Obamanın "ədalət"inə tapınanlar üçün zəruri xatırlatma
14:34 06-10-2015
İQTİSADİYYAT
Qaradərili prezidentdən "ağ atlı oğlan" düzəldənlərə ithaf olunur...
Azərbaycanda müxalifətçilik fəlsəfəsinin kökündə dayanan ciddi yanlışlardan biri və bəlkə də birincisi xaricdən nicat gözləməkdir. Xalq hərəkatı dalğasında siyasətə atılan, hazırda siyasi ömürlərinin sonuncu payızını yaşayan ənənəvi müxalifətin iflas səbəblərindən biri də məhz buydu – daxili ictimai rəyi nəzərə almadan, yalnız beynəlxalq dəstək axtarmaq.Bunun isə acı sonluğu göz önündədir: xalq onu hesaba almayan müxalifəti tarixin arxivinə yollamaqdadır.
Amma görünən odur ki, ənənəvi müxalifətçilər baş verənlərdən hələ də lazımi nəticəni çıxartmayıb. Onlar hələ də okeanın o tayından gələcək "ağ atlı oğlan"ın intizarındadır. Onlar bu dəfə "ağ atlı oğlan" obrazını ABŞ-ın qaradərili prezidenti Barak Obamaya layiq görüblər. İndi isə məsələnin təfərrüatlarına keçək...
Bu günlərdə bütün dünyanın diqqəti okeanın o tayına, Birləşmiş Millətlər Təşkilatının toplantısına yönəlmişdi. Xüsusilə həmin toplantı çərçivəsində Birləşmiş Ştatlar prezidenti Barak Obamanın BMT Assambleyasındakı çıxışı diqqətlə izlənilirdi. Gözlənilirdi ki, Ağ Ev rəhbəri dünyanın ən nüfuzlu təşkilatı sayılan BMT tribunasından çıxışı zamanı əsas diqqəti regional münaqişələr və onların həlli yolları, həmçinin bəşəriyyəti narahat edən başlıca problemlərə yönəldəcək. Ancaq gözlənildiyindən fərqli olaraq Barak Obama çıxışının əsas məğzini sırf ABŞ-ın strateji işğalçılıq maraqları üzərində qurdu. Eyni zamanda Ağ Ev rəhbərinin çıxışından o da məlum oldu ki, Birləşmiş Ştatlar bundan sonra da bir sıra ölkələrə demokratiya adı altında fəlakətlər gətirmək istəyində israrlıdır.
Qeyd edək ki, Birləşmiş Ştatlar prezidentinin BMT Assambleyasındakı çıxışı hər bir ölkə kimi Azərbaycanda da diqqətlə izlənildi, mətbuatımızın, insanlarımızın diqqət mərkəzində oldu. Çıxışı zamanı diktator adlandırdığı rejimlərlə bağlı bir neçə dəfə təkrar-təkrar fikir bildirən Birləşmiş Ştatlar prezidenti Barak Obama nədənsə, Amerika ordusunun İraqda qətlə yetirdiyi yüz minlərlə insandan, Əfqanıstan, Pakistanda "təsadüfi" bombardmanlarda öldürülmüş insanların aqibətindən bir kəlmə də olsun danışmadı. Bir də axı Obama hansı diktatorlardan danışır və ya danışmağa haqqı çatır? Yaxın keçmişə qədər Qəddafi, Hüsnü Mübarək, Ben Ali, Bəşər Əsəd və digərləri ilə iş birliyində olan, Amerika Administrasiyası deyildimi ? İŞİD-i qurub yaradıb dünyaya təqdim edən, onlara silah yardımı edən Amerika administrasiyası deyilmi?.
Azərbaycanda bəzilərinin Obamanın bu çıxışının təsiri altında sevincək olması isə yalnız təəssüf doğurur. Bu adamlar ya doğurdan da məlumatsızdırlar, ya da ölkəmizin Suriya, İraq, Liviya, Əfqanıstan, Misirdə olduğu kimi qan gölünə çevrilməsini istəyirlər. Yaxud da ərəb ölkələrində baş verənlərin Birləşmiş Ştatların iradəsindən kənar baş verdiyini düşünəcək qədər sadəlövhdürlər? Bu adamlar Afrikada müxalifəti, iqtidarı silahlandırıb bir-birinə qırdırıb, zəngin Afrikanı "sümürən", ac, səfalət içərisində saxlayanların məhz imperialistlərin olduğunu bilmirlərmi?"
Birləşmiş Ştatlar bu günə qədər silah monopolistləri, insan alverinə, narkotika mafiyasına rəhbərlik edənlər tərəfindən idarə olunur. Məhz ona görə də məktəbdə şagirdlərin bir- birilərini güllələməsindən sonra Barak Obamanın "silah alverinə son qoyacağıq" bəyanatının nəticəsi olmadı. Ağ Ev rəhbəri etiraf etdi ki, silah monopolistləri ilə bacara bilmədi. Başqalarına demokratiya dərsi keçməyə cəhd edən Obamanın ölkəsində rüşvət qanuniləşdirilib və neftlə zəngin ölkələrin məmurları "lobbiçilik" adı altında məhz bu ölkənin məmurlarına hər il milyonlarla dollar məbləğində rüşvət verirlər. Yalnız Afrika qitəsinin səfalət içərisində olması, hər gün minlərlə körpənin aclıqdan ölməsi faktı Amerikanın "ədalətini" gözlər önünə qoyur. Başqa şeydən danışmağa onsuz da gərək qalmır.
ABŞ-ın "ədaləti"nə tapınanlara isə daha bir xatırlatma verək. Bu günlərdə ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta ilə görüşən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanın işğal olunan ərazilərində fəaliyyət göstərən ABŞ şirkətlərinin siyahısını səfirə təqdim edib. Nazir bunun yolverilməz olduğunu vurğulayıb, ABŞ hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu qeyd edib.
Bax, budur ABŞ "ədalət"i, budur Obamanın "demokratiya təəssübü"....
Orxan
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52