İki nazirin «endirim siyasəti»nin ilginc pərdəarxası
11:19 09-10-2015
İQTİSADİYYAT
Dərmanların qiymətinin ucuzlaşdırılması ilə bağlı yeni təfərrüatlar
Tarif Şurasının qərarı ilə daha 47 dərman vasitəsi yeni qiymətlərlə satılaçaq. 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il dekabrın 1-dən yenilənəcək.
Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən, həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
strateq.az-ın xəbərinə görə, indiyədək, ümumilikdə, 2 min 183 dərman vasitəsinin qiymətləri tənzimlənib. Tarif Şurasının açıqlamasına əsasən, satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb. Satışda olan dərman vasitələrinin 98 faizi üzrə qiymətlər endirilib.
«Unikal» olaraq onu qeyd edək ki, dərmanların qiymətlərinin ucuzlaşdırılması iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Tarif Şurası ilə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinin birgə əməkdaşlığının nəticəsidir.
Bunu da vurğulamaq yerinə düşər ki, bundan əvvəl 452 adda dərmanın qiymətləri rəsmi təsdiqlənib və bu qərar sentyabrın 15-dən tətbiq edilməyə başlayıb. Tarif Şurasının son siyahısı əvvəlkindən təkcə dərmaların sayının çoxluğu ilə fərqlənmir. Şuranın "müqayisəli cədvəl" kimi təqdim etdiyi sənəddə müqayisə ediləcək dəlillər tam əksini tapmayıb. Siyahıda yer alan dərmanların yarıdan çoxunun ancaq yeni qiymətləri yer alıb, əvvəlki qiymətlər göstərilməyib. Tarif Şurası bunu kiçik qeydlə belə izah edib: "Cədvəldə hazırda satışda olmayan dövlət qeydiyyatına alınmış dərman vasitələri üzrə mövcud pərakəndə satış qiymətləri öz əksini tapmayıb".
Əgər həmin dərmanlar istifadə edilmirsə, onun qiymətini müəyyənləşdirmək üçün vaxt və yer sərf etməyə dəyərdimi?
Sənəddə diqqət çəkən digər məqamlar, təbii ki, qiymətlərlə bağlıdır. Belə ki, dərmanların bir qrupu yenə də mövcud qiymətlərlə satılacaq. Bir çoxunun isə qiymətində 1-2 qəpik fərq müşahidə edilir. Bu, həm ucuz, həm də qiyməti kifayət qədər bahalı olan dərman vasitələrinə şamil edilib.
Bununla yanaşı, siyahıda qiyməti kəskin azaldılan dərmanlar da yer alıb. Məsələn, Puerto-Rikoda istehsal edilərək ölkəmizə gətirilən "Zipreksa" həblərinin 28 ədədi 112 manat 55 qəpiyə satılırdı. Bundan sonra həmin dərman 33 manat 7 qəpiyə olacaq. İsveçdə istehsal edilən "Atakand" 43 manat 45 qəpikdən 13 manat 30 qəpiyə enib. İtaliyadan alınan "Bart" adlı həbin bir blisteri indiyədək 13 manat 15 qəpiyə satılırdı. Bundan sonra alıçılar həmin həbləri cəmi 1 manat 72 qəpiyə ala biləcəklər.
Eləcə də, Rusiya istehsalı olan "Xorionik donadotropin" iynəsinin 5 ampulası 102 manatdan 20 manat 69 qəpiyə endirilib. İndiyədək 10 manata satılan İspaniyadan alınan "Psikosen"in də qiyməti 2 manat 86 qəpiyə enib. 15 manat 15 qəpiyə olan "Prosulpin" (Çex Respublikası) isə 4 manat 54 qəpiyə satılacaq. Yunanıstandan gətirilən "Hiperzon" həblərinin də qiyməti bir neçə dəfə ucuzlaşacaq. Alıcılar indi 19 manat 70 qəpiyə satılan bu dərmanı cəmi 2 manat 30 qəpiyə ala biləcəklər. Çex istehsalı olan "Simqal" həblərinin də 28 ədədi 10 manat 60 qəpikdən 2 manat 24 qəpiyə enib. Fransadan gətirilən "Proqeffik" adlı dərmanın 15 kapsulu 23 manat 15 qəpiyə satıldığı halda, bundan sonra 3 manat 71 qəpik olacaq.
Bir qrup dərmanların qiyməti dəfələrlə azaldılıb, hətta 1 manata endirilib. Məsələn, Belarusiya istehsalı olan "Servetam" adlı iynənin 10 ampulası 10 manat 95 qəpikdən 1 manat 62 qəpiyə, İordaniyadan gətirilən "Razon" adlı həblərin qiyməti 18 manatdan 1 manat 9 qəpiyə, indiyədək 7 manata satılan "Bisakor" həbləri (İrlandiya istehsalı) (28 tablet) cəmi 1 manat 82 qəpiyə endirilib.
Siyahıda yer alan ən bahalı dərmanların qiymətində isə dəyişiklik, demək olar ki, yoxdur. İsveçrə istehsalı olan "Rispolept konstra" adlı iynənin 50 mq-lıq 1 ampulasının qiyməti 188 manat 65 qəpikdən cəmi 1 qəpik enib. ABŞ-dan eyni qiymətə gələn həmin dərman isə 169 manat 78 qəpiyə düşüb. Həmin dərmanın tərkibi bir qədər az - 37 mq olan variantı isə 140 manat 70 qəpiyə, 25 mq olanları isə 88 manat 90 qəpiyə satılacaq. ABŞ-dan alınan eyniadlı iynənin də 25 mq-lıq 1 ampulası 80 manata enib.
Bunlarla yanaşı, yeni siyahıda qiymətləri dəyişməyən dərmanların da sayı kifayət qədərdir. Yunanıstan istehsalı olan "Vasklor" vaginal geli əvvəlki kimi 40 manat 15 qəpiyə satılacaq. Yunanıstan, İtaliya və Fransadan gətirilən "Heptral" adlı iynənin də qiyməti demək olar ki, dəyişməyib - 38 manat 41 qəpik.
Dərman satışı ilə məşğul olan bir sıra sahibkarlar və bu sahənin bəzi mütəxəssisləri qiymətlərin rəsmi qaydada tənzimlənməsinin nəticələri barədə müsbət proqnozlar veriblər. Bildiriblər ki, vahid qiymət siyasəti lazımsız və keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsinin qarşısını alacaq. Eyni zamanda, həmin dərmanları gətirən firmalar da bazardan çıxacaqlar. Nəticədə dərman bazarında mövcud olan pərakəndəlik və özbaşınalıqlar aradan qaldırılacaq. Onlar hesab edirlər ki, vahid qiymətlərin tətbiqi, eyni zamanda, vətəndaşların vaxt itkisinin də qarşısını alacaq. Bundan sonra aptekləri gəzərək daha ucuz dərman satılan yerin tapılmasına ehtiyac olmayacaq. Bütün apteklərdə dərman vasitələri eyni qiymətə satılacaq.
Amma məlum «endirim siyasəti» ilə bağlı fərqli düşünənlər də var. Onlar hesab edir ki, bu addım xırda şirkətlərin sıradan çıxmasına və dərman bazarının 3-4 inhisarçının əlində qalmasına gətirib çıxaracaq.
Bundan başqa, bəzi ekspertlərin fikrincə, dərmanların qiymətlərinin ucuzlaşması keyfiyyəti aşağı salacaq. Məsələ burasındadır ki, bazar iqtisadiyyatından istifadə edib sahibkarlar dərman məhsullarının qiymətini süni formada qaldırırdılar. Bu proses ölkə başçısının tənqidinə qədər davam etdi. Dövlət tərəfindən dərman bazarına nəzarətin artırılması rəqabəti azaldır ki, bu da bazarda keyfiyyətsiz dərmanların meydana gəlməsinə səbəb olub. Sahibkarlar əvvəllər Avropa və Amerikadan gətirdikləri preparatlara istədikləri qiyməti qoyurdular. İndi dəyəri dövlət müəyyən etdiyi üçün qiymət sisteminə uyğun olsun deyə Hindistan və Pakistan kimi dövlətlərdən ucuz və keyfiyyətsiz vasitələr gətiriləcək ki, bazarda rəqabətə tab gətirə bilsinlər.
Bir sözlə, iki nazirin dərman bazarındakı «endirim siyasəti» ilk baxışdan təqdirəlayiqdir. Amma bunun mənfi fəsadlarının olacağı da unudulmamalıdır. Və ona görə də bəri başdan bu fəsadları önləmək üçün səylər göstərilməlidir ki, sonra gec olmasın.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05