Milli Məclisdə büdcə müzakirəsi; Hökumətə 6 gün vaxt verildi
08:44 15-10-2015
İQTİSADİYYAT
Oqtay Əsədov: "Büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək, ayın 20-də layihəyə səs verək"
Deputat İlham Məmmədov çıxışında kənd təsərrüfatının inkişafına diqqət yetirilməsini zəruri saydı və bunun üçün böyük potensialın olduğunu vurğuladı. Qeyd etdi ki, bu sektora diqqət gələcəkdə qeyri-neft sektorunun inkişaf etməsi üçün ən əsas amillərdən biri demək olacaq. O, bölgələrdə suvarma işləri ilə bağlı subartezian quyularının vurulması üçün büdcədə əlavə xərclərin nəzərdə tutulmasını təklif etdi. "2016-cı ilin büdcə layihəsi reallığa əsasən hazırlanıb. Dünyada iqtisadi xaos və böhranın hökm sürdüyü zamanda dünya iqtisadiyatının tərkib hissəsi olan Azərbaycan büdcəsinin tərtib olunması yüksək peşəkarlıq tələb edir. Mliyyə naziri də qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına 2 əsas xarici amil təsir edib - xam neftin qiymətinin 2 dəfə aşağı düşməsi və region dövlətlərində milli valyutaların kəskin devalvasiyası. Ancaq ölkəmiz dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bütün bunların öhdəsindən peşəkarlıqla gəlir". Deputat Azərbaycanda qeyri-neft sektorunun inkişafının davam etdirilməli, lüzumsuz xərclərin aradan qaldırılmalı olduğunu qeyd etdi. Milli Məclis üzvü kənd təsərrüffatı sahəsinin inkişafı haqda da danışıb. O, 2016-cı ilin dövlət büdcəsinin sosial yönümlü olmasının insanları rifahı üçün önəmliliyini vurğuladı: "Sadələşdirilmiş vergi sisteminin tətbiq sahəsinin genişləndirilməsi kiçik və orta sahibkarlığın daha da inkişafına şərait yaradacaq ki, bu da büdcəyə əlavə gəlirlər gətirəcək".
Azay Quliyev büdcə layihəsini yüksək dəyərləndirdi: "Büdcənin müqayisəli təhlili daha çox əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu, digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə etməklə həyata keçirməlidir. Sadə insanlar da büdcənin iqtisadi inkişafımıza hesablandığını və əhalinin sosial rifah halının nəzərə alındığını görməlidir. MDB üzrə orta göstəricidən Azərbaycanın iqtisadi artım tempi 6 dəfə çoxdur. Hətta bu artım tempi Avropanın bir sıra ölkələrini qabaqlayır. İkinci mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan büdcədə, nəhayət qeyri-neft sektorunu tamamilə qabarıq göstərməyi bacarıb. Artıq Azərbaycan iqtisadiyyatı neftdən asılılığını kifayət qədər azaldır və gələn il büdcəyə daxil olan 2 manatdan biri qeyri-neft sektorunun payına düşəcək. Üçüncü müqayisə ondan ibarətdir ki, büdcəyə daxilolmaların azalmasına baxmayaraq, əsas prioritet istiqamətlər üzrə artım müşahidə edilir. Məsələn, əmək haqqının ödənilməsinə yönəldilən xərclərin faizi 21,7, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 11,2 faiz, ümumi dövlət xərclərinin 21,2 faiz artırılması büdcənin ən uğurlu göstəricilərindən hesab olunur. Nəzərə almalıyıq ki, analoji göstəricilər Macarıstan büdcəsində xeyli aşağıdır, Polşada müdafiə xərcləri 5,4 faiz azalacaq. Gürcüstan büdcəsində artım 0,4 faiz olacaq. Azərbaycanda isə müdafiə xərcləri 4,4 faiz artacaq. Hesab edirəm ki, bizim düşmən ölkəyə olan növbəti mesajımızdır". Deputat qeyd etdi ki, büdcə gəlirlərinə görə mütləq reytinqi regionda yenə də Azərbaycan saxlayır: "Məsələn, qonşu ölkələrlə müqayisədə təkcə Cənubi Qafqaz üzrə müqayisə aparsaq görərik ki, Azərbaycanın büdcə gəlirləri Ermənistan və Gürcüstanın hər ikisinin ümumi götürülmüş büdcə gəlirlərindən çoxdur: Real sektorda kənd təsərrüfatının dəstəklənməsinə baxsaq, burada da kifayət qədər artım görürük. Kənd təsərrüfatının bu gün dəstəklənməsi gələcəkdə qeyri-neft sektorunun dayanaqlı inkişafına verilən əsas zəmanətlərdəndir. Gələn il qonşu Rusiyada kənd təsərrüfatı üzrə xərclər 26 faiz azalacaq, bununla belə Azərbaycanda bu xərclər kifayət qədər artır".
Azay Quliyev 30 min yerinin bağlanmasının ciddi mesaj olduğunu da qeyd etdi: "67 min iş yeri açılıb, onun 30 mini bağlanılıb.Düşünürəm ki, bizim büdcənin diqqət göstərəcəyi əsas məsələlərdən olmalıdır. İxracyönümlü iqtisadiyyatın dəstəklənməsi, vergi güzəştləri, yaxud vergi mexanizmləri vasitəsilə stimullaşdırılması da hesab edirəm ki, çox mühüm məsələlər sırasındadır. Şirvan şəhəri ilə bağlı iki məsələni diqqətə çatdırmaq istəyirəm. Orada uşaq bağçası tikilməsinə ehtiyac var. Bu gün Şirvanda 7200 nəfər azyaşlı uşaq var və orada 560 yerlik uşaq bağçası fəaliyyət göstərir. "Kürmost" deyilən ərazidə qəzaya uğrayan məktəbin təmiri çox vacibdir. Nazirlər Kabinetinin bununla bağlı qərarı da var".
Rafiq Məmmədhəsənov büdcə layihəsini təqdir edib maliyyə naziri Samir Şərifov və onun komandasına təşəkkür etməklə yanaşı bir problemi də qaldırdı. Deputat Gədəbəyin 123 km-lik ərazidə sərhəd kəndlərinin yerləşdiryini deyib onların, eyni zamanda Tovuz sakinlərinin xahişini hökumətə çatdırdı: "Onların dövlətdən bir xahişi var: bizim kəndlrəə qaz çəkin, başqa heç nə istəmirik".
Eldar İbrahimov gələn ilin xərclərində sosialyönümlü xərclərin üstünlük təşkil etməsinə diqqət çəkdi: "Bu, sübut edir ki, diqqət Azərbaycan xalqının rifahına yönəlib. Neqativ amillər dünya iqtisadiyyatına öz təsirini göstərməkdədir. Azərbaycan iqtisadiyyatında önəmli rolu olan neftin qiymətinin aşağı düşməsi büdcəmizə təsirsiz ötüşməzdi. Ancaq ölkəmiz prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün neqativ halların qarşısını peşəkarlıqla alır və iqtisadiyyatımız davamlı inkişaf edir". Deputat Azərbaycan hökumətinin düzgün yol seçərək Dövlət Neft Fondundan asılılığı azaltdığını, qeyri-neft sektoruna üstünlük verdiyini vurğuladı: "Dövlət büdcəsində gəlirlər azalsa da, sosial sahələrə ayrılan maliyyə vəsaiti azalmayıb. Bu isə, büdcə tərtib edilərkən əsas diqqətin xalqın rifah halının yaxşılaşdırılmasına yönəldiyini göstərir. Kənd təsərrüfatına ayrılan vəsait də azalmayıb və əksinə artım olub. Ölkə başçısı kənd təsərrüfatının inkişafını prioritet istiqamət kimi qoyub və bu sahədə işlər uğurla aparılır".
Sahibə Qafarova, Aqiyə Naxçıvanlı və Rəfael Hüseynov büdcə layihəsini müdafiə etməklə yanaşı, bəzi təkliflərini səsləndirdilər. Xanhüseyn Kazımlı dedi ki, yüksək səviyyədə hazırlanmış dövlət büdcəsinə səs vermək məqamının olduğunu bildirdi.
Əhliman Əhiraslanov 2015-ci ildən həyata keçirilən əhalinin və xəstəxanaların mərkəzləşmiş şəkildə tərmanla təchiz olunması ilə bağlı qəbul olunan qərarın yüksək səviyyədə həyata keçirildiyini dedi: "Bu gün elə bir cərrahiyyə əməliyyatları yoxdur ki, Avropada, Amerikada həyata keçirilsin, bizdə həyata keçirilməsin". Deputat xəstələrin qidalanması üçün ayrılan vəsaitin çox az olduğunu dedi və bahalaşma şəraitində vəsaitin artırılmasını istədi.
Abel Məhərrəmov bildirdi ki, büdcə zərfindəki məbləğ ümumi cari illə müqayisədə aşağı olsa da, deputatlar milli təəssübkeşlik və milli birlik məsələlərini əsas götürüb büdcə layihəsini yüksək qiymətləndirir: "Bu da bizim milli birliyimizin təzahürüdür". A.Məhərrəmov 2016-cı il büdcəsinin 2012-ci il büdcəsi ilə üst-üstə düşdüyünü qeyd etdi: "Amma həmin il biz 11-ci dövlət olaraq kosmosa süni peykimizi buraxdıq. Deməli, gələn il də uğurlarımız az olmayacaq". A.Məhərrəmov dedi ki, rektoru olduğu BDU il ərzində 60-dan çox layihələri reallaşdırır ki, bunun da ümumi gəliri 5-7 milyon dollar olur: "Yəni biz özümüz də işləməliyik, yalnız büdcədən ayrılan vəsaiti gözləməməliyik". A.Məhərrəmov ali təhsil müəssisələrindəki layihələrin maliyyələşməsini təklif etdi.
Elm və təhsil komitəsinin sədri Şəmsədin Hacıyev isə qeyd edib ki, dünyada baş verən qlobal iqtisadi proseslər, xüsusilə də məlum devalvasiyanın büdcəmizə təsiri opponentlərimiz tərəfindən Azərbaycan iqtisadiyyatının tənəzzülünün başlanğıcı kimi qiymətləndirilir: "Onların fikirləri,arqumentləri ilə heç cür razılaşmaq olmaz. Bu belə deyil, əksinə baş verən hadisələrin fonunda belə bir büdcənin hazırlanması bizim uğurumuzdur".
YAP-çı millət vəkili Siyavuş Novruzov da öz növbəsində müdafiə xərclərinin daha da artırılmasını təklif edib: "Dünyada əsas təhlükəsizlik və müdafiə məsələlərdir. Düzdür, büdcəmiz azalsa da, hərbi sahəyə xeyli artım nəzərdə tutulub. Amma bu vəsaiti bir az artırmaq lazımdır. Çünki ətrafımızda çox gərgin proseslər, müharibələr, terrorlar baş verir. Azərbaycan isə sabitlik adasıdır. Bu adanı qoruyub saxlamalıyıq".
Sonra S. Novruzov həmkarlarına üz tutaraq təşviqat kampaniyası dövrü olduğu üçün müzakirələrin dayandırılmasını və hökumətə on gün vaxt verilərək ayın 20-də bütövlükdə büdcə zərfinə səs verilməsini təklif edib.
Spiker Oqtay Əsədov isə müzakirələrin dayandırılması ilə bağlı təklifləri belə ümumiləşdirib: "Bir çoxlarımız seçki kampaniyasında iştirak edirik. Bunun üçün büdcə ilə bağlı təkliflərə baxmaq üçün hökumətə on yox, altı gün vaxt verək. Ayın 20-də büdcə layihəsinə səs verək".
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53