Avtomobil bazarındakı böhran nə vəd edir
10:12 08-10-2015
İQTİSADİYYAT
Bir vaxtların çox gəlirli biznes sahəsi olan maşın alveri yenidən canlanacaqmı?
Avtomobil biznesi təkcə ölkəmizdə yox, bütünlükdə dünyada ən gəlirli biznes sahələrindən hesab olunur. Amma son illər sözügedən sektorda böhran müşahidə olunur və ən pisi də odur ki, böhran ildən ilə dərinləşir. Son zamanlar Azərbaycanda da avtomobil satışı bazarında böhran vəziyyəti yaranıb.
Bəzi mütəxəssislər hazırda maşınların satışlarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə azaldığını, digərləri isə maşın bazarının 50% boşaldığını deyirlər. Dövlət Gömrük Komitəsinin və Gürcüstan Milli Statistika Komitəsinin məlumatlarına görə də, Gürcüstandan Azərbaycana avtomobil idxalında kəskin azalma müşahidə olunur. Hətta bəzi şirkətlər tərəfindən qiymətlərin az da olsa endirilməsinə baxmayaraq, bir sıra avtomobil markalarının satışı xeyli aşağı düşüb. Ölkənin əsas avtomobil bazarı hesab edilən Badamdardakı Bakı Avtomobil Satış Mərkəzində də alıcıların sayı əvvəlki aylarla müqayisədə xeyli azalıb.
Bəziləri buna səbəb kimi AVRO-4 standartlarının tətbiqi və manatın ilin əvvəlindəki devalvasiyasını gətirirlər. Manatın devalvasiyası avtomobillərin qiymətləri ilə yanaşı, onların ehtiyat hissələrinin və təmir xərclərinin artmasına da təsir göstərib. Avtomobil distribüterlərinin məlumatına görə, modelindən və markasından asılı olaraq bu il avtomobillərin qiyməti 30-40% artıb.
Müştərilər isə yalnız qiymətlərin yenidən aşağı düşəcəyi, vəziyyətin dəyişəcəyi halda avtomobil bazarına üz tuta biləcəklərini deyirlər. Bəs bu cür vəziyyət nə qədər davam edəcək və əgər bu minvalla davam edərsə, bu hansı nəticələrə gətirib çıxara bilər?
Ekspertlərin qənaətinə görə isə Azərbaycanda avtomobilləşmə prosesi hələ ilkin mərhələdədir. Belə ki, ölkəmizdə cəmi 13-14 faiz avtomobilləşmə gedib. Bu isə çox aşağı göstəricidir. Çünki bu rəqəm inkişaf etmiş ölkələrlə müqayisədə 4-5 dəfə aşağıdır.
Proqnozlara görə, avtomobil bazarında durğunluq çox davam edərsə, bu, digər sahələrə də mənfi təsir göstərə bilər. Məsələn, sıxlıq səbəbindən ictimai nəqliyyatda problemlər yarana bilər. Digər tərəfdən, artıq həm Bakıda, həm də bölgələrdə yollarda avtomobillərin sayı nisbətən azalıb. Bu isə o deməkdir ki, təkcə avtomobillərin satışı deyil, onların istismarı halları da azalıb. Yəni insanların bəziləri artıq lazımsız yerə avtomobillərini sürüb istifadə etmir, pullarını hədər xərcləmirlər. Vəziyyət belə davam edərsə, ehtiyat hissələrinin satışı da pisləşəcək, avtomobil təmiri ilə məşğul olan obyektlərin gəlirləri azalacaq, onların bəziləri hətta bağlana bilər. Bundan başqa, hətta yanacaq satışı da aşağı düşə bilər.
Onu da əlavə etməyə ehtiyac var ki, bu problem birbaşa ölkədəki iqtisadi vəziyyətlə bağlıdır. Avtomobil bazarı da iqtisadiyyatın bir sahəsidir. Ona görə də məsələyə kompleks şəkildə yanaşılmalıdır. Avtomobil bazarında vəziyyət daha da pisləşə bilər. Çünki insanlar gəlirləri azaldıqda adətən həyati əhəmiyyət daşımayan xərclərini təxirə salırlar. Avtomobillərin alınması və onların istismarına çəkilən xərclər də məhz həyati əhəmiyyət daşımayan xərclər siyahısında öndə gedənlərdəndir. İqtisadi vəziyyətin nə qədər bu cür davam edəcəyini proqnozlaşdırmaq çox çətindir. Çünki bu, daha çox qlobal iqtisadi proseslərlə bağlıdır. Lakin əgər iqtisadi vəziyyət yaxşılaşsa, avtomobil bazarı yenidən canlanacaq.
Elvin
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53