ABŞ-da prezident seçkisi: şou başlayır
10:11 08-10-2015
İQTİSADİYYAT
Barak Obamanın iştirak etməməsi prosesə marağı daha da artırır
ABŞ-da növbəti prezident seçkilərinə bir ildən artıq vaxt qalsa da, seçkiqabağı təbliğat kampaniyası artıq start götürüb. 2016-cı ilin 8 noyabr tarixində keçiriləcək növbəti prezident seçkilərinin əvvəlkilərə nisbətən daha rəngarəng olacağını indidən demək olar.
Budəfəki seçkilərdə ABŞ qanunvericiliyinin tələblərinə əsasən Barak Obamanın iştirak etməməsi prosesə marağı daha da artırır. Artıq ABŞ siyasi arenasının əsas partiyaları olan Demokrat və Respublikaçı partiyalarından, həmçinin müstəqil və digər siyasi partiyalardan onlarla tanınmış şəxs prezident kürsüsü uğrunda mübarizəyə qatılacağını açıqlayıblar.
ABŞ-da çoxdandır formalaşmış siyasi ənənəyə uyğun olaraq prezident seçkilərində əsas rəqiblər Respublikaçı və Demokratlar partiyalarının namizədləri olurlar. Hər bir partiya adından seçkidə iştirak edəcək namizədlər özləri də səsvermə yolu ilə müəyyən edilirlər. Buna görə "praymeriz" adlanan bu proses bir növ prezident seçkilərinin ilkin mərhələsi kimi qəbul olunur.
Demokratlar partiyasından çoxlu sayda siyasətçi namizədliyini irəli sürsə də, aparılan sosioloji sorğuların nəticələri göstərir ki, keçmiş birinci ledi və keçmiş dövlət katibi Hilları Klinton populyarlığına görə digər rəqiblərini üstələyir. Klintonun seçki kapmaniyasına toplanan ianələrin miqdarı da digər namizədlərlə müqayisədə qat-qat artıqdır və bir milyard dolları artıq keçib. Demokratlar partiyasından məhz Hillari Klintonun namizədliyinin irəli sürüləcəyini əminliklə demək olar.
Qeyd edək ki, 1993-2001-ci illərdə ABŞ prezidenti olmuş Bill Klintonun xanımı Hillari Klinton hazırkı prezident Barak Obamanın ilk dəfə Demokratlar partiyasından namizədlik uğrunda mübarizəsində əsas rəqibi olub. Obama prezident seçildikdən sonra Klintonu dövlət katibi təyin edib və keçmiş birinci xanım dörd il müddətində Amerikanın xarici siyasətinə rəhbərlik edib. Obamanın budəfəki seçilərdə məhz Hillari Klintona dəstək verməsi Demokratlar partiyasından namizədliyini irəli sürən hazırkı vitse-prezident Co Baydenin uğur qazanma şanslarını azaldıb.
Demokratların vahid namizədinin artıq müəyyən edildiyini demək mümkün olsa da, Respublikaçılar partiyası barədə oxşar proqnoz verilməsi hələ ki, mümkün deyil. Hələlik Respublikaçılardan 12 nəfər prezident seçilmək istədiyini rəsmi bəyan etsə də onlar arasında daha populyar dörd namizədin adını çəkmək olar. Özünün ekssentrik hərəkətləri, "Namizəd" şousundakı aparıcılığı, populist çıxışları ilə tanınmış milyarder Donald Tramp, Florida ştatının keçmiş qubernatoru, ABŞ-ın 41-ci prezidentinin oğlu və 43-cü prezidentinin qardaşı Ceb Buş, Florida ştatının senatoru Marko Rubio və Texas ştatının senatoru Ted Kruz digər namizədlərlə müqayisədə daha şanslı görünürlər.
Bir sıra təhlilçilər qeyd edirlər ki, Respublikaçıların növbəti namizədi böyük maliyyə və inzibati resurslara malik Buş ailəsinin nümayəndəsi Ceb Buş olacaq və prezidentlik uğrunda mübarizə də məhz Klintonla Buş arasında baş tutacaq. Ceb Buşun şansına kölgə salan əsas məqam ABŞ-ın 43-cü prezidentinin qardaşı Corc Buşun fəaliyyəti dövrünün hazırda ciddi tənqid olunmasıdır. Keçmiş prezident İraq və Əfqanıstan kampaniyalarına görə tənqid olunur, bu müharibələrin heç bir nəticə vermədiyini, Birləşmiş Ştatların büdcəsinə yük olduğu kimi iddialar irəli sürürlər.
Milliyarder Donald Tramp da seçki kampaniyasına kifayət qədər uğurlu başlayıb. Onun populyarlıq göstəriciləri Ceb Buşdan heç də geri qalmasa da, elektoratın bu şəxsə ciddi fiqur kimi yanaşmadığını və bu səbəbdən Trampın uğuruna inamın az olması barədə fikirlər irəli sürülür. Həmçinin Trampın Klintonla mübarizədə kifayət qədər aciz görünəcəyini nəzərə alaraq, Respublikaçıların bu namizədə üstünlük verməyəcəyini ehtimal etmək olar. Bununla belə, 1981-ci ildə aktyor Ronald Reyqanı prezident, 2003-cü ildə kinoaktyor Arnold Şvartsnegeri Kaliforniya ştatının qubernatoru seçən ABŞ elektoratının Trampa üstünlük verəcəyini istisna etmək də olmaz.
Respublikaçıların digər mümkün namizədi əslən kubalı olan Florida ştatının senatoru Marko Rubiodur. Rubio siyasətdə yeni və güclü sima kimi parlayır, populyarlığı digər iki namizəddən geri qalmır və əsas çıxışlarını seçilmiş namizəd kimi Obama və Klintonun tənqidi üzərində qurur.
ABŞ siyasətindəki bəzi qanunauyğunluqları nəzərə alsaq, ehtimal etmək olar ki, budəfəki prezident məhz Respublikaçılar partiyasından seçiləcək. Baxmayaraq ki, Demokratlar Hillari Klinton kimi güclü namizədlə çıxış edir. Hillari Klintonun şansını artıran əsas faktor ilk qadın prezident kimi tarixə düşmə ehtimalıdır. Necə ki, Obama ilk qaradərili prezident seçilməklə Birləşmiş Ştatlarda "demokratiyanın inkişafının səviyyəsi"ni dünyaya nümayiş etdirdi. Bu mənada ABŞ-ın Kuba ilə uzun illər düşmənçilik siyasəti aparmasına baxmayaraq əslən kubalı olan Rubionun prezident seçilmə ehtimalı da yüksəkdir.
Respublikaçıların qələbə qazanacağını deməyə əsas verən amil odur ki, Birləşmiş Ştatlarda adətən iki prezidentlik müddəti bir partiyanın nümayəndəsi tərəfindən tutulursa, növbəti seçkilərdə rəqib partiyanın nümayəndəsi qələbə qazanır. Demokratlar daha çov daxili məsələlərə - iqtisadiyyatın dirçəldilməsi, sosial rifahın yüksəldilməsi və s. kimi məsələlərə diqqət yetirir və xarici siyasətdə hərbi güc tətbiq etməkdən çox, diplomatik səylərə üstünlük verirlər. Respublikaçılar isə bunun tam əksinə, aqressiv xarici siyasəti üstün tuturlar.
Yaxın Şərqdə yaranmış vəziyyəti nəzərə alsaq, hesab etmək olar ki, ABŞ-ın növbəti prezidenti Suriya, İraq və Əfqanıstana hərbi müdaxiləni həyata keçirəcək və buna görə Respublikaçıların nümayəndəsinin prezident seçiləcəyini gözləmək olar.
ABŞ-ın hədəflərini nəzərə alsaq, respublikaçılardan Donald Trampın şanslarının az olduğunu, əsas rəqabətin Ceb Buşla Marko Rubionun arasında gedəcəyini demək olar.
Tofiq Əsgərov
Digər Xəbərlər
2024-11-02 11:36:52
2024-11-01 17:27:07
2024-11-01 16:49:44
2024-11-01 12:25:00
2024-11-01 11:46:52
2024-11-01 10:37:55
2024-11-01 10:11:56
2024-11-01 10:01:35
2024-11-01 09:46:47
2024-11-01 09:17:40
2024-11-01 09:11:32
2024-11-01 09:02:38
2024-10-31 18:05:48
2024-10-31 17:43:00
2024-10-31 15:53:43
2024-10-31 15:16:00
2024-10-31 14:45:09
2024-10-31 12:21:38
2024-10-31 09:30:29