Müsavat daxilindəki "seçki razborkası" qızışır
11:24 23-10-2015
İQTİSADİYYAT
Tural Abbaslı: "Deyəsən AXCP ilə bir-birilərini təhqir etmə mərhələsi qurtarıb, keçiblər daxilə"
Xəbər verdiyimiz kimi qarşıdan gələn parlament seçkilərində fərqli ampulalarda iştirak məsələsi Müsavat Partiyasının daxilində gərginliyi artırıb. Məlumat üçün bildirək ki, sonuncu qurultayın nəticələrindən narazı qalan və Arif Hacılının başqan seçilməsinin legitimliyini qəbul etməyən bir qrup müsavatçının "Ağ Blok" adlı qurum təsis etməsi və seçkilərə qatılması Müsavatda daxili gərginliyi artırıb. Müşahidəçilər proqnozlaşdırır ki, bu məsələ Müsavatdan yeni qopmaların olacağını istisna etmir və 1 noyabr seçkilərindən dərhal sonra sözügedən prosesi müşahdə edəcəyik. Elə bu gün baş verənlər, tərəflərin bir-birinə ağır ittihamlar sürməsi də həmin iddianın reallaşacağını düşünmək üçün əsaslar yaradır.
Belə ki, Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova MNTK-nın iclasında Tural Abbaslı və onun ətrafında olan müsavatçıların müzakirə edildiyini və Tural Abbaslının növbəti iclasa çağırıldığını bildirib. Sevinc Hüseynova deyib ki, Tural Abbaslı Müsavat Partiyasının nüfuzuna zərbə vurub. "Ağ Blok"un işinə də toxunun Sevinc Hüseynova onların fəaliyyətinin uğursuz olduğunu deyib.
MNTK sədrinin Tural Abbaslı haqqında bu cür danışması keçmiş MGT sədrinin yaxın zamanlarda partiyadan kənarlaşdırılacağı kimi qiymətləndirilir. Sevinc Hüseynovanın fikirlərinə "Ağ Blok"un təsisçilərindən olan Tural Abbaslının reaksiyası isə özünü çox gözlətməyib. Sözügedən məsələylə bağlı Tural Abbaslı aşağıdakıları söyləyib:
"Sevinc Hüseynova çalışsın özünün branşına uyğun açıqlamalar versin. "Ağ Blok"un fəaliyyəti, namizədləri, namizədlərinin təbliğatının analizi onun statusuna daxil deyil və onun fikirləri də bizim üçün ümumiyyətlə maraqlı deyil. Sevinc Hüseynovanın siyasi bilikləri belə zəngindirsə özünə tətbiq etsin. Nə istəsələr edə bilərlər. Bu məsələdə nə Sevinc Hüseynova, nə Gülağa Aslanlı yoxdur. Bu məsələlərin başında Arif Hacılı durur. Arif Hacılının göstərişi il rayon təşkilatının özəyində partiyanın bərpa qurultayının üzvü olan Vurğun Əyyubu ali təhsili belə olmayan 3 adamın əli ilə xaric elətdirən, bizi də partiyadan kənarlaşdıra bilər. 4 başqanlığa namizəddən ikisini bu və ya digər yolla çıxartdıran Arif Hacılı təbii ki, bizi də bir yolla partiyadan uzaqlaşdıracaq. Bu qətiyyən partiyanın düşündükləri deyil. Tural Abbaslının Müsavat Partiyası üçün nə olduğunu və Müsavat partiyasının Tural Abbaslı üçün nə olduğunu bütün Azərbaycan bilir. Bu məsələlərdə əks tərəf kimi bir nəfəri görürəm, o da Arif Hacılıdır. Oyunlar, bəyanatlar, intriqalar, açıqlamalar, bunların hamısı Arif Hacılının sifarişi ilə həyata keçirilir".
"Ağ Blok" təmsilçisi daha sonra vurğulayıb ki, əks tərəf onlarla mübarizəyə sərf etdikləri vaxtdan daha səmərəli istifadə edə bilərlər və bunu etsələr daha yaxşı olar: "Onlar namizədlərini, onların təbliğat-təşfiqatını, Müsavat partiyasının parlamentdə təmsil olunmasını düşünsünlər. Bir ildir nə ediblər bununla bağlı hesabat versinlər, gedib gənclər təşkilatını bərpa etsinlər. Gündəmdə qalmaq istəyirlərsə başqa adam tapsınlar. Deyəsən AXCP ilə bir-birilərini təhqir etmə mərhələsi qurtarıb, keçiblər daxilə".
Qeyd edək ki, Tural Abbaslı müsavatçı olsa da parlament seçkilərində namizədliyini Müsavat partiyasından yox, "Ağ Blok"dan verib və bu məsələ Müsavat Partiyasında böyük narazılıqla qarşılanıb. Yuxarıda da qeyd etdiyimiz kimi Müsavat daxilindəki bu "seçki razborkası"nın seçkilərdən sonra növbəti parçalanmaya yol açacağı daha inandırıcı görünür.
Orxan
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53