Hesablama Palatasından Ziya Məmmədova son zərbə
12:22 23-09-2015
İQTİSADİYYAT
Nəqliyyat Nazirliyində yoxlamaların başlanılmasına qərar verildi
Nəqliyyat naziri Ziya Məmmədovun ətrafında çəmbər hər gün bir az da daralır. Son günlər bir-birinin ardınca ciddi zərbələr alan nazirlə bağlı daha bir ilginc xəbər yayılıb.
Xəbərdə deyilir ki, Hesablama Palatası Nəqliyyat Nazirliyinin yoxlanılması haqqında qərar qəbul edib. Bununla bağlı xəbərdarlıq məktubu artıq Nəqliyyat Nazirliyinə göndərilib. Yoxlamanın nazirliyin bütün sahələrini əhatə edəcəyi qeyd olunur.
Bir daha qeyd edək ki, hazırda Ziya Məmmədov çox çətin günlərini yaşayır. Belə ki, nəqliyyat naziri təkcə son 10 gün ərzində saysız səlahiyyətlərini itirib: taksilərə lisenziya verilməsi ASAN Xidmətə verilib; Bakı Avtovağzalına yeni rəis təyin edilib və onun nəzarətindən çıxarılıb; paytaxtda sərnişin daşınması, ondan alınaraq meriyaya verilib; nəhayət, Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan "Azərbaycan Dəmir Yolları" QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib. Dünənsə məlum oldu ki, "Bakı Sərnişindaşınma" MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi yaradılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.
Deyilənlərə görə, qurumun nəzarətində "BakuBus" avtobusları və taksi faəliyyəti xidmət göstərəcək. Sərnişin avtobuslarının Nəqliyyat Nazirliyindən alınmasına səbəb kimi isə bu sahədə mövcud problemlərin uzun zamandır həll olunmaması göstərilir. Son illər avtobusların iştirakı ilə baş verən qəzalar da buna səbəb olan amillərdən biridir.
Beləliklə, bütün bu sadalananlardan aydın görünən odur ki, Ziya Məmmədov böyük sürətlə portfelsiz nazirə çevrilir. Onun rəhbəri olduğu qurum isə formal nazirlik olmağın bir addımlığındadır.
Ekspertlər məhz bu baş verənlərin fonunda indi Nəqliyyat Nazirliyində yüksək səviyyəli yoxlamaya start verilməsini təsadüfi saymırlar. Onlar hesab edirlər ki, Hesablama Palatasının gözlənilən auditi Ziya Məmmədova son zərbə endirmək və onu tamamilə «ofsayd»a salmaq məqsədi daşıya bilər.
Məsələ burasındadır ki, Nəqliyyat Nazirliyi ölkənin ən korrupsiyalaşmış qurumlarından biridir. Ona görə də həyata keçiriləcək audit zamanı Ziya Məmmədovun nazirliyində çox ciddi yeyinti və mənimsəmə faktlarının ortaya çıxması qaçılmazdır.
Auditin nəticələri isə nəqliyyat naziri üçün iki təhlükəli sonluq vəd edir: bunlardan biri ən yaxşı halda Ziya Məmmədovun vəzifəsindən kənarlaşdırılmasıdır. İkinci sonluq isə sözügedən nazir üçün daha qorxuludur. Belə ki, aşkarlanacaq korrupsiya faktlarının hüquq-mühafizə orqanlarına göndərilməsi, bunun ardınca isə Ziya Məmmədov barəsində hüquqi ölçü götürülməsi, onun barəsində ehtimal edilən həbs qərarının verilməsi tamamilə mümkündür.
O da maraqlıdır ki, nəqliyyat nazirinin rəhbəri olduğu qurumda yoxlamalara başlamaq barədə qərar onun işə çıxmadığı bir vaxtda qəbul edilib. Belə ki, nazir illik məzuniyyətdədir və onun oktyabrın 20-dən sonra işə çıxacağı deyilir.
Buradan ehtimal ortaya çıxır ki, Hesablama Palatasının auditi Məmmədovun iş başında olmayacağı günlərə də təsadüf edə bilər. Belə olan halda yoxlamaların nəqliyyat naziri üçün baha başa gələcəyi versiyasının ciddiliyi daha da artır.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52