Azərbaycanlı məmurlara və deputatlara universitet yasağı gələ bilər
11:21 09-10-2015
İQTİSADİYYAT
Onların ali təhsil müəssisələrində vəzifə tutmasına və dərs deməsinə son qoyulması təklif olunur
Azərbaycanda bir çox nazirlər, millət vəkilləri, komitə sədrləri öz işlərindən əlavə olaraq müxtəlif ali təhsil müəssisələrində müəyyən vəzifələr tuturlar və eyni zamanda müəllim kimi fəaliyyət göstərirlər .
Amma tələbələrin sözlərinə görə həmin şəxslər bir çox hallarda dərslərə gəlmir və onların tədris etdiyi fənlər digər müəllimlərə həvalə olunur. Hətta elə vəzifəli şəxslər var ki, tələbələr indiyə qədər yalnız onların adlarını eşidiblər.
Hazırda ölkədə mövcud olan ali təhsil müəssisələrinin bir çoxunda belə vəzifəli şəxslər müəllim kimi fəaliyyət göstərir.Həmin şəxslər daha çox magistratura pilləsində təhsil alan tələbələrə öz ixtisaslarına uyğun dərs deyirlər.
Bakı Dövlət Universitetinin həmkarlar komitəsinin sədri Fikrət Şiriyev BDU-da 12 vəzifəli şəxsin dərs dediyini vurğulayıb.
Həmkarlar komitəsinin sədri həmin məmurların dərs saatlarının onların iş qrafikinə uyğun hazırlandığını qeyd etdi. "Təbii ki, onların çoxu səfərlərdə, görüşlərdə olurlar, kifayət qədər vaxtları olmur ki, hər gün dərs keçsinlər, ona görə həftədə iki dəfə, üç dəfə onlara uyğun dərs saatı hazırlanır. Lakin onların bir və ya iki saatlıq məruzələri adi müəllimin 10 saatlıq dediyi məruzədən də artıqdır. Ona görə, universitetin onlara ehtiyacı var", - deyə sədr bildirib.
Araşdırmalara görə, millət vəkili Hüseynbala Mirələmov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tələbələrə mühazirə deyir.
Azərbaycan Dövlət Pedaqoji Universitetindən və Texniki Universitetdən verilən məlumata görə bu ali təhsil müəssisələrində heç bir vəzifəli müəllim kimi fəaliyyət göstərmir.
Azərbaycan Dillər Universitetinə gəldikdə Təhsil müəssisəsinin rektoru Səməd Seyidov Milli Məclisin deputatı və komitə sədridir. Eyni zamanda AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Universitetdən bildirdilər ki, əvvəllər olsa da, hazırda ADU-da başqa millət vəkilləri işləmir. Amma bir çox komitə sədrləri və deputatlar mütəmadi olaraq universitetlə əməkdaşlıq edirlər".
Azərbaycan Dövlət İdarəçilik Akademiyasında isə millət vəkilləri Aydın Mirzəzadənin və Hadı Rəcəblinin çalışdığı deyilir.
Təhsil üzrə ekspert Əjdər Ağayev isə deputatların və vəzifəli şəxslərin ali məktəblərdə dərs demələrinin düzgün olmadığını deyib. "Millət vəkili qanun yazmaq işi ilə məşğul olmalı, elmi dərəcə dalınca qaçmamalıdır. Bunun üçün xüsusi qayda qanun yoxdur ki, kimsə, bu vəzifədə işləyə bilər, ya yox. Amma tələbə və valideynlərin də istəyi budur ki, təhsil prosesində boşluq olmasın. Ayrı-ayrı fənlər üzrə dərs deyən müəllimlər ardıcıl olaraq, onun proqramını da hazırlasın və bu proqram üzrə məruzələrini oxusun, seminarlarını da keçsin. Amma vəzifəli şəxslərin bunu etməyə vaxtları olmur, ona görə, onlar tələbə şəxsiyyətinin inkişaf etdirilməsinə təsir göstərə bilmirlər", - deyə Əjdər Ağayev əlavə etdi.
Ekspert millət vəkillərinin, digər məmurların millətə başqa sahələrdə lazımlı olduğunu dedi. Onun sözlərinə görə, hərə öz işi ilə məşğul olsa, daha faydalı olar.
Qeyd edək ki, builki parlament seçkilərində rektor olan millət vəkillərinə seçim etmək şərti qoyulub. Onların bəziləri deputatlığı, bəziləri isə rektorluğu seçiblər.
Bundan çıxış edərək ehtimal etmək olar ki, gələcəkdə vəzifəli şəxslərin və millət vəkillərinin universitetlərlə bağlantıları tamamilə kəsilsin. Yəni onlar ya vəzifəni, yaxud mandatı, ya da universitetlərdəki görəvlərini seçmək məcburiyyətində qalsınlar.
Təhsil ekspertlərinin də dediyi kimi, ən doğru olan da elə budur.
Nabat Cəfərova
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53