İş adamları Fazil Məmmədova meydan oxumağa başladılar
14:32 06-10-2015
İQTİSADİYYAT
İri şirkətlər Vergilər Nazirliyini ard-arda məhkəməyə verirlər
Azərbaycanda Vergilər Nazirliyinə qarşı məhkəmə iddiaları sürətlə artır. Ən maraqlısı isə odur ki, son bir neçə ayda Fazil Məmmədovun nazirliyi ilə problemlərini hüquq müstəvisində həll etmək istəyənlərin sayı xeyli artıb.
Sonuncu belə məhkəmə iddiası haqqında dünən məlumat yayılıb. Məlumatda bildirilir ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkəti Vergilər Nazirliyini məhkəməyə verib. Belə ki, "DEMTA lSl VE ENDÜSTRİYEL TESİSLER SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ" Vergilər Nazirliyinin Bakı şəhəri üzrə Vergilər Departamentinə qarşı səyyar vergi yoxlaması aktının və qərarının etibarsız hesab edilməsi barədə iddia tələbi ilə Sumqayıt şəhər İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Hazırda məhkəmədə iddiaya baxılır.
Ümumiyyətlə isə son bir ildə Azərbaycanın özəl sektoru ilə Fazil Məmmədovun rəhbərlik etdiyi qurum arasında faktiki olaraq "məhkəmə müharibəsi" yaşanır.
Məsələn, bu ilin iyulunda Hacı İbrahim Nehrəmlinin (İbrahimovun) "Avesta Konserni" Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər Vergilər Departamentini məhkəməyə verib. Şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Vergi borcunun məbləği açıqlanmayıb.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən həmin vaxt bildirilib ki, "Avesta Konserni" MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirmişdi və hazırda məhkəmə çəkişməsi davam edir".
Ötən ay isə "Zövq MTB" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsini məhkəməyə verib. MMC idarənin qəbul etdiyi aktın və qərarın ləğv edilməsini tələb edib.
Yenə bu ilin avqustunda məlum olub ki, "Evro Stroy-S" MMC tikinti şirkəti Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət nazirliyin müfəttişinin 631 min manatlıq cərimə sanksiyasının ləğv olunmasını tələb edib.
Nazirliyin müfəttişi sanksiya sənədini 2014-cü il fevralın 19-da imzalayıb. "Evro Stroy-S" MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə şirkətin iddiasını təmin edib.
Sentyabrda isə "NN Təmir Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentini məhkəməyə verib. MMC kameral vergi yoxlamasının nəticələrinin təqdim olunmasını tələb edib.
Qeyd edək ki, bunlar son aylarda Vergilər Nazirliyinə qarşı qaldırılan məhkəmə iddialarının sadəcə bir hissəsidir.
Mövzu ilə bağlı danışan adının açıqlanmasını istəməyən ekspert deyib ki, son bir neçə ayda Vergilər Nazirliyi ilə hüquqi müstəvidə çəkişən şirkətlərin sayının kəskin artması maraq doğurur və ciddi tendensiyadan xəbər verir: "Məsələ burasındadır ki, bu ilin iyulunda ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında vergi sistemi ilə bağlı sərt tənqidi fikirlər söyləyib. Dövlət rəhbəri bildirib ki, ölkədə vergivermə mədəniyyəti tam şəkildə, şəffaf qaydada formalaşmayıb. Prezident əlavə edib ki, Vergilər Nazirliyi Bakıda və rayonlarda haqq qoyur, pay istəyir, "krışalıq" edir: "Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlərsə ki, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə, bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar". Məhz ölkə başçısının Vergilər Nazirliyi ilə bağlı belə bir sərt tənqidi çıxışından sonra bu qurum qarşısında haqqını arayanların məhkəməyə üz tutma presedentinin intensivləşməsi təsadüfi deyil".
Həmsöhbətimiz hesab edir ki, ölkə başçısının məlum çıxışı iş adamlarını Fazil Məmmədov və onun nazirliyinə qarşı cəsarətləndirib: "Vaxtilə hansısa şirkətin Vergilər Nazirliyi ilə məhkəmə davasına çıxması nadir, hətta qeyri-adi hadisə hesab olunurdu. İndi isə bu adət halını alır. Hesab edirəm ki, burada birinci ən önəmli faktor adıçəkilən qurumun artıq prezident səviyyəsində kəskin tənqididir. İkinci amil isə Vergilər Nazirliyinin özəl sektora münasibətinin aşırı aqressivləşməsindən doğur. Dünyadakı və Azərbaycandakı iqtisadi proseslər elə bir vəziyyət yaradıb ki, heç kim əsassız yerə Vergilər Nazirliyinin hər hansı haqsız qərar və aktlarına, cərimə sanksiyalarına tabe olmaq istəmir. İş adamları üçün artıq hər manatın dəyəri var, belədə onlar bütün riskləri göz önünə alırlar ki, Fazil Məmmədovun nazirliyinin yanlış qərarları ucbatından ciddi məbləğdə pullar itirməsinlər".
Ekspert Vergilər Nazirliyi əleyhinə artan məhkəmə iddialarının Fazil Məmmədov üçün yarada biləcəyi təhlükəyə də toxunub: "İlham Əliyevin məlum çıxışından sonra Fazil Məmmədovun adı onsuz da "qara siyahı"da olan nazirlər sırasında hallanır. Getdikcə artan məhkəmə iddiaları sözügedən nazirliyin onsuz da kifayət qədər qaranlıq imicini daha da pisləşdirə və Fazil Məmmədovun əvəzlənməsinin qaçılmaz zərurətə çevrildiyini, Nazirliyin "islah"ına onun rəhbərliyindən başlanılmalı olduğunu aydın şəkildə nümayiş etdirə bilər".
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53