Nazirlərin səlahiyyətlərinə böyük təhlükə
08:40 15-10-2015
İQTİSADİYYAT
Lisenziyalaşdırmada islahat hansı qurumların səlahiyyətlərini məhdudlaşdıracaq?
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bir daha lisenziyalaşdırma sahəsində islahatlar aparılmasının vacibliyini vurğuladı: "Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik".
Qeyd edək ki, bir müddət əvvəl hökumət üzvlərinin iştirakı ilə keçirlən müşavirədə də dövlət başçısı lizenziyalarla bağlı islahatların zəruriliyinə diqqət çəkmişdi. Eyni zamanda Prezident "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" fərman imzaladı. Fərmanda çox mühüm məsələlərdən biri də lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin etmək məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Elektron lisenziya" portalının yaradılmasının təmin ediməsinin nəzərdə tutulması idi. Bu addım lisenziya və icazələrin verilməsi ilə əlaqədar elektron xidmətlərin təşkilini nəzərdə tuturdu.
Xatırladaq ki, hazırda ölkəmizdə 90 növ fəaliyyət lisenziyalaşdırılır, 46 fəaliyyət üçün icazə, 27 halda xüsusi icazə, 39 halda şəhadətnamə, 19 halda rəy istənilir. Ayrı-ayrı sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına tətbiq edilən bütün növ icazə və lisenziyaların ümumi sayı isə 305-dir.
1997-ci ildə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 40-dan çox deyildi. 2002-ci ildə ölkədə lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 240-dan 30 qrupa endirilmişdi. Sonradan müxtəlif əlavələrlə onların sayı 85-ə çatdırıldı, faktiki olaraq isə 240 fəaliyyət növü lisenziyalaşdırıldı, yəni icra orqanları tədricən siyahını genişləndirmişdi.
Lisenziya verən dövlət orqanları arasında verilən lisenziyaların sayına görə liderlik edən qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, habelə Kənd Təsərrüfatı Nazirliyidir.
Lisenziya 5 il (alkoqollu içkilərin və etil spirtinin istehsalı üçün 3 il, idxalı üçün isə 1 il) müddətinə verilir. Hal-hazırda Azərbaycanda mərkəzi icra hakimiyyəti orqanları ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının verdikləri icazə və lisenziyalar da vardır ki, bunların da sayı 12-dir. 49 fəaliyyət növü üzrə lisenziya verilməsi üçün əlavə şərtlər tələb olunur.
Son illər beynəlxalq təşkilatlar, yerli ekspertlər dəfələrlə hökumətin diqqətini lisenziyalaşdırma sahəsində problemlərə yönəldiblər və islahatlar aparmağa çağırıblar. Ekspertlər qeyd edirlər ki, lisenziya və icazələr, şəhadətnamə alınması, verilməsi sahəsində müşahidə olunan problemlər daha çox kiçik və orta biznesə zərbə vurur. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) hesablamaları göstərir ki, lisenziya sahəsi üzrə islahatlar Azərbaycanda özəl sektor tərəfindən illik 10 milyon AZN vəsaitə qənaət etməyə şərait yarada bilər.
Lisenziya və icazələr, şəhadətnamə alınması verilməsi sahəsində islahatlar ilk növbədə biznes mühitinin yaxşılaşmasına müsbət təsir göstərir.
Bu sahədə Gürcüstan təcrübəsi diqqət çəkir. Gürcüstanda lisenziyalaşdırma ilə bağlı "bir pəncərə" sistemi tətbiq olunub. Biznes üçün icazə, lisenziyaların sayı 944-dən 150-ə endirilib və prosedurlar sadələşdirilib. Əgər iş adamı lisenziya üçün müraciət etdikdə müəyyənləşdirilmiş müddətdə ona cavab verilməyibsə, bu razılıq kimi qiymətləndirilir.
Gözləmək olar ki, Azərbaycanda da lisenziyaların, icazələrin sayı kəskin azalacaq. Qeyd edək ki, lisenziya alınması üçün ən aşağı dövlət rüsümü 110, ən yüksək isə 22000 manat təşkil edir. Bu rüsmlara yenidən baxılması və azaldılması da məqsədəmüvafiq olardı. Ehtimal etmək olar ki, daha çox yerli icra hakimiyyəti orqanlarının lisenziya, icazə vermək hüququ məhdudlaşdırılacaq. Məsələn, tütün məhsullarının satışı üçün şəhər rayonları istisna olmaqla yerli icra hakimiyyəti orqanları lisenziya verir və bunun üçün 220 manat ödəmək lazımdır. Mövsümi (səyyarı) ticarət və xidmət yerlərinin müəyyən edilməsinə görə icazə almaq üçün yerli icra hakimiyyətinə Bakı şəhərində 60 manat ödəmək lazımdır.
Bir sıra nazirliklərin də lisenziya verilməsi ilə bağlı səlahiyyətlərinin nəhdudlaşdırılmasını təxmin etmək olar. Bu sırda Fövqəladə Hallar, Yüksək Texnologiyalar və Rabitə, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat Nazirliyini qeyd etmək olar. Məsələn, sürətli poçt xidməti göstərilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirlyindən 2500 manat ödənilməklə lisenziya almaq lazımdır. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti üçün isə 2200 manat ödəməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən lisenziya almaq zəruridir. Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti üçün 1500 manat ödəməklə Mədəniyyət və Turizm Nazirliyindən lisenziya lamaq lazımdır. Nəzərə alaq ki, bu nazirlikdən , həmçinin turizm fəaliyyəti üçün 5500 manat ödəməklə lisenziya alamaq gərəkir.
Göründüyü kimi elə fəaliyyət növləriu var ki, onlar lisenziya verilməsi, icazə alınması elə də vacib deyil və bu başqa formada tənzimlənə bilər. Bu misalların sayını daha da artırmaq olar. Amma görünən dağa bələdçi lazım deyil. Lisenziyalar və icazələrin verilməsində çox az saylı istisnalarla şəffaflıq və hesabatlılıq yox dərəcəsindədir və bu prosedurlar korrupsiyaya yol açır. Lisenziyalaşdırma faktiki olaraq, məmurların gəlir mənbəyinə çevrilib və bunun aradan qaldırılması üşün doğurdan da köklü islahatlar zəruridir.
Prezident də çıxışında bunu birmənalı ifadə etdi və bürokratik manevr üçün yer qoymadı.
Zaur İbrahimli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53