Ziya Məmmədov müavinini qurban verir
11:25 09-10-2015
İQTİSADİYYAT
Nazir müavinini və yaxın dostunu önə verir: Arif Əsgərov həbs oluna bilər
Ölkə gündəminin bir nömrəli mövzusu nəqliyyat naziri Ziya Məmmədovun "vurulma prosesinin" məntiqi sonluğuna yaxınlaşmasıdır. Artıq bu istiqamətdə ciddi addımlar atılıb və prosesin dönməz xarakter aldığı qətiləşir. Səlahiyyətləri bir-birinin ardınca əlindən alınan Ziya Məmmədov faktiki olaraq "portfelsiz nazir" statusuna gətirilib ki, bu da prosesin hansı məcrada cərəyan edəcəyini proqnozlaşdırmaq üçün ipucları verməkdədir.
Məlumat üçün bildirək ki, Ziya Məmmədov 2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Nəqliyyat naziri vəzifəsinə təyin olunub. Artıq 13 ildir ki, bu postda əyləşən Z. Məmmədov həm təmsil etdiyi sahədə baş verən nöqsanlar, həmçinin də ailə üzvləri və qohumlarının bir sıra neqativ hərəkətləri ilə hər zaman medianın gündəmində olub. İstisnasız olaraq deyə bilərik ki, haqqında mediada ən çox yazı yazılan məmurlardan birincisi elə Ziya Məmmədovdur. Bir çoxları hesab edir ki, əslində onun bu post ilə vidalaşacağı heç də qəribə görünməməlidir. Çünki buna əsas verən bir sıra səbəblər vardır.
Nəqliyyat naziri Ziya Məmmədov əsasən ölkənin yol infrastrukturunun yaxşılaşdırılmasına cavabdeh olan şəxsdir. Düzdür, bu müddət ərzində yollar əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, amma nöqsanlar yenə də qalmaqda davam edir. Bu sahədə əsas narazılıq ondan ibarət idi ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənmir. Bu sahədə çoxsaylı yeyinti faktları mövcuddur. Belə ki, çəkilən yollar bir neçə müddətdən sonra yararsız vəziyyətə düşür. Belə olan halda ikinci dəfə dövlət büdcəsi hesabına yenidən yollar çəkilməli olur. Bu da büdcəyə ikiqat ziyan gətirən amildir.
İkinci əsas problemlərdən biri də Bakıda avtobus və taksi sistemi ilə bağlıdır. Taksi sürücülərinin Nəqliyyat "qoçu" larından dəfələrlə narazı olduqlarının şahidi olmuşuq. Baş verən mübahisələr, davalara dair çoxsaylı videolar yayımlanıb. Bundan əlavə, sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri bir çox hallarda qayda pozuntusuna yol veriblər. Bunlara birinci növbədə, avtobusun yüksək sürətlə idarə edilməsini misal göstərmək olar. Sürücülər özlərinə haqq qazandıraraq bildirirdilər ki, bu onlardan asılı deyil. "Biz məcbur olub hər gün nazirliyin əməkdaşlarına müəyyən məbləğdə pul ödəməliyik. Ona görə sürət yüksək olur ki, gecikməyək".
Bundan əlavə, dəfələrlə içi dolu avtobusların bir-biri ilə ötüşdüyünün, nəticədə isə qəzaların baş verdiyinin şahidi olmuşuq. Nəqliyyat Departamentinə Ziya Məmmədovun bacısı və qardaşı oğlu nəzarət edir. Qeyd edək ki, Bakı şəhərində həm ictimai nəqliyyata, həm də taksilərə nəzarəti 2007-ci ilin yanvarında yaradılmış "Bakı Sərnişin Nəqliyyatı" MMC həyata keçirir. Əhali arasında hələ də Nəqliyyat Departamenti kimi tanınan bu qurumun rəhbərliyində əvvələr Ziya Məmmədovun doğma bacısı oğlu Davud Əfəndizadə, son illər isə qardaşı oğlu Rövşən Məmmədov rəhbərlik edir.
Yuxarıda sadalanan faktlar əslində onu göstərir ki, nazir Ziya Məmmədovla bağlı məsələ çox ciddidir. Hətta o qədər ciddidir ki, nazir işə belə çıxmır. Düzdür, verilən rəsmi açıqlamada Ziya Məmmədovun növbəti əmək məzuniyyətində olması bildirilir. Amma biz bu "əmək məzuniyyəti"nin nə demək olduğunu bilməyəcək qədər sadəlöhv də deyilik axı.
Bu arada "Unikal" qəzetinə sızan informasiyalarda baş verənlərlə bağlı ilginc mətləblər yer alıb. Daxil olan məlumatda bildirilir ki, Ziya Məmmədovun təkcə vəzifədən azad olunacağı planlaşdırılmayıb. Belə ki, indiyə qədər həyata keçirilən iri layihələrin icra vəziyyəti araşdırılır və mənimsənilən milyonların da haqq-hesabı çəkiləcək. Daxil olan məlumatda daha sonra iddia edilir ki, Ziya Məmmədov işin içindən çıxmaq üçün ətrafındakıları qurban verməkdən belə çəkinmir və bu səbəbdən də Nəqliyyat Nazirliyinin bir sıra vəzifəli şəxsinin "məşhər ayağına" çəkiləcəyi gözlənilir. Konkret olaraq isə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, 9 fevral 2015-ci il tarixindən isə nəqliyyat nazirinin müavini vəzifəsində çalışan Arif Əsgərovun qurban veriləcəyi iddia edilir.
Mənbəmiz təkidlə iddia edir ki, Arif Əsgərovla Ziya Məmmədov uzun illərin dostu olmalarına rəğmən indi ikinci müavinini qurban verməkdə israrlıdır. Məlumdur ki, Arif Əsgərovun adı konkret olaraq «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin sədri işlədiyi dövrdə yol verdiyi maliyyə yeyintisində hallanırdı. Bu səbəbdən də Ziya Məmmədov bundan istifadə edərək özünü "sudan quru"çıxmağa çalışacaq və ortada yoxa çıxan milyonları Arif Əsgərovun üzərinə yıxmağa səy göstərəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52