III dünya müharibəsi qapıya dayandı!
10:57 21-10-2015
İQTİSADİYYAT
Səhvlərin təkrarı və titrəyən şahmat lövhəsi: heç vaxt olmadığı qədər yaxın olan yeni cahan savaşı
Birinci dünya müharibəsinin başlanmasından 101 il, ikinci dünya müharibəsinin başlanmasından isə 70 il keçdi. Dünyanın şahmat lövhəsi yenidən titrəyir, sanki bəşəriyyət keçmiş tarixin səhvlərini həmişəlik təkrarlamağa məhkum edilib.
Son 70 ildə dünya ilk dəfə üçüncü dünya müharibəsinə bu qədər yaxındır. 2010-cu ildə başlayan "Ərəb baharı" dünyanın şahmat lövhəsini əməlli-başlı titrətdi. Tunis və Misirdəki "bahar" dövlət çevrilişləri ilə nəticələnsə də, Yeni Yaxın Şərq planını cızanlar Suriyada qayaya rast gəldilər. 2011-ci ilin martında Suriyada dövlət əleyhinə etirazlar başlandı. Suriya prezidenti Bəşər Əsəd taxt-tacını qorumaq üçün vuruşmaq qərarına gəldi. Suriya ordusu Tunis və Misir ordularından fərqli olaraq Əsədi dəstəklədi.
İki böyük hərbi dövlət - ABŞ və Rusiya Suriya münaqişəsinin ciddiliyini çox gec anladı, hətta iddia etmək olar ki, onlar reallığı anlamaq fikrindən çox uzaqdırlar. ABŞ və Rusiyanın Suriyadakı "vətəndaş müharibəsi"nə (artıq "vətəndaş müharibəsi" ifadəsi bu ölkədəki vəziyyəti əks etdirə bilməz) reaksiyası əks ekstremal idi. Problemi həll etmək və müharibəyə son qoymaq üçün səylərini birləşdirmək əvəzinə Moskva və Vaşinqton öz maraqlarına yönəlik oyun oynamağa başladılar. 2013-cü ilin iyununda görüşən ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin öz davranışları ilə dünya ictimaiyyətinə nümayiş etdirdilər ki, onlar nəinki bir-birini anlamırlar, hətta bir-birinə nifrət edirlər. Obama ötən il dünya üçün əsas təhdidləri sıralayanda ilk üçlüyü Ebola virusu, Rusiya və İŞİD şəklində formalaşdırması da Rusiya və onun rəhbərliyinə olan nifrətdən xəbər verirdi.
Dünən yayılan məlumata görə, NATO ölkələri Aralıq dənizində genişmiqyaslı hərbi təlimlərə başlayır. Beş həftə ərzində davam edəcək təlimlərə 36 min hərbi qulluqçu, zirehli texnikanın 230 vahidi, 140 təyyarə və 60 hərbi gəmi cəlb olunub. Hərbi alyansdan verilən məlumata görə, təlimlər çoxdan planlaşdırılmışdı və Rusiyanın Suriyada başladığı aviasiya hücumları ilə heç bir əlaqəsi yoxdur. Bundan əvvəl isə Aralıq dənizində Rusiya və Çin birgə, daha sonra isə Rusiya hərbi dəniz təlimləri keçirilib. İsti dənizlərdə hərbi gücünü nümayiş etdirən Rusiyanın manevrləri təbii ki, NATO tərəfindən cavabsız qala bilməzdi.
Hərbi analitiklər hesab edirlər ki, Aralıq dənizi hazırda dünyada ən hərbiləşdirilmiş su hövzəsidir. Aralıq dənizində Rusiya və NATO-nun hərbi qarşıdurma ehtimalını araşdıran Türkiyənin "Radikal" qəzeti Aralıq dənizinin Suriya sahillərində lövbər alan Rusiya və NATO-nun hərbi gəmilərini hesablayıb. Dənizdə Rusiyaya məxsus hərbi gəminin sayı 8, Türkiyənin isə 4-dür. Ümumilikdə 4 türk gəmisi ilə yanaşı, iki ABŞ və bir Fransa gəmisi ilə NATO-nun gücü 7 hərbi gəmi ilə məhdudlaşır. Rusiyanın hərbi gəmilərinin üçü desantçıxarma gəmisidir. Bundan başqa, Rusiyanın 1 kreyser, 1 hücum, 2 dəstək gəmisi və 1 tanker var.
Təbii ki, səslənən rəqəmlər Rusiya və NATO-nun dəniz gücünü tam ortaya qoya bilməz. Yuxarıda qeyd etdik ki, NATO-nun Aralıq dənizində keçirəcəyi hərbi təlimlərə 60 hərbi gəmi cəlb olunub. Və bunların bir hissəsinin də Aralıq dənizində qalması istisna edilmir.
"İraqdan Şimali Afrikaya kimi yerləşən ölkələrdəki qeyri-sabit vəziyyətlə əlaqədar öz cənub sərhədlərimizin mühafizəsi üçün NATO-ya strategiya lazımdır. İttifaq Rusiyaya qarşı uzunmüddətli strategiyanı razılaşdırmalıdır", - Böyük Britaniyanın NATO-dakı səfiri Adam Tompson deyib.
NATO-nun "cənub sərhədlərinin mühafizəsi" deyəndə isə söhbətin Türkiyədən getdiyi aydındır. Suriyada hava əməliyyatlarına qatılan rus qırıcıları Türkiyənin hava məkanını vuranda da NATO "cənub sərhədləri"nin qorunması üçün hər şeyə hazır olduğunu bəyan etmişdi. Hətta bildirilmişdi ki, ittifaq 48 saat ərzində Türkiyəyə hərbi qüvvə göndərə bilər. Belə demək mümkünsə, həmin hərbi qüvvə artıq Aralıq dənizindədir. Və istənilən an NATO nizamnaməsinin 5-ci maddəsi işə düşə bilər.
NATO-nun hərbi təlimləri həm də Suriyaya Xəzər dənizindən atılan raketlərə də cavab ola bilər. Dünyanı "daha təhlükəli" adlandıran Britaniyanın müdafiə naziri Maykl Fellonun sözlərinə görə, hərbi alyans dəniz təlimləri ilə birgə hərəkət etməyə qadir olduğunu nümayiş etdirir.
Hər halda hərbi analitiklər Suriya "xəmiri"nin hələ çox su aparacağını bildirirlər. Bu gün yalnız hərbi təlimlər çərçivəsində atılan raketlərin sabah real döyüş meydanlarında bir-birinin üzərinə atılması istisna deyil. Necə deyərlər, dünyanın şahmat lövhəsi yenidən titrəyir, sanki bəşəriyyət keçmiş tarixin səhvlərini həmişəlik təkrarlamağa məhkum edilib.
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52