Nazir oğlunun da adının üstündən xətt çəkildi
14:33 06-10-2015
İQTİSADİYYAT
Qolf Federasiyasının prezidenti olan Anar Məmmədova böyük şok!
Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva "Azərsun Holdinq" şirkətinin "Xəyal Adası" layihəsi çərçivəsində bu günlərdə SABİS Sun Beynəlxalq məktəb kompleksi və Qolf klubunun açılışında iştirak ediblər.
"Xəyal Adası"nın Qolf klubuna baxış zamanı məlum olub ki, onun binasında fəaliyyət göstərən mağazada qolf oyunu üçün tələb edilən idman malları var. Qolf oyunçularının fəaliyyət və istirahətləri üçün lazım olan bütün şərait yaradılıb. Müasir səviyyəli kafe-restoranlar qonaqların ixtiyarına veriləcək.
Burada diqqəti çəkən məsələ odur ki, layihənin icra edildiyi məkan dəqiq göstərilmir, ikincisi, Qolf meydançasının açılışında Qolf Federasiyasının prezidenti, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov iştirak etməyib. Bu isə hazırda karyera baxımından ağır günlər yaşayan nazirlə bərabər, onun oğlunun da üzərindən xətt çəkildiyini göstərir.
İstisna deyil ki, yaxın vaxtlarda Anar Məmmədov Qolf Federasiyasının rəhbəri postundan da kənarlaşdırılsın.
Onu da deyək ki, məsələ ilə bağlı Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanovanın dediyinə görə, Qolf klubunun açılışında federasiyanın bütün rəhbərliyi - baş katibi, vitse-prezidentləri və təlimçiləri iştirak edib. Anar Məmmədovun tədbirə qatılmamasının səbəbi isə belə olub: "Qolf Federasiyası bu klubun açılışına yalnız qonaq kimi dəvət olunmuşdu. Bizim işçilər orada iştirak edib və prezident onlarla görüşüb.. Yalnız Anar Məmmədov Azərbaycanda olmadığı üçün tədbirə qatıla bilməyib».
Bu açıqlama səmimi qarşılana bilməz. Nazir oğlu ölkə başçısı və xanımının iştirak etdiyi açılışa istənilən halda qatılmalı idi. Üstəlik, nəzərə alsaq ki, mərasimin vaxtı xeyli əvvəldən məlum olub, onda Anar Məmmədov həqiqətən dəvət edilmişdisə belə, öz qrafikini açılışda iştirak etməyə uyğunlaşdırmaq məcburiyyətində idi. Bu baş verməyibsə, deməli, ya dəvət olmayıb, ya da dəvət olsa da, son anda nazir oğlunun açılış mərasimində iştirakı məqsədəuyğun bilinməyib
Qeyd edək ki, dünən də Ziya Məmmədov ətrafında arzuolunmaz proseslər davam edib. Əvvəlcə məlum olub ki, Bakı dairəvi yolunda ciddi yoxlamalara başlanılıb. Yoxlamalar zamanı yolun standartlara uyğun çəkilib-çəkilmədiyi, ayrılan vəsaitin aidiyyatı üzrə xərclənib-xərclənilmədiyi araşdırılır. Bildirilir ki, yoxlamalara çoxsaylı mütəxəssislər də cəlb olunub. İlkin nəticə odur ki, Bakı dairəvi yolunun çəkilişi zamanı yeyintilərə yol verilib. Bu isə Ziya Məmmədova əlavə başağrısının yarandığını deməyə əsas verir.
Başqa bir məlumata görə isə Ziya Məmmədovun qardaşı Loğman Məmmədov işdən çıxarılıb.
Loğman Məmmədov Nəqliyyat Nazirliyinin ən böyük avtobazalarından birinə rəhbərlik edib. Məlumata görə, Loğman Məmmədov təqaüd yaşı çatdığı üçün işdən çıxarılıb. O, Ziya Məmmədovun böyük qardaşıdır.
Onu da qeyd edək ki, nəqliyyat naziri bir müddət əvvəl Loğman Məmmədovun oğlu Rövşən Məmmədovu işdən çıxarmışdı. Rövşən Məmmədov "Bakı Sərnişin Nəqliyyatı" MMC-nin rəisi vəzifəsində çalışırdı.
Bildirək ki, iki gün əvvəl nəqliyyat naziri Ziya Məmmədovun bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılsa da, həmin məktəbdən bu xəbər təkzib olunub...
Dünən həmçinin Ziya Məmmədovun başqa bir qardaşı, deputat Elton Məmmədov eyhamlı açıqlamalarla çıxış edib. O, qardaşı Loğman Məmmədov və bacısı Məhbubə Məmmədovun işdən çıxarıldığına dair xəbərləri yalanlayaraq, «Bu yalan xəbərləri yazanların kim olduğunu siz də, xalq da yaxşı bilir. Onlar Məmmədovlara qarşı yox, dövlətə, Azərbaycana qarşı bu addımı atırlar» deyə bildirib. E. Məmmədov konkret kimləri nəzərdə tutulduğunu açıqlamayıb.
O daha sonra deyib ki, Ziya Məmmədov prezidentin sərəncamı ilə nəqliyyat naziri vəzifəsinə təyin olunub və hazırda əmək məzuniyyətindədir: «Ziya Məmmədov da, onun yaxınları da dövlətə, xalqa, prezidentə sadiq insanlardır. Ancaq ölkədə çaxnaşma yaratmaq, sabitliyi pozmaq istəyənlər bu yalan xəbərləri yayırlar".
E.Məmmədov deyib ki, hər kəs ölkəsində əmin-amanlıq olmasını arzulayır: "Ancaq sifarişlə bunu yazanlar sabitliyi pozmağa çalışır. Bu cür yalanları yazmaqla insanların əsəbləri ilə oynamasınlar. Çox təəssüflər olsun ki, bəziləri belə səhv məlumatlarla narahatlıq yaradırlar. Biz Heydər Əliyevdən əmanət qalmış dövlətin vətəndaşlarıyıq. Enişli-yoxuşlu yollardan keçmişik, onlar dərk etməlidirlər ki, bu cür yalanlar hamımıza ziyandır".
Qeyd edək ki, Elton Məmmədovun bu açıqlamaları Ziya Məmmədov cəbhəsindən nəqliyyat naziri və ətrafı ilə bağlı ardı-arası kəsilməyən xəbərlərə ilk sərt reaksiya hesab oluna bilər. Məmmədovlar indiyədək belə xəbərlərə mümkün qədər ehtiyatla reaksiya verirdilər.
Amma indi belə görünür, artıq Ziya Məmmədov və çevrəsi aktiv müqavimətə hazırlaşır. Bunun isə nəqliyyat nazirinin onsuz da mürəkkəb olan durumunu daha da ağırlaşdıracağı ehtimalı böyükdür.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53