"Seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar keçirildi
12:00 03-10-2015
İQTİSADİYYAT
Əli Həsənov: "Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin"
Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda seminar keçirilib.
Seminarda MSK sədri Məzahir Pənahov, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, KİV rəhbərləri, MSK üzvləri iştirak ediblər.
Seminarda çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bu, Ə. Həsənovun təşəbbüsü ilə belə formatda keçirilən ilk tədbirdir. MSK sədri bildirib ki, mətbuatla həmişə açıq işləməyə çalışıblar: "Biz həm yerli, həm də beynəlxalq mətbuat orqanlarının tədbirlərimizdə yaxından iştirak etməsini istəyirik. İstəyirik ki, seçkilərdə Azərbaycan xalqının iradəsinin ortada olması ilə bağlı heç bir şübhə yeri qalmasın. Şərait yaratmışıq ki, KİV nümayəndələri sadəcə jurnalist vəsiqələri ilə seçki prosesində əvvəldən axıra kimi iştirak etsinlər. Şərait yaratmalıyıq ki, hər kəs iradəsini ortaya qoysun. Seçkinin missiyası odur ki, çoxluğun fikri ortaya qoyulsun. İndiyə qədər seçkilərdə çoxluğun fikrinin ortaya qoyulması baxımından heç bir problem olmayıb".
Heç bir ölkə
nöqsanlardan
sığortalanmayıb
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda azad, plüralist cəmiyyət quruculuğu və bu prosesdə mətbuatın rolu barədə danışıb: "Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru həyata keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azəbaycanda indiyə qədər keçirilən seçkilər demokratik və ədalətli şəkildə keçib". Ə.Həsənov bildirib ki, müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə bu nöqsanlardan sığortalanmayıb, lakin ümumi seçki nəticələrinə görə, bu seçkilər ədalətli, demokratik keçib: "İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb".
Mətbuat haqqında danışan Ə.Həsənov qeyd edib ki, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçki prosesini izləmək hüququna malik olsunlar: "Biz mətbuatı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. Mətbuatın vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının necə olmasını öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mətbuatdır. Bəzən MSK verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma mətbuat bunu obyektiv dəyərləndirir. Bu baxımdan mətbuatın rolu dəyərsizdir. Mətbuat seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, bloklara bərabər şərait yaratmalıdır. Mətbuat KİV haqqında qanun, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralistik siyasətə söykənərək namizədlər üçün bərabər şərait yaratmalıdır".
Dövlətinin imicinin
formalaşmasında KİV-in rolu əvəzsizdir
Ə.Həsənov deyib ki, eyni zamanda mətbuat bir dövlətin imicinin formalaşmasında iştirak edən mühüm vasitədir: "Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-in rolu əvəzsizdir. Bilirsiniz ki, müasir dünyada imic yaratma mexanizmləri, dünyada ictimai rəyi idarəetmə mexanizmləri bəlli mərkəzlər tərəfindən idarə olunur. Yəni dünyada ümumi tendensiya ondan ibarətdir ki, KİV-lər azad olmalıdır, müstəqil olmalıdır, öz siyasətlərini və öz fəaliyyətlərini özləri qurmalıdır. Amma o sirr deyil ki, dünya ölkələrində mövcud olan KİV-lərin idarə edilməsi tendensiyası bütün dövlətlərə məxsusdur. Bütün dövlətlər çalışır ki, onun fəaliyyəti ilə bağlı informasiya yayan, həmin cəmiyyətdə mövcud olan ictimai ovqatı dəyərləndirən və bu haqda məlumat yayan KİV-lər maksimum dərəcədə idarə olunsun".
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti də çalışır ki, KİV-ləri idarə etsin: "Amma nə dərəcədə biz buna nail oluruq, bu idarəçilik onların azadlığına, sərbəstliyinə, onların sərbəst fəaliyyətinə mane olur və ya olmur - onu dəyərləndirmək lazımdır. Dövlətin KİV üzərində müəyyən avtoritet nüfuza malik olması hansı mexanizmlə həyata keçirilir? Dünya ölklərində bunun müxtəlif yolları, vasitələri var. Biz Azərbaycanda KİV-ləri dəstəkləmək xətti götürmüşük. Bilirsiniz ki, dövlət büdcəsindən müəyyən qrantlar, müəyyən bu və ya digər həvəsləndirmələr, jurnalist müsabiqələri keçirmək, birbaşa onların bu və ya digər problemlərinə dövlət yardımı göstərmək xətti ilə həyata keçirir. KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub və ona müvafiq olaraq Fond yaradılıb. Amma heç kim deyə bilməz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin total şəkildə KİV-in fəaliyyətinə müdaxiləsi formasında həyata keçirilir. Azərbaycanda heç kim deyə bilməz ki, onun fəaliyyətini Azərbaycan hakimiyyəti idarə edir və onun bütün jurnalist normalarını, azad jurnalist prisiplərini hakimiyyət müəyyən edir. Amma eyni zamanda, əlbəttə, biz dövlət olaraq bu resursun əhəmiyyətini dəyərləndirərək onlarla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışırıq. Bizim KİV-lərə münasibətlərimizin təməlində tərəfdaşlıq dayanır".
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov onu da deyib ki, Azərbaycanda sosial şəbəkələrdə yaradılan bloqlar hələ KİV statusu almayıb: "Bəzən yazırlar ki, bloqger fəaliyyəti ilə məşğul olan jurnalist həbs olunub. Sabah hər bloq yaradan ortaya çıxacaq ki, mən jurnalistəm. Mətbuat Şurasını biz niyə yaratmışıq? Çünki Azərbaycanda jurnalistləri tanıyan orqan Mətbuat Şurasıdır. Azərbaycanda yerli jurnalistlərin vəsiqəsini tanıyan orqan Mətbuat Şurası, xarici jurnalistləri tanıyan isə Xarici İşlər Nazirliyidir. Azərbaycanda nüfuzlu şəxslər, nazirlərlə bağlı saxta səhifələr yaradılır. Sosial şəbəkəni idarə etmək şəbəkəni yaradanlara da müyəssər olmayıb. İnternetə müdaxilə heç kimə müyəssər olmayıb və biz də belə fikirdə deyilik. Bizim üçün əsas məsələ Azərbaycan xalqının dəyərləndirməsidir. Sosial şəbəkə ilə internet mediasını fərqləndirmək lazımdır. Kimsə internet mediası yaratmaq hüququna malik olmaq, sabah dövlət orqanlarından yardımlar almaq istəyirsə, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməli, Mətbuat Şurası tərəfindən tanınmalıdır".
"Namizədlərin təşviqatı şouya çevrilməsin"
"Televiziya və radio kanallarında parlament seçkilərinə həsr olunmuş ümumi xarakterli verilişlərlə namizədlərin təbliğatına həsr olunmuş verilişlər bir-birindən ayrılmalıdır. Bəzən ümumi xarakterli verilişlərdə namizədlərin təbliğatı ilə bağlı qarışıqlığa yol verilir". Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-nin rolu və vəzifələri" mövzusunda keçirilən seminarda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. N.Məhərrəmli bildirib ki, bəzən namizədlərə təbliğatlarını aparmaq üçün 10 dəqiqədən çox vaxt ayrılır: "Mən bunu düzgün saymıram, seçki qanunvericiliyinə uyğun olaraq normalar müəyyənləşdirilməlidir. Digər tərəfdən, regionlarda televiziya və radio kanallarında namizədlərin təbliğatının aparılması, namizədlərin bu televiziya və radioların imkanlarından istifadə etməsini zəruri sayıram. Digər tərəfdən, namizədlərin təbliğatının şouya çevrilməsinə yol verilməməsi yaxşı olardı".
N.Məhərrəmli son vaxtlar MSK-dan və namizədlərdən televiziya və radio kanalları ilə bağlı MTRŞ-ə şikayət daxil olmadığını nəzərə çatdırıb: "Heç bir telekanaldan tələb edilə bilməz ki, seçkilərin təşviqatı prosesinə daxil olsun, bu, onların öz hüququdur. Bu seçki fürsətindən lazımınca yararlanmağı zəruri sayıram".
"KİV seçkiləri qərəzsiz, ədalətli işıqlandırmalıdır"
"Kütləvi informasiya vasitələri seçkiləri qərəzsiz, ədalətli işıqlandırmalıdırlar. Mətbuat Şurası fəaliyyətində KİV-lərin seçkiləri qərəzsiz, ədalətli işıqlandırmasını diqqət mərkəzində saxlayır". Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri" mövzusunda keçirilən seminarda Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev deyib.
Seçki dövründə media orqanlarının təşviqat kampaniyası ilə bağlı qanunvericiliyin tələblərinə riayət etməsini zəruri sayan U. Mirzəyev bildirib ki, Mətbuat Şurası seçkilər dövründə də monitorinqlər keçirir: "Mətbuat Şurası apardığı monitorinqlər zamanı KİV-də seçkilərlə bağlı məlumatları diqqət mərkəzində saxlanılır, balans prinsipinin pozulması, kontekstdən çıxarılmış fikirlərlə manipulyasiya və digər mənfi hallar nəzərə alınır. Mətbuat Şurasının üzvləri seçki günü də seçki məntəqələrində olur, jurnalistlərə yaradılmış şəraitlə maraqlanırlar. Mətbuat Şurasının üzvləri bu dəfə də seçki günü seçki məntəqələrinə baş çəkəcək, jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayacaq".
Müəyyən dairələrin anti-Azərbaycan kampaniyasına toxunan U. Mirzəyev beynəlxalq aləmdə Azərbaycan xalqının və dövlətinin müsbət imicinin formalaşması istiqamətində mətbuatın fəaliyyətinin önəmli olduğunu qeyd edib.
Z.Məmmədli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52