Prezidentin siyasətinə qarşı gələn oliqarx məmurlar üçün "qara qış"
11:07 16-10-2015
İQTİSADİYYAT
Biznesi olan məmur sahibkarlara qarşı mübarizə gücləndirilir; son həmlə öldürücü ola bilər
Prezident İlham Əliyevin iqtisadiyyatdakı inhisarçılıq və azad sahibkarlığın sıxışdırılması ilə bağlı sonuncu çıxışı ölkədə ciddi müzakirələrə səbəb olub. Sadə vətəndaşların, sahibkarların ürəyindən xəbər verən həmin çıxışdan sonra artıq bu sahədə qayda-qanunun yaradılacağına, məmurların sahibkarları sıxışdırması kimi neqativ hallara son qoyulacağına ümidlər artıb. Bu çıxış həm də onu göstərdi ki, prezident elan etdiyi islahatlar kursuna sadiqdir, bu siyasəti davam etdirməkdə qərarlıdır, sadəcə olaraq bəzi məmurlar bilərəkdən ya da bilməyərəkdən bu siyasi xəttə qarşı çıxır.
Məlumat üçün bildirək ki, məmurların sahibkarları sıxışdırmasının bir səbəbi onların qanunsuz varlanmaq istəyidirsə, digər vacib məqam isə biznesi olan həmin məmurların sahibkarları rəqib gözüylə gördüklərindən onları sıradan çıxartmaq niyyətidir. Bu gün heç kimə sirr deyil ki, ayrı-ayrı məmurların qanun qadağan etməsinə baxmayaraq geniş biznes şəbəkələri var, onlar qanunsuz şəkildə sahibkarlıqla məşğul olur. Bu isə istər istəməz ölkədə azad sahibkarlığın rəqabətli mühitdə inkişafını tormozlayır. Belə olan halda sahibkarlığın inkişaf etdirilməsi tədbirləri çərçivəsində məhz sahibkarlıqla məşğul olan məmurların cəzalandırılmasını gözləmək daha doğru olardı.
İnkarediləməz faktdır ki, məhz bu səbəbdən son illər ölkədəki sahibkarlıq mühitinin davamlı şəkildə pisləşdiyinin şahidinə çevrilməkdəyik. Xatırladaq ki, sahibkarlıq mühiti, sahibkarların sıxışdırılması ilə bağlı ilk dəfə deyil ki, fikirlər səsləndirilir. Hələ 2002-ci ildə mərhum prezident Heydər Əliyev dönəmində də bu məsələlər dəfələrlə səsləndirilmişdi. H.Əliyev də sahibkarların sıxışdırılması, onlara olan basqıları dəfələrlə qeyd etmişdir. Bununla bağl müxtəlif fərmanlar imzalanmış, qərarlar verilmişdir. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin toplantılarında, müxtəlif iclaslarda sahibkarlara olan basqılardan bəhs edib. Bununla bağlı müxtəlif sənədlər imzalanlıb.
2011-ci ildə Azərbaycanda lisenziyalaşma ilə bağlı xüsusi qanunun hazırlanması ilə bağlı göstəriş verilmişdi. 2014-cü ildə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün ayrı-ayrı istiqamətlərdə müvafiq tədbirlərin görülməsi ilə bağlı da göstərişlər verilib. Lakin bütün bunlara baxmayaraq biz vəziyyətin gözlənilən şəkildə yaxşılaşdığının şahidi deyilik. Düzdür, indiyə qədər görülən tədbirlər, həyata keçirilən islahatlar özünün bəzi müsbət işartılarını göstərir. Amma prezidentin də ifadə etdiyi kimi bu çox azdır və azad sahibkarlığın inkişafı üçün daha ciddi tədbirlərə ehtiyac var.
Yuxarıda da qeyd etdiyimiz kimi, bunun üçün isə məmur sahibkarlığına son qoyulmalı, azad sahibkarlığın qarşısında dayanan maneələr bir-birinin ardınca aradan qaldırılmalıdır. Sirr deyil ki, bu gün ölkəmizdə sahibkarlığın bazasında azad sahibakrlığın deyil, inhisarçılıq mühitinin dayanması faktdır. İnhisarçılığın başında duran isə ayrı-ayrı məmurlardır. Azərbaycanda dövlət məmurlarının sahibkarlığı mövcuddur. Bu səbəbdən də dövlət məmurları digər şəxslərin sahibkarlıqla fəaliyyətinə maneçilik törədirlər.
Odur ki, məmur sahibkarlığı aradan qaldırılmadığı təqdirdə, bu sahədə ciddi bir uğura nail olmaq mümkün olmayacaq. Nə qədər ki, ölkədə məmur sahibkarlığı mövcuddur, nə qədər ki, inhisarçılıq var, vəziyyətin müsbətə doğru dəyişəcəyi o qədər də güman edilən deyil. Ölkəyə bu günə qədər ciddi neft gəlirləri gəlirdi və büdcənin doldurulmasında bu gəlirlərdən istifadə edilirdi. Lakin büdcədə də vəziyyət ağırlaşıb və bu ağırlaşma büdcənin doldurulması baxımından belə olsa sahibkarlıq mühitinin yaxşılaşdırılmasını tələb edir. Bütün bu məqamların nəzərə alınması isə məmur-sahibkarların cəzalandırılacağı ehtimalını gücləndirir.
"Unikal" qəzetinin əldə etdiyi məlumata görə, artıq bununla bağlı konkret tədbirlər planı müəyyənləşdirilib və planın icrası noyabrın 1-də keçiriləcək parlament seçkilərindən sonrakı dövr üçün nəzərdə tutulub. Elə bu baxımdan da qarşıdan gələn qışı məmur sahibkarlar üçün "qara qış" da adlandırmaq mümkündür.
Orxan
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52