Bəzi nazirlərin etimad problemi
10:53 22-10-2015
İQTİSADİYYAT
Onlar hökumətin tərkibində qalmağı bacaracaqlarmı?
Getdikcə özünü daha dərindən hiss etdirən iqtisadi böhran hakimiyyət müstəvisində artıq uzun illər müşahidə etdiyimiz dayanıqlı qüvvələr nisbətini dəyişir. İlk zamanlar hakimiyyət piramidasında qüvvələr nisbətinin dəyişməyə başlaması o qədər də hiss olunmurdu. Amma artıq proseslər açıq müstəviyə keçib və görünən budur ki, dəyişikliklər davam edəcək və ənənəvi populyar oliqarx nazirlərin ön plandan tədricən sıxışdırılıb çıxarılması ilə nəticələnəcək. İqtisadi böhran ilk növbədə inkişaf potensialı olan sahələrə rəhbərlik edən fiqurların, həmçinin hökumətin iqtisadi blokunun ön plana çıxmasını şərtləndirir.
Bu dalğa ilk olaraq bu ilin fevral ayında "Azərbaycan dəmir yolları" QSC-yə sədr təyin olunan Cavid Qurbanovu üzə çıxardı. C.Qurbanov dəmir yollarının ölkənin tranzit potensialını artırmaq imkanlarını aktuallaşdıra bildi və nəticədə "Azərbaycan dəmir yolları" QSC Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarıldı. Daha sonra prezident İlham Əliyev dəmir yollarının Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı üçün vacibliyini vurğuladı. Beləliklə, C.Qurabnaov yeni səlahiyyətlər və yaxşı kart-blanş ala bildi.
Önə çıxan və yeni səlahiyyətlər əldə edən digər fiqur isə sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevdir. Göz önündə olmağı xoşlamayan Ş.Mustafayev bundan sonra tez-tez görünməli olacaq. Lisenziyaların verilməsi, bu sahədə prosedurların təkmilləşdirilməsi və islahatlar aparılması məhz Sənaye və İqtisadaiyyat Nazirliyinə həvalə edildi. Hökumətdə və ekspert dairələrində sadəliyi , texnokrat-peşəkar imici ilə seçilən Ş.Mustafayev yəqin ki, yaxın perspektivdə daha önəmli fiqura çevriləcək. İqtisadi sahədə islahatların aparılmasının əhəmiyyətli komponentlərinə rəhbərliyin məhz ona həvalə ediləcəyini gözləmək olar. Ş.Mustafayev keçmiş həmkarı Fərhad Əliyevin xüsusiyyətlərinə malik olmasa da, iqtisadiyyatda islahatların aktuallaşması onu istər-istəməz hökumətin əsas simalarından biri edəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov üçün də yaxşı perspektiv açılır. Hər iki naziri yüksək işgüzarlıq, peşəkarlıq, komanda ilə işləmək bacarığı və çox yaxşı icraçılıq birləşdirir.
S.Müslümov publika ilə də yaxşı işləməyi bacarır və islahatlara da çox meyillidir. Eyni zamanda bundan əvvəl işlədiyi sahələrdə Maliyyə Nazirliyində, Dövlət Gömrük Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda fəaliyyəti ilə çox yaxşı təsir bağışlayıb və "ÇP"-siz işləyib. Həm gömrükdə, həm də Dövlət Sosial Müdafiə Fondunda çox ciddi quruculuq işləri ilə yadda qalıb. Əmək və əhalinin sosial müdafiəsi naziri kimi də fəallığı və yenilikləri, ictimaiyyətlə ciddi işləməyi ilə fərqlənir. Rabitə və
Yüksək texnologiyalar naziri Əli Abbasov Prezident komandasının ən bacarıqlı üzvlərindən sayılır. Onun karyerası sırf Prezidentin dəstəyi ilə bağlıdır. 2001-2004-cü illərdə Milli Məclisin deputatı və Avropa Şurasının Parlament Assambleyasına göndərilən nümayəndə heyətinin üzvü kimi Prezidentin diqqətini çəkə bilib və 2004-cü ildən nazir postuna təyin olunub. Bu müddətdə peşəkar fəaliyyəti, islahatları, yenilikləri ilə diqqəti çəkib. Hazırda informasiya-texnologiyaları sahəsi ölkədə dinamik inkişaf edən sektora çevrilib. Ə.Abbasov ona həvalə edilən layihələri çox bacarıqla icra edib və xətasız işləyə bilib.
Bu nazirləri xüsusi qeyd etməyimiz təsadüfi deyil. Diqqətli müşahidəçilərin nəzərindən qaçmadı ki, 21 fevral devalvasiyasından sonra bu il, 13 iyulda dövlət başçısının rəhbərliyi ilə keçirilən hökumət üzvlərinin müşavirəsində məhz bu iki nazir çıxış etmişdi. Yalnız onların çıxışının mətni yayılmışdı...
Müşahidəçilərin fikirincə, start götürən iqtisadi islahatlar fonunda hökumətdə gözlənilən dəyişikliklər bu iki nazir üçün də yaxşı perspektiv yarada bilər. Çünki hazırda məhz peşəkarlığı ilə seçilən, siyasətdən çox uzaq texnokrat kadrlar islahatların uğurla aparılmasını təmin edə bilərlər.
Hökumətin iqtisadi blokunun digər üzvləri maliyyə naziri - Samir Şərifov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, vergilər naziri Fazil Məmmədov da əvvəlki dövlərə nisbətən son iki il daha önə çıxıblar. Düzdür, Beynəlxalq Bank ətrafında baş verənlər S.Şərifov və E.Rüstəmov üçün müəyyən problemlər yaradıb. Bununla belə, ölkədə bank və maliyyə sektorunun qeyri-rəsmi "baronu" Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin vurulması onları bu sektorda əsas söz sahibinə çevirib. Onlara yenə etimad göstəriləcəkmi? Bunu zaman və proseslərin axarı göstərəcək.
Prezidentin çox sərt tənqidindən sonra vergilər naziri F.Məmmədov əvvəlki kimi özünə inamlı görünmür. Halbuki, bu ilin iyuluna qədər onunla demək olar ki, hamı hesablaşmaq məcburiyyətində qalırdı. Prezidentin vergilərlə bağlı tənqidləri və yoxlamalarla bağlı çox ciddi iradları, bu sahədə start verilən islahatlar, qohumu Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun fəaliyyəti F.Məmmədovun karyera perspektivinə kölgə salıb. Bununla belə F.Məmmədov vergi inzibatçılığı, bu sahədə elektron xidmətlərin təşkilində aparılan islahatlar, tapşırıqların yaxşı icrası ilə təriflənib. Ona yenə şans veriləcəkmi? Bu məsələdə nikbin olanlarla bədbinlərin sayı təxminən bərabərdir.
Sonda qeyd edək ki, iqtisadi islahatlar dövründə hökumətin iqtisadi blok üzvlərinin ön plana çıxması, qərarların qəbulunda peşəkar-texnokrat kadrların rolunun artması bir qanunauyğunluqdur. Bu proses, hətta Rusiyada da qabarıq nəzərə çarpır. Bir müddət əvvəl əhalinin əksəriyyətinin tanımadığı baş nazirin müavinlərinin adları belə indi dillər əzbəri olub.
Neft erasının bitməsi ilə oliqarx nazirlərin də dövranı başa çatmaq üzrədir. Artıq o zaman çatıb ki, oliqarxlar, inhisarçı nazirlərin münasibəti heç nəyi həll etmir. Əksinə, texnokrat-peşəkar nazirlərin yanaşması, onların ideyaları hökumətin gündəliyini və siyasətini müəyyənləşdirəcək.
Zaur İbrahimlima
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53