Adam bıçaqlayan general oğlunu kimlər himayə edir?
10:52 24-09-2015
İQTİSADİYYAT
Şeyxin bacısı oğlu, generalın oğlu olmaq hüququ üstünlük verirmi?
Bir neçə gündür ki, bir videogörüntü sosial şəbəkələrdə izlənmə rekordu qırır. Bu təkcə iki nəfər arasındakı dava-dalaşın, bıçaqlanmayla bitən qovğanın görüntüləri deyil, bu həm də Azərbaycanda hələ də kimlərinsə özünü qanunlardan yüksəkdə görməsinin inikası idi. Yəqin ki, söhbətin DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu, Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin isə bacısı oğlu Tamerlan Əsədullayevin 6 ay öncə restoranda ofisiantı bıçaqlamasını əks etdirən görüntülərdən getdiyini bildiniz.
Əslində 6 ay öncə hadisə baş verəndə bunu xırda xuliqanlıq və ya iki dəliqanlı gəncin sözünün çəpləşməsi kimi qələmə verirdilər. Hətta baş verənləri DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin təbliğatına işləyən olaya belə çevirməyi bacardılar. Gəlin bir qədər geriyə çevrilək və bu ilin aprel ayında, olay ictimailəşəndə məsələylə bağlı verilən açıqlamalara təkrar diqqət yetirək. Beləliklə....
"Millət vəkili, hüquq müdafiəçisi, Çingiz Qənizadə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin həbsi ilə bağlı bəzi təfərrüatları açıqlayıb.
"Qafqazinfo"ya açıqlamasında deputat Tamerlanın həbsi haqqında yayılan məlumatların həqiqət olduğunu deyib: "Mətbuatda bununla bağlı xeyli müzakirələr gedir. Qeyd edim ki, Tamerlanın həbsini onun atası Şərif Əsədullayev özü xahiş edib. Belə ki, hadisəni eşidən kimi o, polis orqanları ilə əlaqə saxlayıb və bu barədə məlumat verib. Sözügedən hadisə Azərbaycanda qanunun aliliyini göstərən bir faktdır. Bu, bir azərbaycanlı məmurdan digərinə nümunədir".
Çingiz Qənizadə həbsin səbəbləri ilə bağlı da danışıb: "Tamerlan dostları ilə müəyyən bir məkanda olduğu zaman dava-dalaş baş verib. Və Şərif Əsədullayevin oğlu da bu xuliqanlıq hadisəsinin iştirakçısına çevrilib. Şərif 30 ildən artıqdır ki, polis orqanlarında çalışır. Belə hadisələrin günahkarlarının istintaqa cəlb edilməsi üçün işlər görüb, onun bu addımı digərlərinə örnək olmalıdır. Məmurlar qanunu pozan övladlarını cəzadan uzaqlaşdırmaq üçün qapı-qapı gəzmək əvəzinə onları məsuliyyətə cəlb etsinlər".
Millət vəkili baş verən hadisəni Tamerlan Əsədullayevin ailəsindəki vəziyyətlə də əlaqələndirib: "Şərif Əsədullayevin iki oğlu var. Onun biri Əli Əsədullayev bir neçə dil bilir, yüksək təhsillidir. Tamerlan isə anası Nargilə xanım dünyasını dəyişəndən sonra sadəcə ana nəzarətindən kənarda qalıb. Görünür ki, onun bu sərbəstliyi, ailə nəzarətinin olmaması onun müəyyən qruplarla oturub-durmasına şərait yaradıb".
Bəli, bu açıqlama hadisə baş verən günlərdə verilmiş və hər kəs də generalın öz oğlunun həbsini istəməsindən xeyli təsirlənmişdi. Amma...Amma, bu günlərdə sosial şəbəkələrdə hadisənin əslində necə baş verməsini əks etdirən görüntülərin yayılması bütün bunların sadəcə bir oyun olduğunu aşkarladı. Artıq nə oğlunu hüquqa təslim edən atanın "ədalətli obrazı", nə də uydurulmuş digər yalanlara yer qalmır. Həqiqət bütün çılpaqlığı ilə ortadadır:
İndi bəlli olur ki, bu, adi bir bıçaqlama deyilmiş, heç ana nəzarətindən kənarda qalmış gəncin ərköyünlüyü də deyil – Bunun bir adı var – CİNAYƏT
İndi isə videogörüntünün sözlü təsvirini verməyə çalışaq: General oğlu hansısa səbəbdən (güman ki, o da ciddi bir şey deyil) gənc ofisiantı restoranın içində dəqiqələrcə qovur. Adam qaçıb mətbəxdə gizlənir, xeyri olmur, Tamerlan gəlib qapının şüşəsini qırır, içəri keçir, əlində bıçaq onu təqib edir. Ofisiant masaların başına fırlanır, hiddətlənmiş general oğlunun bıçağından qorunmağa çalışır, o isə əl çəkmir, ofisiantı söyə-söyə ona çatmaq, dəlmə-deşik etmək istəyir. Harayçılar ona mane ola bilmirlər, yalvar-yaxarlar nəticə vermir. Daha sonra ofisiant özünü birtəhər liftə çatdırır, general oğlu bir saniyə fərqlə bağlanan liftə çata bilmir, liftin qapısını təpikləyir, hiddəti isə azalmır. Sonra kadrlar sürətlənir, adamlar ora-bura qaçışırlar. Nəhayət, o məqsədinə çatır: ofisiant artıq bıçaqlanıb, köynəyi qarın nahiyəsindən al qandır, general oğlu bir qədər sakitləşib. İndi harayçılar bıçaqlanmış ofisiantın qisas aktının qarşısını alır, rəqibini qanına qəltan edərək eqosunu doyurmuş Tamerlanı aparırlar. İş bitmir, o yenə gəlir, ofisiant qanlı köynəyi çıxarır. Dava təzədən qızışır. Axırda fiziki cəhətdən cüssəli ofisiant özündən zəif birinin qabağından qaçmaqdan bezir, yaralı olduğu halda general oğlunu bir həmlə ilə götürüb, "canın bu deyilmi" ədasıyla yerə çırpır. Bu da o demək olur ki, bayaqdan bəri ofisiant canının qorxusundan yox, general oğluna xəsarət yetirib tutulmaqdan, azadlığını itirməkdən qorxurmuş". Bax belə, bəs nəticə nədir?
Nəticə ondan ibarətdir ki,general oğlu 4 il şərti cəzayla canını qurtarır. Başa düşürsünüzmü, bu nə deməkdir: Söhbət adamı ölümünə bıçaqlamaqdan gedir, aldığı cəza isə şərtidir. Belədə sual olunur, bıçaqlayan şəxs Şeyxin bacısı oğlu, nüfuzlu bir generalın oğlu olmasaydı cəza yenə belə olacaqdımı? Təbii ki, yox. Bu isə ikinci sualı yaradır, o zaman Şeyxin bacısı oğlu, generalın oğlu olmaq kiməsə hüquqi üstünlük qazandırırmı və ya qazandırmalıdırmı?
Axı bu qəbildən olan cinayətlər cəzasız qaldıqca, hansısa vəzifəli oğlu tərəfindən nə vaxtsa hər birimizin bıçaqlana biləcəyi ehtimalı da qalır. Həm də tam ciddi şəkildə qalır. Düşünürük ki, baş verənlərlə bağlı məsələ yenidən hüququn araşdırılmasına verilməli və ədalət gec də olsa bərqərar olmalıdır. Bunu baş verənlərdən hiddətlənmiş ictimai rəy də tələb edir, prezident İlham Əliyevin harınlamış məmur övladları ilə bağlı səsləndirdiyi tövsiyyələr də...
İndi isə söz hüququndur. Hüquq Azərbaycanda Şeyxdən və istənilən generaldan üstün olduğunu sübut etməlidir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53