Cahangir Hacıyevin payladığı qanunsuz kreditlərlə bağlı şok təfərrüatlar
08:17 01-10-2015
İQTİSADİYYAT
Beynəlxalq Bankla iş adamları arasında sövdələşmənin yeni gizli detalları!
"Azərbaycan Beynəlxalq Bankına küllü miqdarda borclarının olmasına görə həbs edilən iş adamlarından heç biri aldığı milyonlarla manat kreditin qarşılığında banka girov qoymayıb. Hazırda həmin şəxslərə saxlandıqları istintaq təcridxanalarında girov haqqında sənədlər imzalatdırılır." Bunu vəkil Kamandar Nəsibov deyib.
Onun sözlərinə görə, həmin iş adamlarının girov müqavilələrini indi imzalamasına səbəb biznesmenlərin əvvəllər heç bir mal-mülkünün olmaması, bankdan kredit götürdükdən sonra özlərinə şirkət qurmalarıdır: "Məsələn Adil Mikayılovun əvvəllər heç bir biznesi olmayıb. O, Beynəlxalq Bankdan külli miqdarda pul götürüb və küləklə işləyən alternativ enerji mənbəyinə sərmayə yatırıb. Hazırda bank həmin şəxsin obyektlərini 70 milyon manat dəyərində qiymətləndirib və ona girov müqaviləsi imzalatdırıb. Oxşar hal digər bir həbsdə olan iş adamı Ratmir Bəkirova da aiddir. Onun da əvvəllər girov qoymağa heç bir mülkü olmadığı halda bank ona külli miqdarda pul verib. R. Bəkirov da həmin pullarla tikinti şirkəti qurub. Hazırda onun da şirkətləri qiymətləndirilib və o, 40 milyon dollarlıq girov müqaviləsi imzalayıb."
318 milyon dolları mənimsəməkdə ittiham olunan mərhum polkovnik Fətullah Hüseynovun oğlu Adil Hüseynovun isə vəziyyəti biraz fərqlidir. Vəkilin sözlərinə görə, o, Beynəlxalq Banka kredit götürərkən girov haqqında bütün sənədləri təqdim edib. "Lakin burada diqqət çəkən bir məqam Adil Hüseynovun girov haqqında sənədlərinin sadəcə 10%-i özünə məxsus şirkətlər hesabına təmin olunub. Qalan hissəsi isə xaricdə biznes fəaliyyəti ilə məşğul olan Xəqani Bəşirovun şirkətlərindən verilən etibarnamə əsasında təmin olunub",-deyə Kamandar Nəsibov bildirib.
Adil Hüseynova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İqtisadçı ekspert Nicat Hacızadə böyük məbləğdə kreditin girovsuz verilməsinin qeyri-qanuni olduğunu deyir. Onun sözlərinə görə, milyonlarla manat krediti verən bank öncə girov haqqında sənədləri tələb etməlidir. "Qoyulan girovun miqdarı bankın risklərdən qaçması üçün götürülən məbləğdən daha çox olmalıdır. Bu məsələdə Milli Bank da digər maliyyə qurumlarına nəzarət həyata keçirməlidir."
Həbsdə olan oliqarxların girov müqavilələrini təcridxanada imzalaması məsələsi ilə Beynəlxalq Bankın mətbuat xidmətindən bildirdilər ki, bu işi Daxili İşlər Nazirliyi araşdırır və bank bu barədə heç bir məlumata sahib deyil.
Deyilənlərdən belə aydın olur ki, kifayət qədər böyük məbləğdə qanunsuz kreditlərin verilməsində Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin məsuliyyəti kifayət qədər böyükdür. Hər halda heç bir girov qarşılığı olmadan fantastik rəqəmlərlə müşaiyət olunan kreditlərin verilməsinin Hacıyevdən xəbərsiz gerçəkləşdiyinə inanmaq nəinki çətindir, hətta mümkün deyil. Bu isə sabiq bank rəhbərinin özünün də proseslərin sonrakı inkişafından asılı olaraq, hüquqi məsuliyyətə cəlb edilmə ehtimalını daha da artırır.
Xatırladaq ki, bu ilin may ayında Azərbaycanda bir sıra iş adamı həbs edilib. Tutulan biznesmenlər arasında "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmli, neft oliqarxı, "PNN Group"un təsisçisi, Azərbaycanda "KFC" restoranlar şəbəkəsinin qurucusu Nizami Piriyev, "Globus Plaza"nın sahibi, eks-deputat Dünyamin Xəlilov, "Azİmport" şirkətinin rəhbəri, Dövlət Bayrağı Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədov kimi tanınmış şəxslər də vardı.
Beynəlxalq Bankdan götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılan iş adamlarından 43-ü sonradan borcunu qaytardığına görə sərbəst buraxılıb.
Sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir. Onlar arasında elələri var ki, Beynəlxalq Banka 310 milyon manatadək kredit borcu var.
Həbs edilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilmiş və onların haqqında 4 aylıq həbs qətiimkan tədbiri seçilmişdir.
4 aylıq həbs qətiimkan tədbiri seçilən biznesmenlərdən bəzilərinin həbs müddəti bitdiyi üçün onların dustaqlıq müddəti uzadılıb.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52