Müxalifətin məcburi mitinq qərarı
10:10 08-10-2015
İQTİSADİYYAT
Müsavat Partiyası oktyabrın 25-nə aksiya təyin etdi, amma iflas qaçılmazdır
Azərbaycanın ən yeni tarixində müxalifətin ən passiv olduğu seçki ilini müşahidə edirik. Doğrudan da radikal müxalifət builki seçkilərdəki qədər dağınıq, pessimist və ümidsiz olmamışdı. Elə bunun nəticəsdir ki, düşərgənin müəyyən kəsimi ümumiyyətlə seçkilərə qatılmaqdan imtina etdi-bunu əlavə xərc, məğlubiyyətin labüd olduğu lüzumsuz yarış hesab etdiyindən.
Amma müxalifət düşərgəsinin bir qismi seçki yarışına qıtılıb. Onların ən parlaq təmsilçisi kimi Müsavat Partiyasını göstərmək olar. Hər halda etiraf olunmalıdır ki, Müsavat AXCP və digərlərindən fərqli olaraq gücünü nə qədər itirsə də hələ ayaqda dayanmağı bacarıb. Partiyanın seçkilərə qatılması isə seçkidən hansısa ciddi nəticələr əldə etmək inamından daha çox cəmiyyətə "hələ mən də varam" mesajını verməkdir. Müsavatın oktyabrın 25-nə təyin etdiyi mitinq də məhz bu məqsədə hesablanıb.
Məlumat üçün bildirək ki, dünən Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda müzakirə olunan məsələlərdən biri də kütləvi aksiyaların keçirilməsi olub və oktyabrın 25-də Məhsul stadionunda mitinq keçirilməsi qərara alınıb. Parlament seçkiləri öncəsi görüş-mitinqinin keçirilməsi ilə bağlı partiya Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət ünvanlayıb. Mitinqin şüarı isə azad seçkilər olacaq. Mitinqə digər siyasi təşkilatların dəvət edilib-edilməməsi mitinqin vaxtına az qalmış bəlli olacaq.
Bəribaşdan iddia etmək olar ki, Müsavatın bu mitinqi heç nəylə yadda qalmayacaq və acınacaqlı mitinqlər mənzərəsinin növbəti epizodlarından biri olacaq. Bununla belə Müsavat Partiyası mitinq qərarını verməyə məcbur idi, çünki o öz mövcudiyyətini cəmiyyətə məhz bu yolla çatdıra biləcəyinin fərqindədir. Bununla belə gözlənilən aksiyaya vətəndaş biganəliyi indidən bəllidir. Xalqın müxalifətə dəstək vermədiyi aydın məsələdir, səbəbləri də bəllidir.
Əvvəla, ölkədə son illər müşahidə olunan sosial-iqtisadi islahatlar narazı kəsimi xeyli azaldıb. Bu da avtomatik olaraq protest elektoratının azalmasına səbəb olub. Bu obyektiv səbəbdir. Ancaq müxalifətin düşdüyü durumun subyektiv səbəbləri də var. Ənənəvi müxalifət partiyalarının özləri bu duruma düşüblər. 1993-cü ildən davam edən mövqe savaşı, mehriban düşmənçilik AXCP ilə Müsavatı 2000-ci ildə qatı düşmənə çevirdi. Tərəflər bütün resurslarını biri-birinə qarşı savaşa həsr etdilər. O zaman radikal müxalifət Müsavat olduğu üçün İsa Qəmbər, Arif Hacılı, Rauf Arifoğlu destruktiv mövqedə idi və bütün təbliğati imkanlar AXCP-nin dağıdılmasına yönəldi. Müsavatın AXCP-yə nifrəti o həddə idi ki, hətta Əli Kərimlini müxalifətdən tam dışlayıb onun siyasi karyerasını məhv etməyə başladılar. Ancaq 2003-cü ildən situasiya dəyişdi. AXCP parlamentdə təmsil oluna-oluna müxalifət daxilində mövqelərini gücləndirdi. 2003-cü ildə AMİP-ə assisentlik edən AXCP 2005-ci ildə artıq ana müxalifət olmuşdu. Müsavat isə öz növbəsində zəifləyib mövqelərini itirmiş, 2006-cı ilin fevralında parlamentə getməklə radikal müxalifət daxilində təklənmişdi. Meydan və söz sahibi AXCP idi. AXCP sədri də İsa Qəmbərdən fərqli davranıb ortaya siyasi mədəniyyət nümunəsi qoya bilmədi. Siyasi didişmədə öndə olmaq, ana müxalifət mövqeyini qorumaq və ən əsası qisasçılıq hissi AXCP sədrini yanlış qərarlar veməyə sövq etdi. 2005-ci ilin noyabrından AXCP sədrinin əsas məqsədi yalnız Müsavat partiyasının dağıtmaq, İsa Qəmbərin sosial bazasına yiyələnmək idi. Müsavat onsuz da obyektiv səbəblərdən dağılırdı. Partiyada iki il bundan öncə başlanmış başqan dəyişikliyi prosesi təşkilatın tamamilə zəifləməsi ilə sonuclanıb. İsa Qəmbər postunu Arif Hacılıya verib. Xaraktercə çılğın Hacılını partiyada əhəmiyyətli kəsim qəbul etmir. Onların böyük hissəsi artıq təşkilati olaraq Müsavatdan ayrılıblar.
İndi seçkiləri boykot etmiş AXCP-nin seçkilərə qatılan Müsavatın aksiyasına dəstək verəcəyini gözləmək sadəlöhvlük olardı. Əksinə AXCP bütün arsenalını işə salaraq müsavatın mitinqinin sönük alınmasına çalışacaq ki, düşərgədə "tək gücün" özü olduğunu isbatlasın. Amma unudulmamalıdır ki, bu da özünüaldatmadan başqa heç nə deyil. Çünki bu gün hətta AXCP də mitinq keçirməyə təşəbbüs göstərsə meydana 200-dən artıq adam çıxara bilməyəcək. Bu isə artıq iflasdır və bu iflasın səbəblərini müxalifət yalnız özündə axtarmalıdır.
Orxan
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53