Milli Məclisdə 34 qanuna əlavə və dəyişiklik edildi
11:46 07-10-2015
İQTİSADİYYAT
Azərbaycanda dövlət sirri ilə işləməyə icazəsi olmayanları bu sahədə vəzifəyə təyin edənlər cəzalandırılacaq
Azərbaycan Milli Məclisin növbəti plenar iclası keçirilib. Gündəliyə 34 məsələ daxil edilib. Müzakirə edilən məsələlərə bir sıra qanun layihələrinə dəyişiklik edilməsi, Azərbaycanla bir sıra ölkələr arasında hökumətlərarası sazişlərin təsdiq edilməsi nəzərtə tutulurdu.
Milli Məclisin plenar iclasında "Müflisləşmə və iflas haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanuna yeni bəndin əlavə olunması təklif edilir. Komitə sədri əlavə edib ki, bu dəyişiklik Azərbaycanda investisiya və sığorta bazarının inkişafı ilə əlaqədardır: "Yeni maddəyə əsasən, səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq "İnvestisiya fondları haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunların tələbləri nəzərə alınmaqla müflis elan edilir". Bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Sənəd Azərbaycan Mərkəzi Bankına şamil edilmir. Qanunda istifadə edilən "borclu" anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir.
Qeyd edək ki, bu dəyişiklik "Müflisləşmə və iflas haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikası qanunları arasında olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır. Sənəd səsə qoyularaq qəbul edilib. "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Saziş iki ölkə arasında müvafiq əraziləri və ərazilərindən kənarda hava əlaqəsini yaratmaq məqsədilə imzalanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Banklar haqqında
qanuna dəyişiklik
"Banklar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, mövcud qanuna bank aktivlərinin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməsi ilə bağlı yeni bəndin əlavə olunması təklif edilir. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir. Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb. Qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.
Qeyd edək ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Vəzifəli şəxslər
cərimələnəcək
Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Rəfael Cəbrayılov deyib ki, İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir. Dəyişikliyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
"Dini təşkilatlardan ikisi parlament seçkilərini boykot edəcəyini bəyan edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı Ədliyyə Nazirliyinə müraciət etməli və həmin dini təşkilatların qeydiyyatı ləğv olunmalıdır". Bunu Milli Məclisin plenar iclasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərlə bağlı aparılan müzakirə zamanı millət vəkili Qüdrət Həsənquliyev söyləyib. Q.Həsənquliyev deyib ki, Dövlət Komitəsinə qanunla belə dini təşkilatların qeydiyyatını ləğv etmək səlahiyyəti verilməlidir.
Azərbaycanda avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər cərimələnəcəklər. Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişik edilib. Dəyişikliyə əsasən avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
"Elm haqqında" qanun layihəsi ilə bağlı təklif
Milli Məclisdə "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə qanununun layihəsi müzakirə edilib. Parlamentin Elm və təhsil Komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirilib ki, dəyişikliyə əsasən, magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda yaradıla bilər. O qeyd edib ki, dəyişiklik elm və təhsil sahəsində inteqrasiyanı təmin etmək məqsədi ilə magistratura səviyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda da yaradılmasını nəzərdə tutur.
"Artıq belə təcrübə var. AMEA belə təşəbbüslə çıxış edib və görürük ki, gözəl nəticə əldə olunub. Bu məsələ gözəl qarşılanıb, komitədə müzakirə edilib". Deputat, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, artıq bu il ölkə başçısının dəstəyi ilə TQDK tərəfindən AMEA-da magistraturasına qəbul aparılıb və müxtəlif institutlarda tədris başlayıb. "Akademiyanın böyük elmi texniki bazası, labaratoriyası var və magistratura təhsilinə akademiya layiqincə töhfə verəcək. Təklif edirəm ki, Təhsil haqqında" qanuna edilən bu dəyişiklik "Elm haqqında" qanuna da edilsin. Düzdür, "Elm haqqında" qanunda bu haqda bildirilib, amma bu o qədər də açıq və konkret qeyd edilməyib. Ona görə bu dəyişikliyin gələcəkdə müzakirəyə çıxaracağımız "Elm haqqında" qanuna da edilməsi zəruridir". Qanun layihəsinə edilən dəyişiklik qəbul olunub.
Polisin vəzifələrinin miqyası genişləndirildi
İclasda "Polis haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. "Polis haqqında" qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq. Dəyişiklik səsə qoyularaq qəbul edilib.
İclasda "İnvestisiya fondları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "İnvestisiya fondları haqqında" Qanunun 46.25-ci maddəsinə yeni əlavələr təklif olunub. Yeni əlavəyə əsasən, səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması onun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək. Sənəd səsə qoyularaq qəbul edilib.
Milli Məclisdə mal-qara müzakirəsi
"Torpaqlar özəlləşdirilib, magistral yollarla camaat mal-qarasını arandan yaylağa necə aparmalıdır? Yardımlıda, Masallıda, Şamaxıda insanlar hələ də mal-qarasını arana, yaylağa aparır. Hər dəfə mal-qaranı aran və yaylağa aparan insanlarla yerli sakinlər, icra qurumları arasında mübahisə yaranır". Bunu Milli Məclisdə "Yol hərəkəti haqqında" qanuna dəyişikliklər müzakirə edilərkən millət vəkili Sabir Rüstəmxanlı söyləyib.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinin qadağan olunması əksini tapıb.
Millət vəkili İlham Əliyev də magistral avtomobil yollarında mal-qara üçün keçidlərin yaşayış məntəqələrindən uzaqda yerləşdirilməsindən söz açıb. O qeyd edib ki, Bakı-Qazax yolunda, xüsusən yolun Kürdəmirdən keçən hissəsində sürət həddi tez-tez aşağı salınır: "Tutaq ki, yolun kənarında 5-6 ev var, sürət həddi buna görə birdən saatda 50 km-ə endirilir. Magistral yolda sürət həddinin qəfil belə aşağı endirilməsinin özü də qəza hallarına yol açır". Millət vəkili Elmira Axundova isə qanunların qəbul edilməsinə baxmayaraq, hələ də magistral yollarda mal-qaranın hərəkətinə tez-tez rast gəlindiyini söyləyib. Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Milli Məclisin (MM) plenar iclasında "Özəl tibb fəaliyyəti haqqında" qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Qanunun 4-cü maddəsinə əlavə edilən dəyişikliyə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. Qanunun 16-cı maddəsinə əlavə edilən bəndə görə, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərilməlidir. Dəyişiklik səsə qoyularaq qəbul edilib.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20