Elman Rüstəmova qarşı təhlükəli tendensiya başlayır
11:16 20-10-2015
İQTİSADİYYAT
Mərkəzi Bankın devalvasiyaya görə məhkəməyə verilməsi start götürdü
Azərbaycanda vətəndaş Mərkəzi Bankı devalvasiya qərarına görə məhkəməyə verib. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən vətəndaş Sərvan Kərimov Mərkəzi Banka qarşı vurulan zərərin ödənilməsi barədə iddia qaldırıb.
O, bu il fevralın 20-dən 21-nə keçən gecə vurulan 13 423 ABŞ dolları və 4 000 ABŞ dolları mənəvi zərərin, yəni cəmi 17 000 ABŞ dolları miqdarında pul vəsaitinin cavabdehdən tutularaq ona ödənməsi tələbini irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı rədd edib.
Məhkəmə qərarından narazı qalan vətəndaş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib. Bununla da Azərbaycan manatı 33,4 faiz ucuzlaşıb.
Mərkəzi Bankın belə bir qərarı qurumun rəhbəri Elman Rüstəmovu cəmiyyətdə və KİV-də ciddi ittihamlarla qarşı-qarşıya qoyub. Məsələ burasındadır ki, bu il fevralın 21-də Azərbaycanın milli valyutası gözlənilmədən devalvasiya edərkən əslində bu çoxları üçün heç də "sensasion" qərar olmadı. Belə ki, müstəqil iqtisadçı-ekspertlər hələ yanvar ayından etibarən devalvasiya ehtimalı barədə danışırdılar. Amma hökumət cəbhəsindən gələn açıqlamalar nikbin tonda idi. Bu açıqlamalarda manata qarşı hər hansı təhlükənin mövcudluğu inkar edilir, bir növ, xalqın başının altına yastıq qoyulurdu.
Hökumətin devalvasiya təhlükəsi barədə proqnozlara inkaredici münasibətinin pik nöqtəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamaları oldu. Xatırladaq ki, devalvasiya haqqında rəsmi qərarın elan edilməsindən (21 fevral, 2015) cəmi üç gün əvvəl dövlət televiziyasına (AzTV) çıxan Elman Rüstəmov Azərbaycanda kəskin devalvasiyanın gözlənilmədiyini birmənalı şəkildə bəyan etdi. Sitat: "Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur. Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür".
Hər kəs ölkənin baş bankirinin ağzından çıxan bu açıqlama sonrası rahatlamışdı. Amma gəl gör ki, fevralın 21-də, gecəyarısı Mərkəzi Bank ölkə əhalisində, banklarda və iş adamlarında şok effekti yaradacaq bir qərar qəbul etdi - manat kəskin devalvasiyaya uğradıldı.
Bununla da iş adamlarından sadə vətəndaşlardan saysız-hesabsız insan itkiyə uğradı, qazanan isə heç şübhəsiz, hökumət oldu.
Beləliklə də, ictimai təpkilər Elman Rüstəmova qarşı yönəldi. Hələ həmin vaxt bir sıra hüquqşünaslar və ekspertlər baş verənlərlə bağlı zərərə uğrayan vətəndaşların məhkəmələrə müraciət etmək haqlarının olduğunu deyirdilər. Ancaq uzun müddət bu istiqamətdə hər hansı cəhdlər olmadı.
Amma indi məlum olur ki, Mərkəzi Bankı devalvasiya qərarına görə, məhkəməyə vermək istiqamətində ilk təşəbbüs var. İstisna deyil ki, bu təşəbbüslər davam etsin və bununla da həm ölkənin baş bankına, həm də baş bankirinə qarşı təhlükəli tendensiya start götürsün.
Yəni Sərvan Kərimov adlı vətəndaşın Mərkəzi Bankı məhkəməyə verməsi digər zərərçəkənləri də həvəsləndirə bilər və biz Azərbaycanın baş bankına yönəlik oxşar iddiaların tez-tez qaldırılmağa başladıldığının şahidi ola bilərik.
Düzdür, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddianın rədd edilməsi digər vətəndaşlarda ümidsizlik yaradaraq onların da analoji iddialarla çıxış etməsini əngəlləyəcək, ancaq əgər sonrakı məhkəmə instansiyalarında Sərvan Kərimovun iddiası təmin edilərsə, bu həm də manatın devalvasiyası qərarından zərər çəkən digər insanlar üçün "yaşıl işıq" rolunu oynayacaq. Onlar zərərlərinin ödənilməsinin mümkünlüyünə inanacaq və beləliklə də Mərkəzi Banka qarşı bənzər iddialar sürətlə çoxalmağa başlayacaq.
Hər halda bu bizim proqnozlarımızdır. Proseslərin hansı istiqamətdə inkişaf edəcəyini isə heç şübhəsiz, zaman göstərəcək. Odur ki, necə deyərlər, yaşayarıq, görərik.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52