Təhsil Nazirliyi dərslik rəzalətinə haqq qazandırdı
10:53 24-09-2015
İQTİSADİYYAT
Dərslik müəllifləri "dibil, mırt" kimi jarqonların müdafiəsinə qalxdı; bunlar dilimizin gözəlliyi imiş...
Artıq neçə gündür ki, mediada və sosial şəbəkələrdə dərsliklərdəki rüsvayçı ifadələr və jarqonlarla bağlı müzakirələr aparılır. Məlumat üçün bildirək ki, bu birinci hal deyil və bu günə qədər dərsliklər və dərs ləvazimatlarındakı ciddi yanlışlıqlarla bağlı çoxsaylı fakt göstərmək olar. Məsələn, bir qədər əvvəl tarix dərsliyinin üz qabığının erməni bayrağının rənglərinə uyğun çap edilməsi, şagird gündəliklərində bayram günlərinin yerlərinin səhv salınması və digər bu kimi yolverilməz nöqsanların şahidi olmuşuq. Sonuncu belə "ÇP" isə 8-ci sinif Azərbaycan dili dərsliyində müşahidə olunan rüsvayçılıqdır.
Məsələnin mahiyyətinə keçməzdən öncə sözügedən dərslikdəki həmin parçaya diqqət yetirək:
"Həsən ilə Mehdi söhbət edir:
-Alə, aşxam gedey gezmeye?
-Hara, brat?
-Nə bilim, çıxaruğ şəhərə, bir az mırt tutarığ.
-Ala, dibilsən? Camaatnan nə işimiz var? Bir də axşam hazırlıqlarım var. Allah haqqı, evdə məni nadayet eləyiblər. Oxu, oxu… Lap adamı təkərə salırlar eyy..."
Bax belə, hesab edirik ki, bu biabırçılığa əlavə şərh verməyə belə ehtiyac yoxdur. Gözlənilən isə odur ki, Təhsil Nazirliyi, digər müvafiq dövlət strukturları və təhsil ekspertləri dərhal hərəkətə keçərək bu faktı ən azından pisləyəcəklər. Amma necə deyərlər, sən saydığını say, görək müvafiq dövlət qurumları və təhsil mütəxəssisləri nə sayır....
Qeyd edək ki, ötən gün Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə sosial şəbəkədə və mediada tənqidə səbəb olmuş bu mətnin yer aldığı 8-ci sinif Azərbaycan dili dərsliyi ilə bağlı mətbuat konfransı keçirilib. Dərslik müəlliflərinin, Dərslikləri Qiymətləndirmə Şurasının və Təhsil Nazirliyi əməkdaşlarının iştirak etdiyi tədbirdə bu ifadələrin dərsliyə salınması yenilik kimi qiymətləndirildi.
Dərsliyin müəlliflərindən biri Samirə Bektaşi bildirdi ki, mətn hazırlanarkən məktəblərdə monitorinqlər keçirilib, şagirdlərlə söhbətlər aparılıb: "Mətn iki hissədən ibarətdir. Biz şagirdlərə seçim imkanı vermişik. Mətnin aşağısında da göstərilir ki, şagirdlər hansı ifadə tərzini xoşlayırsa, onu izah etsin. Azərbaycan dilinin gözəlliyini qorumaq lazımdır. Biz müqayisəli yolla dilimizin gözəlliyini öyrətmək istədik. Dərsliyi hazırlamadan bütün qabaqcıl ölkələrin təcrübəsindən yararlanmışıq".
Mövzuya dair media mənsublarının suallarını cavablandıran S.Bektaşi bildirib ki, burada əsas məsuliyyət müəllimin üzərinə düşür: "Uşaq müqayisəli verilmiş mətnlərdən heç birini seçməyə bilər. Müəllim müzakirə aparmaqla dilimizin gözəlliyini aşılaya bilər. Biz bu yolun düzgün olduğunu düşünmüşük. Dərsliyin 127, 128 və 129-cu səhifələrində şagirdə daha aydın seçim verilir. Sadəcə olaraq sosial şəbəkələrdə mətn yarımçıq verilib".
Dərslik müəllifi müasir dərsliklərdə şagirdə öz nitqini seçmək imkanının yaradılıdığını da qeyd etdi: "Şagird bu tapşırıq əsasında pisi yaxşıdan ayırmağı öyrənir. Tapşırıq əsasında şagirdlərin də fikri öyrənilir, bugünkü danışıq dili ilə ədəbi dil qarşılaşdırılır. Sonda "nitqinizi lazımsız ifadələrdən təmizləyin və nitqin təmizliyi üçün çalışın" kimi tövsiyə də qeyd edilib".
Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov arayış verərək dərsliklərin bir neçə mərhələdə qiymətləndirildiyini dedi.
Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasov isə dərsliklərlə bağlı standartların olduğunu söylədi: "İşçi qrup standartlar yaradıb. Dərsliklər həmin standartlara uyğun hazırlanır. Həmin işçi qrupuna Nizami Cəfərov rəhbərlik edib. Dərsliklər hazırlanarkən standartlar mütləq nəzərə alınır".
Təhsil Nazirliyinin təhsil resursları şöbəsinin müdir müavini Əsgər Quliyev isə İsmayıl Şıxlının "Dəli Kür" romanında işlədilən ifadələrin X sinif Azərbaycan dili dərsliyinə salınmasından danışdı: "Kiməsə hansısa ifadənin istifadəsini qadağan etmək qeyri-mümkündür. "Dəli Kür " romanında qeyd edilən həmin abzas şagirdin tərbiyəsini pozmaq üçün deyil, şagirdin həmin ifadələrlə tanış olub onlardan necə və harada istifadə edilməli olduğunu müəyyənləşdirmək üçündür. Təsadüf nəticəsində bu ifadələrin dərsliklərə düşməsini düşünmək yanlış yanaşmadır. Cəmiyyətdə yanlış fikir formalaşıb, danışıq da mədəniyyətdir. Dərsliklər yüzlərlə ekspertizadan keçirilir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və bir neçə qurum da olmaqla ekspertlər baxıb qiymətləndirirlər. Sonra nazirliyin gizli eksperti baxır".
Digər təhsil ekspertləri də dərsliklərdə jarqon ifadələri yenilik kimi təqdim etdilər. Onların fikrincə, cəmiyyət yenilikləri tənqidlə qarşılayır: "Məsələn, Rusiya, Türkiyə və digər ölkələrdə dərsliklərdə söyüş və ya jarqon ifadələrdən istifadə edilir".
Mətbuat konfransında hətta Rusiya məktəblərinin 6-cı sinif dərsliyindən nümunələr də gətirildi. Amma bunu heç kim dilə gətirmədi ki, Avropanın qabaqcıl ölkələrinin heç birində belə biabırçı vəziyyət yoxdur.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53