Ziya Məmmədovun heç bir səlahiyyəti qalmadı
11:07 16-10-2015
İQTİSADİYYAT
Nəqliyyat, yoxsa «Adı var, özü yox" Nazirliyi?
Nəqliyyat naziri Ziya Məmmədov daha bir səlahiyyətini itirib. Belə ki, prezidentin 14 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətləri alınaraq Dövlət Yol Polisinə verilib.
Hüquqşünas Ərşad Hüseynov bu qərarı şərh edərkən bildirib ki, İnzibati Xətalar Məcəlləsinin (İXM) tətbiqinə dair Fərmana edilən dəyişikliyə əsasən, əvvəllər Nəqliyyat Nazirliyinə aid qurumların baxdığı bəzi inzibati xətalara dair işlərə bundan sonra Dövlət Yol Polisi baxacaq: «Baxılmas səlahiyyəti Nəqliyyat Nazirliyindən alınaraq Dövlət Yol Polisinə verilən inzibati xətalar əsasən aşağıdakılardır:
- "Taksi" tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.2-ci maddəsi);
- sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi (İXM-in 150-2.1.7-ci maddəsi);
- avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması (İXM-in 150-3-cü maddəsi);
- xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması (İXM-in 150-4-cü maddəsi);
- avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar (İXM-in 163-cü maddəsi);
- iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması (İXM-in 163-1-ci maddəsi);
- avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərin icbari fərdi qəza sığortasının olmaması (İXM-in 163-1-ci maddəsi) və bəzi başqa xətalar.
Sadalanan xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək bundan sonra Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək".
Ərşad Hüseynov bildirib ki, bu yeniliyin təcrübədə tətbiqi xeyli maraqlı məqamlar vəd edir:
"Bu o deməkdir ki, məsələn, bundan sonra yük avtomobillərinin, sərnişin avtobuslarının, taksilərin lisenziyasının olub-olmamasını nəqliyyat müfəttişləri deyil, Dövlət Yol Polisi yoxlayacaq. Eləcə də yollarda ağırçəkili avtomobillərin kütləsinin müəyyən edilməsi üçün quraşdırılan tərəzilər Dövlət Yol Polisi tərəfindən istifadə olunacaq və kütlə parametrlərini pozan sürücülər yalnız Dövlət Yol Polisi əməkdaşları tərəfindən məsuliyyətə cəlb olunacaq.
Başqa sözlə, bundan sonra taksilərin, yük avtomobillərinin və sərnişin avtobuslarının fəaliyyətinə həm sərnişin və yükdaşıma qaydalarına (lisenziyalaşdırma, vergilərin ödənilməsi, fərqlənmə nişanı və s. məsələlərə) riayət etmə, həm də yol hərəkəti qaydalarına riayət etmə baxımından yalnız Dövlət Yol Polisi nəzarət edəcək. Amma bundan ötəri müəyyən təşkilati və qanunvericilik işləri həyata keçirilməlidir. Hər halda, bu işin sonrakı gedişi yaxın gələcəkdə bəlli olacaq".
Xatırladaq ki, son aylarda Ziya Məmmədov bir-birinin ardınca özünün mühüm səlahiyyətlərindən məhrum olunur: taksilərə lisenziya verilməsi nəqliyyat nazirindən alınaraq ASAN Xidmətə verilib; Bakı Avtovağzalına yeni rəis təyin edilib və onun nəzarətindən çıxarılıb; paytaxtda sərnişin daşınması, ondan alınaraq meriyaya verilib; nəhayət, Nəqliyyat Nazirliyinin ən nəhəng və gəlirli müəssisəsi olan "Azərbaycan Dəmir Yolları" QSC prezident fərmanı ilə nazirlikdən ayrılaraq müstəqil fəaliyyətə keçib.
Bundan başqa, məlum olub ki, "Bakı Sərnişindaşınma" MMC də Nəqliyyat Nazirliyinin nəzarətindən alınacaq. Belə ki, yaxın vaxtlarda sərnişindaşınma xidməti Nəqliyyat Nazirliyinin balansından çıxarılacaq və ayrıca qurum kimi yaradılacaq. Həmin quruma isə Bakı şəhər İcra Hakimiyyəti nəzarət edəcək.
Bu sıraya Nəqliyyat Nazirliyinin inzibati xətalara baxmaqla bağlı xeyli səlahiyyətlərinin alınaraq Dövlət Yol Polisinə verildiyini də əlavə etsək, belə görünür ki, artıq Ziya Məmmədov formal nazirə, rəhbərlik etdiyi qurum isə faktiki olaraq, «Adı var, özü yox" Nazirliyinə çevrilib. Onun demək olar, heç bir ciddi səlahiyyəti qalmayıb.
Bu qədər səlahiyyət itkisindən sonra isə Nəqliyyat Nazirliyinin tamamilə ləğv edilməsi və Ziya Məmmədovun yerli-dibli işsiz qalması qaçılmaz sonluq kimi görünür.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52