Əli Kərimli qurultay şousunu öz xeyrinə yekunlaşdırdı
09:15 29-09-2015
İQTİSADİYYAT
AXCP sədri bir daha avtoritar idarəetməsini nümayiş etdirdi, partiya rəhbərliyini yenidən zəbt elədi
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) qurultay keçirdi və Əli Kərimli yenidən yekdilliklə partiyanın sədri seçildi.
Amma Azərbaycan cəmiyyəti bu qurultay və Əli Kərimlinin hansı yolla sədr seçilməsindən sonra bir daha əmin oldu ki, bu adamlar demokrat yox, əsl bolşevik təfəkkürünə sahibdirlər. Qurultayın sovet dövrünün partiya iclaslarını xatırladan sonluğunda heç səslərin sayılmasına da ehtiyac olmadı. Lehinə olanlar soruşulanda çoxluq əlini qaldırdı, əleyhinə və bitərəf olanlar soruşulanda isə kimsə dinmədi. Beləliklə, Əli Kərimli sovet partiya iclaslarında olduğu kimi gurultulu alqışlar altında qələbə nitqini elədi: "Əlimdən gələn hər şeyi edəcəm ki, siz bu etimada görə peşman olmayasınız" və s. və i.a.
Beləliklə, Əri Kərimli heç bir rəqibi olmadan səsverməyə girdi və Azərbaycanın milli-azadlıq hərəkatının birbaşa varisi olan partiya sədr seçkisi həyata keçirilən qurultayı cari məsələlərə sıradan bir iclas kimi başa vurdu. Bu, təbii ki, ilk lideri mərhum Əbülfəz Elçibəyin zamanında klassiklər və islahatçılar qanadı arasında gedən mübarizə ilə siyasi gündəmin daimi diqqətində olan partiya üçün bir qədər qeyri-təbii görünürdü. Qurultayda mövcud sədrə alternativ tapılmadı və AXCP bununla hətta hərəkat yoldaşı Müsavat Partiyasından fərqləndi, Müsavatın indiki sədri Arif Hacılı rəqibi Qubad İbadoğluya çətinliklə qələbə çalmışdı. Beləliklə, qurultay AXCP-nin durğunluq içində olduğunu, partiya sədrliyinə alternativ namizəd tapa bilmədiyini protokolla təsdiqlədi.
Əslində, qurultayda müxalif səs var idi. AXCP sədrinin müşaviri Sahib Kərimli 2000-ci ildən bu yana ilk dəfə olaraq Əli Kərimliyə alternativ kimi partiya sədrliyinə namizədliyini irəli sürmüşdü. Lakin qurultayın gedişində Sahib Kərimli öz namizədliyini geri götürdü.
"Mən partiya sədrliyinə seçkilərin gizli olmasını tələb etdim, tələbim yerinə yetmədi, ona görə də namizədliyimi geri götürdüm. Mən məsələ ilə bağlı polemika açmaq istəmirəm, sözümü qurultayda demişəm",- deyə Sahib Kərimli bildirib. Qurultayda çıxış edən Sahib Kərimli səsvermənin gizli olmasının vacib olduğunu bildirib: "Açıq səsvermədə açıq-aşkar müdaxilə var". Təbii ki, onun bu istəyi təmin edilməyib.
Əslində, Sahib Kərimlinin tələbi beynəlxalq təcrübəyə əsaslanır. Beynəlxalq təcrübə göstərir ki, istənilən quruma seçkilərin azad keçirilməsi üçün səsvermənin gizli olması vacibdir. Dünyada bununla bağlı qəbul olunmuş standartlar var. 2002-ci il ildə Venetsiya Komissiyası təlimat yayaraq, seçkilərin azad keçirilməsi üçün səsvermənin gizlilik prinsipinin qorunmasını tövsiyyə edib. Çünki açıq səsvermədə səsverəni təsir altına salmaq asandır.
Əgər AXCP-nin qurultayında gizli səsvermə olsa idi, böyük ehtimalla, yenə də Əli Kərimli qalib gələcəkdi. Amma səsvermənin nəticəsi sovet praktikasından gələn "yekdilliklə" variantına uyğun gəlməyəcəkdi. Amma Sahib Kərimli də müəyyən qədər tərəfdar toplayardı. Hər halda, AXCP sədrinin yeniyetməlik çağı hərəkat dövrünə düşmüş müşaviri uzun illərə dayanan mübarizə yolu keçib və bu yol həbsxana divarlarında keçib.
Sahib Kərimli seçkilərdə müəyyən qədər səs toplaması partiyada fikir müxtəlifliyinin olduğunu göstərərdi. Bu, AXCP-də Əbülfəz Elçibəyin ölümündən sonra islahatçılarla klassiklərin (KXCP) ayrılması nəticəsində tarixə gömülmüş plüralizmi bərpa edərdi. Bu həm də partiyada potensial liderlərin yetişməsinə imkan yaradardı.
Əslində, Əli Kərimli özü də sələfi Əbülfəz Elçibəyin zamanında partiya daxili fikir müxtəlifliyinin mövcudluğu hesabına lider kimi yetişmişdi. Əgər Elçibəyin zamanında AXCP-də klassik və islahatçı qanadlar olmasa idi, Bəy dünyasını dəyişən zaman partiya lidersiz qalaraq siyasi səhnəni tərk edə bilərdi. Amma belə görünür ki, AXCP-də 15 illik sükutdan sonra buz sınıb və artıq yeni qanad formalaşmaqdadır. Sahib Kərimli hələ ki, partiyada sıravi üzv kimi fəaliyyətini davam etdirdiyini, Əli Kərimliyə 3 il möhlət verdiyini deyir. Əgər Əli Kərimli 2018-ci il seçkilərində qələbə çalmazsa, onda Sahib Kərimli öz tərəfdarları ilə birlikdə sədrlik uğrunda mübarizəyə başlayacaq.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AXCP-nin ötən gün keçirilən qurultayında baş verənlərə münasibət bildirib. A. Mirzəzadə qeyd edib ki, gizli və ya açıq səsvermə ilə seçkilərin keçirilməsi qurultayın səlahiyyətində olan məsələdir: "Digər tərəfdən bütün nümayəndələr məhz Əli Kərimlinin diqtəsi ilə seçildiyinə görə hər hansı yenilikdən, alternativlikdən danışmağa dəyməz. Bütün nümayəndələr əvvəlcədən təlimatlandırılmışdı. Ona alternativ namizəd olan şəxsin əvvəlki çıxışları və qurultayda namizədliyini geri götürməsi əvvəldən hazırlanmış ssenari idi. Ola bilməzdi ki, əvvəldən Əli Kərimlini bir çox məsələlərdə ittiham edən şəxs birdən- birə qurultayda öz platformasını təqdim etməsin, alternativlik yarada bilməsin. Qurultayda bir qayda olaraq partiyanın nümayəndələri çıxış edib gələcək fəaliyyətlə bağlı fikirlərini, təkliflərini bildirməli olduqları halda, bunu etmədilər. Əli Kərimli və onun bir müavinindən başqa çıxış edənlər ancaq təbrik edənlər idi. Bu təbrik məclisi idi, yoxsa partiyanın bütün məsələlərini həll edən ali orqan idi?! Bu detalı da yaddan çıxarıb qurultay nümayəndələrinin çıxışını belə təşkil etməmişdilər. Bu sadəcə olaraq uğursuz qurulmuş bir tamaşa idi və bir siyasi partiya ona verilmiş şansdan növbəti dəfə istifadə edə bilmədi".
Onun sözlərinə görə, AXCP həmişəki kimi radikal mövqedə, real həyatdan kənar, partiyalararası mübarizədə fəaliyyət göstərən kiçik bir siyasi təşkilatdır: " Özünün rəhbərliyinin siyasəti ilə çoxdan cəmiyyətə töhvə verə biləcək təşkilat funksiyasından uzaqlaşıb. Bir-birinin ardınca qopmalar, son dövrdə isə parçalanmalar partiyanı bugünkü siyasi proseslərdən kənarda saxlayıb".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53