Avropa üçün Azərbaycanın qaz gerçəyi
12:30 17-10-2015
İQTİSADİYYAT
Cənubi Qafqaz və TANAP kəmərlərinin 2020-ci ilədək istifadəyə verilməsi planlaşdırılıb
Azərbaycanın qaz kəmərləri Avropa üçün hələlik yeganə gerçəklikdir. Bunu Avropa Birliyinin siyasətçiləri, dövlət mənsubları ilə yanaşı, ekspertlər və analitiklər də söyləyirlər.
Avropanın bir para strukturlarında Azərbaycana qarşı qərəzli qətnamələr qəbul oluna bilər, rəsmi Bakı absurd "suçlamalar"la qarşılaşa bilər və hətta "Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərə yenidən baxılacaq" da söylənər - amma bütün bunların Avropa Birliyi ilə Bakı arasındakı təmasları sərinlədə biləcək amillər olmadığı, ola da bilməyəcəyi aydındır.
Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı rəsmi Bakıya qarşı irəli sürülən ittihamlar barədə çox deyilib. Avropalıların özləri də etiraf edirlər ki, hələ baş tutmamış seçkilərin nəticələrini indidən "bilən" strukturların açıqlamaları qərəzdir, obyektivlikdən uzaq bəyanatlardır.
Bu, siyasətdir - iyrənc, çirkli, qərəzli də olsa, siyasətdir. Anlayırıq.
Lakin enerjidaşıyıcıları təminatında Rusiyadan asılılıqdan qurtulmağa çalışan Avropa Birliyi, deyəsən, Azərbaycanın önəmini indi dərk etməyə başlayır.
Avropa Birliyi ölkələrindən Çexiya, Slovakiya, Yunanıstan, Avstriya və Macarıstanın energetika nazirliklərinin mövqeləri artıq tam konkretdir: Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq TAP və TANAP marşrutları avropalıların geosiyasi maraqları ilə yanaşı, yaxın gələcəklə bağlı mənafelərinə tam cavab verir.
ABŞ da eyni fikirdədir.
TAP və TANAP
Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə çəkilən Transanadolu (TANAP) kəmərinin tikintisinə bu ilin martında başlanıb.
ABŞ-ın Enerji Məlumatı Administrasiyası bildirir ki, Azərbaycan qazını Türkiyə, İtaliya, Bolqarıstan və Yunanıstana nəql edəcək üç yeni kəmərin ilkin tikinti işlərinə başlanıb.
Bundan əvvəl Cənubi Avropanın qazla təchizatı üçün Rusiya, Mərkəzi Asiya və Yaxın Şərqdən kəmərlərin çəkiləcəyi şirkətlər tərəfindən elan edilsə də, bu planların heç biri baş tutmayıb.
Əvəzində üç yeni və ya genişləndirilmiş kəmər Azərbaycanın Xəzər sahillərini İtaliyanın cənub-şərq sahilləri ilə birləşdirəcək. Azərbaycandan Gürcüstan-Türkiyə sərhədinə gedən Cənubi Qafqaz kəməri uzantısının tikintisinə iyunun sonlarında başlanıb. Gürcüstan-Türkiyə sərhədindən Türkiyə-Yunanıstan sərhədinə çəkilən Transanadolu (TANAP) kəmərinin tikintisinə rəsmən bu ilin martında başlanıb. Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya çəkilən Transadriatik Kəmərinin (TAP) tikintisinə isə 2016-cı ildə start veriləcək.
Cənubi Qafqaz və TANAP kəmərlərinin 2020-ci ilədək istifadəyə verilməsi planlaşdırılıb. Məlumatda deyilir ki, əsas etibarilə neft ixracatçısı kimi tanınan Azərbaycanın qaz istehsalçısı kimi əhəmiyyəti artmaqdadır.
Bu da qeyd olunur ki, hələ 2007-ci ilədək Azərbaycan qazın idxalçısı idi və bu ölkəyə təbii qaz əsasən Rusiyadan nəql olunurdu. Azərbaycan 2006-cı ildə Bakı-Ceyhan kəməri istifadəyə verilənədək öz neftini də Rusiya vasitəsilə nəql edirdi.
Son 10-15 ildə Türkiyəyə və oradan da Avropaya gedəcək böyük qaz kəməri layihəsi çox müzakirə olunurdu. Lakin Nabucco adlanan bu layihə barədə bütün müzakirələr 2013-cü ildə dayandırılıb. Rusiyadan Bolqarıstana çəkilməli olan "Cənub axını" kəmərinin də tikintisinə başlanacaqdı, lakin Avropa ilə Rusiya arasında ixtilaflara görə bu layihə ləğv edildi.
Layihə müzakirəsinin bərpası isə sonradan, 2014-cü ildə Rusiyanın Krımı ilhaqı ilə əlaqədar baş tutmadı. Bu layihənin ləğvindən dərhal sonra Rusiyanın dəstəklədiyi "Türk axını" layihəsi elan edildi. Lakin bu layihə üzrə də 2015-ci ilin iyulunda gözlənilən saziş əldə olunmadı, belə ki, Moskva və Ankara arasında layihənin və qazın qiymətləri barəsində ciddi ixtilaflar var idi.
Hazırda bu layihənin taleyi naməlum olaraq qalır. Avropanın qaz təchizatı üçün Slovakiyadan çəkilməli olan Eastring ikitərəfli kəmərinin layihəsinə dair də söhbətlər var. İran üzərindən sanksiyaların qaldırılması İraq və İranı qaz bazarına gətirə bilər. İrandan Türkiyəyə mövcud qaz kəmərindən istifadə olunsa da, Tehran bu kəmərin Avropaya uzadılmasına ümid edir.
Bununla belə, uzaq perspektivdə görünən bu ideyaların da maneələrlə qarşılaşacağı istisna olunmur. Türkiyə ilə İraqın şimalındakı Kürd Regional Hökuməti və İraq arasında qaz kəmərinin çəkilməsi planları mövcuddur. Bu planlar barədə saziş olmasa da, Türkiyə öz qaz şəbəkəsinin İraqın şimalına uzadılması üzrə işlərə başlayıb.
"Siyasət bəhanə,
qaz şahanə"
Nef-qaz məsələləri üzrə tanınmış ekspertlərdən biri, "European Energy Research Alliance"ın analitiki Murat Yılmaz TAP və TANAP layihələrinin Avropa Birliyi üçün önəmindən bəhs edən məqaləsini "Siyasət bəhanə, qaz şahanə" adlandırıb.
M.Yılmaz yazıb: "Avropa Birliyinin dövlətlərarası siyasi strukturları ilin əvvəlindən bəri Azərbaycana siyasi təzyiq göstərir, rəsmi Bakını "təlimat və göstərişlərə uyğun" davranmağa çağırır. Lakin bu qurumlar unudurlar ki, Azərbaycan indiyədək kənar təsirlərdən heç birinə tabe olmayıb, bundan sonra da kursunu dəyişən deyil. Belədə avropalı siyasətçilər həqiqəti etiraf etmək istəmirlər: onları təbii qaz siyasi problemlərdən, süni tələblərdən və şərtlərdən daha çox maraqlandırır. Situasiyanı Anadolu deyimi ilə səciyyələndirsək, "siyasət bəhanə, qaz şahanə" deyə bilərik və bu, məncə, durumu səciyyələndirən ən dəqiq anlamdır".
TAP və TANAP layihələrinə Avropa Birliyində bəlli siyasətçilərlə siyasi təşkilatların mövqelərindəki "diametral dəyişikliklər"dən bəhs edən ekspertin ironiyasını anlamaq olar.
Sarkazm da güclüdür və anlaşılandır.
Azərbaycana təzyiqlər kampaniyası adlı siyasi balaqanın da davam etdiyini nəzərə alsaq, sözlərlə əməllər və gerçək istəklər arasındakı fərqin belə səviyyəsi yalnız təəssüf doğura bilər.
Avropa həmin təəssüfün obyektidir.
ABŞ bunu avropalılara dərk etdirməyə çalışsa da, təbii qazın subyekt olması hələ də "tənqidçilər"ə çatmır.
Amma çox qalmayıb, qarşıdan qış gəlir.
Məşhur "Game of Thrones" serialındakı deyimdəki təki: "Winter is coming".
Orxan Hun
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52