Əli Həsənovun elmi məqaləsi


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Rusiyada çap olunan nüfuzlu "Science and world" jurnalının sentyabr nömrəsində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələlərindən bəhs edən elmi məqaləsi dərc edilib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.
Müəllif son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil etdiyini və bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "Böyük Ermənistan" dövləti yaratmaq olduğunu qeyd edib.
Məqalədə strateji baxımdan mühüm əhəmiyyətə malik olan Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən çoxlu sayda erməni əhalisinin köçürülməsinə XIX əsrin əvvəllərində başlanıldığı, nəticədə XX əsrin əvvəllərindən etibarən erməni millətçiləri "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirdiyi və azərbaycanlıları tarixi torpaqlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladıqları qeyd edilib.
Mənbələrə əsasən, məqalədə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qaldıqları təsdiq edilib. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində minlərlə azərbaycanlının ən qəddar üsullarla qətlə yetirilməsı məqalədə faktlarla diqqətə çatdırılıb.
Professor Əli Həsənov Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü ildə muxtar vilayət statusu verildiyini və bu hadisə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə olduğunu qeyd edib. Bununla da sovet dövründə Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan erməni icması bütün siyasi, iqtisadi, sosial və mədəni muxtariyyətə malik olub, ancaq Ermənistan öz ərazi iddialarını bir neçə dəfə ortaya atıb, lakin istəyinə nail ola bilməyib. Məqalədə hər dəfə Qarabağa dair ərazi iddialarının kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılması diqqətə çatdırılıb.
Tarixçi alim, bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunduğunu diqqətə çatdırıb. Məqalədə faktlara və rəqəmlərə əsasən işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılıb, talan edilib və yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edildiyi də göstərilib.
Məqalədə münaqişənin ədalətli həlli və işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi, ancaq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərildiyi vurğulanıb.
Əli Həsənov məqalədə qeyd edib ki, XX əsrin sonlarında ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Müəllif vurğulayır ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. Bununla yanaşı, məqalədə müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın,Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır və adı çəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.