Böhran Azərbaycanın iri məmurlarının biznesini çökdürür
11:18 20-10-2015
İQTİSADİYYAT
Dünyanın ən məşhur geyim brendlərindən biri Bakıdakı butikini bağladı, tanınmış bank ziyana düşdü
Dünyada bazarlarında neftin qiymətinin kəskin azalması, manatın devalvasiyası və s. kimi iqtisadi proseslər öz mənfi təsirlərini hər keçən gün daha aydın hiss etdirir. Elə dünən yayılan iki xəbər də bu söylədiklərimizin təsdiqidir.
Məlumatın birində bildirilir ki, dünyanın ən məşhur geyim brendlərindən olan "Versace" Bakıdakı ən böyük mağazasını bağlayıb.
"Versace"nin Bakıdakı elit mağazası hazırda bağlıdır və dükanın qarşısından onun yerləşdiyi binanın icarəyə verilməsinə dair elan asılıb.
"Versace"nin mağazasının bağlanmasının səbəbləri məlum deyil. Böyük ehtimalla bu, son zamanlar yaranan maliyyə çətinliyi və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlıdır.
Xatırladaq ki, Bakıdakı bahalı brend mağazaların bağlanması barədə bundan əvvəl xəbər yayılmışdı. Həmin mağazaların əksəriyyəti ölkənin iri məmurlarının nəzarətindədir. Məsələn, onlardan bir çoxunun gənclər və idman naziri Azad Rəhimovun biznesinə daxil olduğu heç kimə sirr deyil.
Dünənki digər bir xəbərə görə, bu ilin yanvar-sentyabr aylarının yekunlarına görə, "Caspian Development Bank"ın aktivləri 96,2 milyon manat təşkil edib. Bankın maliyyə hesabatının yaydığı məlumata görə, bunun 45,6 milyon manatı bankın cəmi öhdəliklərinin, 50,6 milyon manatı isə cəmi kapitalının payına düşüb.
Hesabat dövründə bankın kredit portfeli 69,4 milyon manat, depozit porfeli isə 24,8 milyon manat olub.
9 ayın yekunlarına görə, "Caspian Development Bank"ın faiz gəlirləri 3,1 milyon manat, faiz xərcləri 1,1 milyon manat, qeyri-faiz gəlirləri 11,8 milyon manat, qeyri-faiz xərcləri isə 0,9 milyon manata yaxın olub. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 12,95 milyon manat təşkil edib.
Bununla belə, "Caspian Development Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13,45 milyon manat yönəltdiyi üçün, ilin 4-cü rübünə 0,5 milyon manat zərərlə çıxıb.
Qeyd edək ki, bu, bank sektorundakı zərərlə işləyən qurumlar haqqında ilk məlumat deyil. Məsələn, bir müddət əvvəl məlum olmuşdu ki, yüz faiz xarici kapitallı bank olan "AccessBank" QSC uzun müddətdir mənfəətlə işlədikdən sonra zərər edib. Belə ki, Bank 2015-ci ilin birinci rübünü 2 milyon 346.32 min manat xalis zərər ilə başa vurub.
Bankın birinci rübdə cəmi gəlirləri təxminən 45 milyon manat təşkil edib. "AccessBank" 46 milyon 306 min manat faiz gəlirləri əldə etdiyi halda, qeyri-faiz gəlirləri üzrə 1 milyon 276 min manat zərər edib.
Başqa bir məlumata görə, "Silk Vey Bank" ASC də 2015-ci ilin birinci rübünü 92 min 905 manat zərər ilə başa vurub. Belə ki, yanvar-mart aylarında "Silk Vey Bank"ın cəmi gəlirləri 9,7 milyon manat, o cümlədən faiz gəlirləri 5,41 milyon manat, qeyri-faiz gəlirləri isə 4,29 milyon manat təşkil edib.
Birinci rübdə Bankın xərcləri 5,62 milyon manat olub. "Silk Vey Bank" ASC 4,08 milyon manatlıq xalis əməliyyat mənfəətinə qarşı, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 4,17 milyon manat ayırıb. Nəticədə də, Bank birinci rübü 92 min 905 manat zərər ilə başa vurub.
Bank sektorunda da iri məmurların payının yüksək olduğu sirr deyil. Məsələn, "Silk Vey Bank" ASC-tşt "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovla bağlılığı hər kəsə məlumdur.
Bir sözlə, gələn məlumatlar Azərbaycanın iri məmurlarının "biznes imperiyalarının" ciddi təhlükə qarşısında olduğunu, iqtisadi böhranın təsirlərini hər keçən gün daha aydın hiss etdiklərini, faktiki olaraq çökmə riski qarşısında qaldıqlarını deməyə əsas verir. Prosesin yeni başladığını nəzərə alsaq, bir müddət sonra oliqarxlarımızın maliyyə qüdrətinin tamamilə sarsılacağını və onların biznes hegemoniyasının yerlə bir olacağını əminliklə demək mümkündür.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52