı bir şəkildə vahid valyuta sistemindən çıxması gözlənilməsə də, əslində, Avropa Mərkəzi Bankının köməyi və Avrozona ölkələri arasında siyasi əməkdaşlıq sayəsində bir və ya birdən çox ölkə bunu edə bilər. Bu, hər hansı bir ölkənin zonadan tamamilə çıxması yox, hazırkı valyuta ilə inkişaf edə bilməyən ölkələrin "yeni bir avro" qəbul etməsi ilə baş tuta bilər.
Bu "avro B" ideyası yeni deyil və belə görünür, reallaşdırılma vaxtı gəlib çatıb. Bu ideya bəzi düzəlişlər edilərək həyata keçirilə və Yunanıstanda vəziyyəti bərpa edib bütün Avropada stabilliyi pozan amilləri aradan qaldıra bilər. Bu həll yolu təkcə Yunanıstanın Avrozonadan çıxarılması əvəzinə bütün Avrozonaya Avropa layihəsini davamlı şəkildə irəli aparmaq istəyi və dözümünün olub-olmadığını düşünmək üçün vaxt verər.
Belə bir həll yolundan istifadə ediləcəyi halda AMB cari rejimlə uğur qazana bilməyən mövcud Avrozona ölkələri tərəfindən qanuni ödəniş vasitəsi kimi qəbul ediləcək ikinci bir valyuta buraxacaq, həmin ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətini qaytarmaq üçün nəyin bahasına olur-olsun valyutanı müdafiə edəcək. Avronun dəyərinin təxminən 60-70 faizini təşkil edəcək yeni valyutanın dəyəri istehsal və iş yerlərinin çətinlik çəkən ölkələrə köçürülməsi ilə tarazlıq bərpa olunduqca tədricən yuxarı qalxacaq. Həmin ölkələrin borcları avro B ilə ifadə olunacaq, bu da müvəqqəti olaraq borcların müvəqqəti ləğvini təmin edəcək.
Həmin aralıqda Almaniya Yunanıstanın borclarının avro B ilə ifadə olunmasından əziyyət çəkəcək və avronun dəyəri artacağına görə, istehsal və ticarətdən götürdüyü faydaları müəyyən dərəcədə itirəcək. Almaniya periferik ölkələrdə istehlakı maliyyələşdirmək əvəzinə öz şirkətlərinin fayda götürə biləcəyi yerlərdə investisiyanı maliyyələşdirəcək. Ən önəmlisi isə, digər ölkələr kimi Almaniya da kəskin şəkildə artan istehlakdan faydalanacaq.
Beləliklə, yaxın gələcəkdə elə bir gün gələcək ki, avro B avro ilə bərabər səviyyəyə çatanda və ona artıq ehtiyac duyulmayanda hal-hazırda fəaliyyətini dayandırmış Avropa yenidən ayağa qalxıb gələcəkdə tarazlığın pozulması təhlükəsi olmadan pul köçürmələri üzrə vahid birlik qəbul edə biləcək.
Yunanıstanın Syriza partiyasını parlamentdə təmsil edən keçmiş maliyyə naziri, Afina Universitetinin iqtisadiyyat professoru Yanis Varufakis "Avrozonanın demokratikləşdirilməsi" (Democratizing the Eurozone) adlı məqalə ilə çıxış edib.
Avropa Birliyində baş verən iqtisadi-maliyyə proseslərinin gerçək mahiyyəti, Brüssellə Afina arasındakı əlaqələrin pərdəarxası barədə yetərincə maraqlı məqamlara toxunulduğu yazıda deyilir: "…Şekspirin "Makbet" pyesinin qəhrəmanı kimi siyasətçilər də çox vaxt keçmişdəki səhvlərinin üstünü örtmək üçün yeni səhvlər edirlər və bu, işə yarayır. Bu standartla dəyərləndirsək, sabit demokratiyaya sahib 19 ölkədən ibarət olan Avrozona dünyanın ən böyük qeyri-demokratik iqtisadiyyatından geri qalır.
2008-ci ilin qlobal maliyyə böhranından sonra Çin siyasətçiləri düz yeddi il ölkənin xalis ixracına olan tələbi ölkə daxilində investisiyaların artırılması ilə əvəzləməyə çalışdılar. Bu ilin yayı hesablaşma vaxtı gəldikdə isə Çin liderləri fond bazarının dağılmasının qarşısını almaq üçün çətinliklə qazanılmış valyuta ehtiyatlarından 200 milyard dollar xərcləməli oldu.
Çin hökumətinin faiz dərəcələri və fond dəyərlərinin aşağı düşməsinə imkan verərək səhvlərini düzəltmək üçün göstərdiyi cəhd Avropa İttifaqı ilə müqayisədə sürət və effektivlik üçün əsl nümunə kimi görünür. Əslində, Yunanıstanın uğursuz "fiskal konsolidasiya və islahat proqramı" və Aİ liderlərinin proqramın uğurlu olmayacağını göstərən beş illik sübut olmasına baxmayaraq, proqramdan əl çəkməməsi Avropada idarəetmənin uğursuz olacağının göstəricisidir. Bunun isə dərin tarixi kökləri var (4npress).
1990-cı illərin əvvəli Avropa Valyuta Kursu Mexanizminin (ing. "European Exchange Rate Mechanism") çökməsi Aİ liderlərinin bu sistemi gücləndirmək qətiyyətini artırdı. Planın davamsız olacağı özünü nə qədər çox göstərirdisə, rəsmilər o qədər çox plandan yapışırdılar. Yunanıstanın irəli sürdüyü "proqram" Avropanın siyasi fəaliyyətsizliyinin daha bir nümunəsidir.
Son beş ildir, iqtisadi siyasətin müəyyənləşdirilməsində gülünc səhvlərə yol verilib. Siyasi səhvlərin siyahısının sonu, demək olar, görünmür: 2008-ci ilin iyulu və 2011-ci ilin aprelində Avropa Mərkəzi Bankı tərəfindən faiz dərəcələrinin qaldırılması; iqtisadiyyatı böhran vəziyyətində olan ölkələrdə ən sərt qənaət tədbirlərinin görülməsi; müvafiq əmanət-sIğorta planı olmayan bank ittifaqı.
Bəs Avropalı siyasətçilər vəziyyətdən necə çıxa bilərlər? Hər şeydən əvvəl, onların siyasi fəaliyyətlərinə görə hesabat verməmələri təkcə rəsmilərin ən azından Konqres qarşısında məsuliyyət daşıdığı ABŞ-la yox, eyni zamanda Çinlə kəskin ziddiyət təşkil edir. Yuxarıdakı sualın cavabı Avropanın parçalanmış və qeyri-rəsmi xarakter daşıyan valyuta birliyindədir.
Çin rəsmiləri demokratik yolla seçilmiş bir parlament və ya Konqres qarşısında cavab verməyə bilər, ancaq dövlət rəsmilərinin birləşdiyi vahid bir orqan var. Bu da rəsmilərin yol verdikləri səhvlərə görə cavab verməli olduqları daimi komitə sayılan Siyasi Bürodur (Politburo). Avrozona isə üzv dövlətlərin maliyyə nazirləri ilə AMB-nin nümayəndələrindən təşkil olunmuş qeyri-rəsmi "Eurogroup" tərəfindən idarə olunur. "Eurogroup"un daxil olduğu iqtisadi proqramların müzakirəsinə Beynəlxalq Valyuta Fondu da qoşulur.
Yalnız bu yaxınlarda Avropa vətəndaşları Yunanıstan hökumətinin kreditorları ilə gərgin danışıqlar aparması nəticəsində anladılar ki, dünyanın ən böyük iqtisadiyyatına sahib olan Avrozona yazılı prosedur qaydaları olmayan, mühüm məsələlərin müzakirəsini "məxfi" şəkildə aparan və Avropa Parlamenti də daxil olmaqla, heç bir qurum qarşısında cavab verməyə məcbur olmayan bir orqan tərəfindən idarə olunur.
Yunanıstan hökuməti ilə "Eurogroup" arasındakı qarşıdurmanı Yunanıstanın solçuları ilə Avropanın mühafizəkarları arasında toqquşma hesab etmək isə yanlış olardı. Bizim "Afina Baharımız" daha dərin bir şey, kiçik bir Avropa ölkəsinin təkcə Yunanıstanda yox, qitənin digər yerlərində də bir, bəlkə də, daha çox nəslin ümidlərini məhv edən uğursuz siyasətə qarşı çıxmaq haqqı uğrunda mübarizə idi.
Afina baharının məhv edilmə səbəblərinin Yunanıstan hökumətinin solçu siyasəti ilə heç bir əlaqəsi yox idi. Aİ sağlam düşüncə ilə müəyyənləşdirilən strategiyaları dəfələrlə rədd edib və qınayıb.
Mən Yunanıstanın maliyyə naziri kimi vergi bazasını genişləndirmək, gəlirləri artırmaq və ölkənin zəifləmiş iqtisadiyyatını canlandırmaq üçün satış, gəlir və korporasiya vergisi üzrə dərəcələrin azaldılması təklifini irəli sürdüm. Ronald Reyqanın davamçıları olsaydı, mənim planımı dəstəkləyərdilər. Aİ isə hər üç vergi üzrə dərəcələrin artırılmasını tələb etdi.
Beləliklə, əgər Yunanıstanın Avropalı kreditorları ilə mübarizəsi solçu və sağçı qarşıdurması deyildisə, nə idi? Avropa rəsmiləri etdikləri səhvə görə heç bir suveren orqana hesabat verməli olmadıqlarına görə sudan quru çıxırlar. Avrozonanın demokratikləşdirilməsi üçün ilk addım olaraq siyasi sisteminin yenidən qurulması istiqamətində səy göstərmək Avropanın effektivliyini artırıb yol verdiyi ədalətsizlikləri azaltmaq istəyənlərin boynuna düşür. Hər şey bir yana, Avropa kommunist Çininkindən daha məsul bir rəhbərliyə layiq deyilmi?"
Orxan Hun
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52