Azərbaycan oliqarxları haqqında yeni sensasion iddialar
08:16 01-10-2015
İQTİSADİYYAT
Bakıda dəbdəbəli toy edə bilməyənlərin müdhiş "İstanbul sərgüzəştləri"
Neftin ucuzlaşması və gələn ilin büdcəsinin gəlirlərinin 5 milyard dollara yaxın az proqnozlaşdırılması azərbaycanlı zənginlərin büdcələrinə təsir etməyib.
Türkiyə KİV-lərinin xəbərinə görə, azərbaycanlı zənginlər özlərinə yeni maraqlı əyləncə kəşf ediblər. Bu dəfə onlar İstanbulda büdcəsi milyonlarla dollar təşkil edən toylar sifariş edirlər.
Belə ki, Türkiyə toy turizmi üçün Yaxın və Orta Şərqdən, habelə Hindistandan olan zənginlərin son vaxtlar daha çox üstünlük verdiyi ölkələrdən biridir. Hindistanlı zənginlər son vaxtlar tez-tez Türkiyədə öz milli ənənələrinə uyğun toylar sifariş edirlər.
Turizm Media Qrupunun qurucusu Volkan Ataman deyir ki, gələn il İstanbulda hər birinin büdcəsi 8-10 milyon dollara qədər çıxa bilən hind toyları keçiriləcək və bu toylar səs-küyə səbəb olacaq.
Volkan Ataman Hind toylarının Orta Şərqin zənginlərinin Türkiyəyə axınına səbəb olacağını deyib. Onun sözlərinə görə, Hindistandan ötən il bir çox zəngin müştərilər İstanbulda öz milli ənənələrinə uyğun toy sifariş ediblər. Gələn il üçün isə azı 10 hind toyu üçün sifariş alınıb. Bu toyların hər birində 2-3 min adamın iştirak edəcəyi, büdcəsinin isə 8-10 milyon dollar olacağı gözlənilir.
Toy turizmi üçün İstanbulu seçən müştərilər arasında Səudiyyə Ərəbistanı, Azərbaycan və Qazaxıstandan olanlar üstünlük təşkil edir. Onlar hərəsinin büdcəsi azı 1 milyon dollar və daha çox olan 50-dən çox toy sifariş veriblər. Söhbət "Min bir gecə" nağıllarını xatırladan dəbdəbəli toy mərasimlərinin təşkilindən gedir.
Xatırladaq ki, azərbaycanlı zənginlər dəbdəbəli toylar üçün təkcə Türkiyəni seçmirlər. Bu yaxınlarda məlum olmuşdu ki, Azərbaycandan olan bir zəngin Fransanın Lacivərd sahillərində dəbdəbəli toy sifariş verib. O, dünyanın ən məşhur şəxsləri - milyarderlər və estrada ulduzları, şahzadələr və bir günlük əyləncəyə milyonlarla avro xərcləyən biznesmenlər üçün dəbdəli toy mərasimləri təşkil edən məşhur britaniyalı prodüser Sara Heyvudun müştərisidir.
Sara Heyvud dünyanın çox zəngin adamlarına xidmət göstərən ən məşhur prodüserdir. Onun prodüser qrupu adı "Fortune 500" siyahısında (dünyanın ən məşhur və ən zəngin adamlarının reytinqi) olan şahzadələrə və estrada ulduzlarına, milyarderlərə xidmət göstərib.
Sara Heyvudun yaxın aylarda toy sifarişi aldığı müştərilərdən biri də Azərbaycandandır. Həmin müştəri Fransanın Lacivərd sahillərində yerləşən Sen-Trope kurort şəhərində toy sifariş verib.
"Unikal" xatırladır ki, ölkə başçısı İlham Əliyev bir müddət əvvəl vəzifəli və imkanlı şəxslərn özlərinə dəbdəbəli toy, ailə üzvlərinə təmtəraqlı ad günü mərasimləri keçirməsini sərt tənqid etmişdi. Bunun ardınca isə yerli "şeyxlərimiz"in məlum mərasimləri nisbətən səngimişdi.
Halbuki həmin vaxtadək bizim oliqarxların toy cah-cəlalına, ad günü təmtəraqlarına dünyanın ən zənginləri belə həsəd apara bilərdilər. Bu mərasimlərə planetin ən tanınmış musiqi ulduzları həm də fantastik qiymətə dəvət olunur, süfrələrdəki təamlar isə dünyanın dörd bir tərəfindən gətirilirdi. Hələ toy konvoylarını demirik.
Amma ölkə başçısının xəbərdarlığından sonra yerli "şeyxlərimiz" bu cür dəbdəbə və təntənədən uzaq durmağa, özlərini hədəfə çevirməməyə başladılar. Hər halda biz belə hesab edirdik.
İndi isə belə məlum olur ki, onlar vəziyyətdən özünəməxsus çıxış yolu tapıblar, təmtəraqlı toy mərasimlərini ölkədən kənara daşıyıblar. Görünür, düşünürlər ki, gözdən uzaqda bu cür zəngin tədbirlər keçirmək daha təhlükəsizdir və onları hər hansı bir qəzəbə gəlməkdən xilas edir.
Ancaq görünən odur ki, Türkiyədə və Avropanın digər yerlərindəki dəbdəbəli toyları da gizli saxlamaq mümkün olmur, oliqarxlarımızın bu "fəndinin" də üstü əvvəl-axır açılır. Belədə isə onların özlərini necə "təmizə çıxarmağa" çalışacaqları maraq doğurur.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53