Prezident

İlham Əliyev fərman imzaladı; Nazirlərə vaxt verildi

Azərbaycan Prezidenti İlham Əliyev gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında fərman imzalayıb.
"Unikal" xəbər verir ki, dövlət başçısı gömrük-buraxılış məntəqələrində gömrük-keçid qaydalarının sadələşdirilməsi məqsədilə qərara alıb: Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2000 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar (aksizli mallar, avtonəqliyyat vasitələri və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olmaqla) gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçirilir.
Dövlət Gömrük Komitəsinə tapşırılır ki, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2011-ci il 3 mart tarixli 396 nömrəli fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq, gətirilməsi və aparılması qadağan edilən və məhdudlaşdırılan əşyaların siyahısının dövlət sərhədinin buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirildiyinə dair məlumatı bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin.
Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
E.Rüstəmov