Qərbin ikili standartları, Azərbaycanın dəyişməyən mövqeyi
10:16 13-10-2015
İQTİSADİYYAT
Erməni lobbisi Qərb institutlarının əliylə ölkəmizi ləkələməyə çalışır
Azərbaycana qarşı qərəzli mövqe nümayişi özünü hər addımda göstərməkdədir. Avropa Parlamentinin qərəz dolu hesabatı və Azərbaycanın imicinə beynəlxalq aləmdə zərbə vurmaq cəhdindən sonra indi də ölkəmizin dünyadakı reytinqini kölgəyə salmağa, onu ləkələməyə çalışırlar. Zaman-zaman Amnisty İnternational, Freddom House, eləcə də Avropada fəaliyyət gömastərən bu kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının yaydığı hesabatlarda bunu aydın görmüşük.
Düzdür, Azərbaycanın əldə etdiyi uğurları qəbul edən, bu uğurları dəyərləndirən beynəlxalq təşkilat və qurumlar da var ki, onlar da öz hesabatlarında Azərbaycanı iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasında qeyd edir və bu inkişafın təməlində məqsədyönlü siyasətin durduğunu vurğulayırlar. Ancaq yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın uğurunu istəməyən, onu həzm edə bilməyən transmilli dairələr də var ki, onların fəaliyyətində hər addım başı ölkəmizə qarşı qərəz özünü göstərir. Elə bu günlərdə Ən Yaxşı Ölkələr İndeksində (Good Country Index) Azərbaycanla bağlı olan qeydlərdən də bunu aydın görmək mümkündür. Məlumat üçün qeyd edək ki, ən yaxşı ölkələrin indeksində ölkələr əsasən elm və texnologiya, mədəniyyət, beynəlxalq sülh və təhlükəsizlik, dünya nizamı, planet və iqlim, rifah və bərabərlik, sağlamlıq kateqoriyaları üzrə sıralama aparılır. İndexdə ölkələr 35 data xal üzrə qiymətləndirilir. Ümumilikdə isə qiymətləndirmə 125 ölkə arasında aparılır. Qiymətləndirmə isə əasən, BMT və digər beynəlxalq qurumlar, eləcə də beynəlxalq QHT-lər və digər təşkilatlar tərəfindən ümumi müzakirələr əsasında həyata keçirilir. Bu dəfəki qiymətləndirmənin nəticələrindən bəlli olur ki, qurum Ən Yaxşı Ölkələrin İndeskini müəyyənləşdirən zaman ya obyektivlik və qərəzsizliyini unudub, ya da ölkələrin reytinqini müəyyənləşdirənlər də erməni lobbisinin təsir dairəsinə düşüblər. Əks halda Azərbaycan 125 ölkə arasında 122-ci yerdə sıralanmazdır. Burada ən ciddi təəssüf doğuran və ciddi etirazla qarşılanan məqam isə ondan ibarətdir ki, hətta öz aləmlərində ölkələrin indeksini müəyyənləşdirənlər Ermənistanı da Azərbaycandan yaxşı ölkə hesab ediblər. Bu isə açıq-aşkar qərəz nümayişi, həyasızlığın sonuncu həddidir.
Bu isə bir daha onu göstərir ki, Azərbaycana qarşı ənənəvi qərəzçilik, ikili standartlarla yanaşma davam edir. Bu baxımdan daha bir fakta nəzər yetirək:
Parlament seçkilərinə rəsmi start verilən gündən bir-birini əvəzləyən bu qərəzçilik, qeyri-obyektiv yanaşma yalnız bir məqsədə, seçkilər ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicini formalaşdırmağa, onu gözdən salmağa xidmət edir. Avropa Parlamenti, ATƏT DTIHB-nin ardından bu dəfə Azərbaycan əleyhinə təşkil edilmiş kampaniyada Avropa Şurası və onun baş katibi Turbyorn Yaqland yer alır. Xəbərlərdən də aydın olduğu kimi Yaqland öz nümayəndəsini insan hüquqları məsələləri üzrə İşçi Qrupunun tərkibindən geri çağırdığını açıqlayıb. Məlumat üçün qeyd edək ki, 2005-ci ildə insan hüquqları müdafiəsi təşkilatlarının və Azərbaycan hakimiyyəti nümayəndələrindən ibarət tərkibdə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə İşçi Qrupu yaradılıb. Etiraf etmək lazımdır ki, ötən 10 il müddət ərzində İşçi Qrupu kifayət qədər uğurlu işlər görüb. Düzdür, qrupun qarşı tərəfdən olan təmsilçiləri zaman-zaman Avropa Şurasındakı bəzi dairələrin təkidi ilə Azərbaycana qarşı haqsız mövqe də sərgiləyiblər. Hətta dəfələrlə konkret törətdiyi cinayət əməli, eləcə də Azərbaycan ərazisində törətdiyi terror aktı və ya dövləti cinayətə görə həbsdə olan bəzi şəxslərin siyasi məhbus adı altında azadlığa buraxlımasına da çalışılıb. Lakin hər zaman bu cür ədalətsiz yanaşmanın qarşısı alınıb, Azərbaycanın siyasi iradəsi ortaya qoyulub. Bu gün də eyni ssenari davam edir. Hazırda həmin qüvvələr Leyla Yunus, Arif Yunus, Xədicə İsmayıl və digər bu kimi cinayətkarların siyasi məhbus adı altında azadlığa buraxılmasına çalışırlar. Hətta hesab edirlər ki, mövcud həssas zamanda (parlament seçkiləri) Azərbaycan hakimiyyəti onların diqtəsi ilə hərəkət etmək məcburiyyətində qalacaq. Nədən ki, Azərbaycanda insan hüquqlarının pozulduğu barədə hansısa hesabat açıqlansa, guya bu seçki ərəfəsində hakimiyyətin ziyanına işləyə bilər. Ona görə də rəsmi Bakı indiki dönəmdə bəzi avropalıların, reallıqda isə erməni lobbisinin əlinə oynayan dairələrin istəyini nəzərə alacaq. Əks halda Azərbaycanda ATƏT DTİHB-nin ardınca Avropa Şurası da Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyə bilər.
Birincisi, bu yanlış təsəvvürdür və heç bir siyasi və iqtsadi, hətta mədəni hadisə Azərbaycanı öz siyasi iradəsindən döndərə bilməz. Necə ki, Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan bu qətiyyətini bir daha onu sevməyən dairələrə nümayiş etdirdi. İkincisi isə, nəinki Avropa Şurası, hətta digər nüfuzlu Avropa qurumları belə seçkiləri müşahidə etməsə Azərbaycan bu seçkiləri azad və demokratik şəkildə keçirəcək. Çünki Azərbaycan seçkini qroslara, conlara, yaqlandlara görə deyil, məhz özünə, Azərbaycan vətəndaşına görə keçirir. Seçkinin taleyini məhz Azərbaycan seçicisi həll edir. Göründüyü kimi Avropadakı bəzi qurumlar və şəxslər yanılırlar.
Burada digər bir nüans Yaqland və onun kimi düşünən insanların insan hüquqları məsələsini siyasi hadisə ilə qarışdırmasıdır. Əgər Yaqland doğurdan da insan hüquqlarına dəyər versəydi bu istiqamətdə ajotajı məhz Azərbaycanda nəzərdə tutulan parlament seçkiləri ərəfəsində qaldırmazdı. Yaxud eyni mövqeni Ermənistana qarşı da sərgiləyərdi. Hansı ki, bu ölkədə insan hüquq və azadlıqları hər addımda pozulur. Bunun bariz nümunəsidir ki, erməni əhalisi kütləvi şəkildə öz ölkəsini tərk edir. Hətta onlardan Azərbaycana da üz tutanlar var. Əgər doğurdan da Azərbaycanda insan hüquq və azadlıqları pozulsaydı hətta erməni belə düşmən hesab etdiyi Azərbaycana qaçardımı? Əsla yox. Hələ bu sıraya bir milyona yaxın soydaşımızın erməni işğalı nəticəsində öz hüquqlarından məhrum olmasını əlavə etmirik. Bütün bunlar bir daha onu sübuta yetirir ki, Avropa Şurası və onun baş katibini, eləcə də qurumdakı bəzi anti Azərbaycan qüvvələri insan hüquq və azadlıqları deyil, yalnız Azərbaycana təzyiq göstərmək maraqlandırır və onların fəaliyyəti məhz bu istiqamətə köklənib.
Orxan
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52