Məmurların daha bir biznesinin qaranlıq üzü
10:57 14-10-2015
İQTİSADİYYAT
Azərbaycanda vətəndaşların qızıllarına necə yiyələnirlər?
Son zamanlar Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olanlara qarşı şikayətlər artıb.
Məsələ burasındadır ki, bir vaxtlar vətəndaşlar sosial durumları ilə bağlı problemlərini banklardan götürdükləri kreditlərlə həll edirdilər. Sonradan bankların bu prossesdə şərtləri sərtləşdirməsi, sakinlər arasında lambardlara olan marağı artırdı.
Amma təəssüf ki, son zamanlar lombard və vətəndaşlar arasında baş verən problemlər, daha dəqiq desək lombard sahiblərinin vətəndaşların qızıllarını mənimsiyərək ortadan yox olması, bu sahədə müvafiq tədbirlərin görülməsi məsələsini gündəmə gətirib.
Elə təkcə son aylara nəzər yetirsək paytaxtda bir neçə lombard fəaliyyəti ilə məşğul olan şəxslərin vətəndaşaların qızıllarını götürüb, ofislərini bağlayaraq yoxa çıxdığını görmək olar. Düzdür həmin şəxslər polis tərəfindən axtarılır. Amma burada həm zaman baxımından həm də maddi tərəfdən itirən yenə də vətəndaş olur. Mütəxəssislər lombard və vətəndaş arasında yaşanan problemlərin əsas səbəbini onların Maliyyə Nazirliyi və Mərkəzi Bank qarşısında heç bir məsuliyyət daşımamalarında görür.
İqtisadçı Vüqar Bayramlı bildirib ki, Azərbaycanda lombardlar xüsusi lisenziya tələb edən fəaliyyət növü deyil. Bunun üçün sadəcə elektron qeydiyyatdan keçmək və VÖEN almaq kifayətdir. Onlar nə Maliyyə Nazirliyinə nə də, Mərkəzi Banka hesabat vermirlər.
Bu gün vətəndaşlar iki cür lombard xidmətindən yararlana bilir. Fiziki şəxslər tərəfindən və bank olmayan kredit təşkilatlarına müraciət etməklə. Bu xidmətlər həm təhlükəsizlik baxımından, həm də faiz dərəcələrinə görə də fərqlənir. Fiziki şəxslərin təklif etdiyi faiz dərəcəsi ildə 60% civarında, bank olmayan kredit təşkilatlarının təklif etdiyi faiz dərəcəsi isə 25-30% arasında dəyişir. Amma bunlar arasında fiziki şəxslər tərəfindən göstərilən lombard xidmətləri üstünlük təşkil etdiyindən problemlərə də elə ən çox bu sahədə rast gəlinir.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib ki, o, vətəndaşlara təhlükəsizlik baxımından bank olmayan kredit təşkilatlarına müraciət etməyi məsləhət görür. Çünki, burada müəyyən müqavilələr bağlanılır və faizi aşağıdır.
Lombardların fəaliyyəti 1997-ci ildən etibarən "Lombard fəaliyyətinə xüsusi razılıq, lisenziya verilməsi qaydalarının təsdiq edilməsi" haqqında Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Mülki Məcəllənin 302.5-ci maddəsinə görə, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.
Amma təəssüf ki çox vaxt lombard və vətəndaş öz hüquqlarını bilmədiyi üçün bu cür xoşa gəlməz hallar baş verir. Bu da ən yaxşı halda həmin şəxsin polis tərəfindən tutulması və həbs edilməsi ilə başa çatır. Mənimsənilmiş qızılları da çox vaxt geri qaytarmaq mümkün olmur. Odur ki, bu şəxslərə və ya xidmət sahələrinə müraciət edərkən ehtiyatınızı əldən verməyin.
Burada bir məqam da var: vətəndaşların ehtiyatlı olması bir yana, bəs niyə əlaqədar qurumlar "lombard talanı" qarşısında lazımi addımlar atmır, onların fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq istiqamətində təsirli tədbirlər görmürlər?
Hesab edilir ki, bunun əsas səbəblərindən biri, bəlkə də birincisi xüsusilə Bakıda fəaliyyət göstərən iri lombardların arxasında müəyyə vəzifəli məmurların dayanmasıdır. Yəni bizdə lombard biznesi ilə məşğul olan vəzifəlilər də kifayət qədərdir. Elə bu sahədəki məmur maraqları da lombardların fəaliyyəti ilə bağlı qanuni ölçülərin götürülməsinə, müəyyən hüquqi tənzimləmələrin aparılmasına mane olur.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52