Cahangir Əsgərova türk şirkətlərindən böyük şok
«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) uçuş biletlərinin qiymətinin yüksək olması, aviareyslərin bahalığı cəmiyyətdə və mətbuatda müzakirə mövzusu olaraq qalır. Cahangir Əsgərovun rəhbərlik etdiyi qurum qiymət siyasətinə görə kəskin tənqid hədəfinə çevrilsə də, hələlik bu istiqamətdə narazılıqlar tamamilə aradan qaldırılmayıb.

Hətta AZAL-ın aviareyslərinin vətəndaşlara baha başa gəlməsi ölkə başçısı İlham Əliyevin də diqqətini çəkib. Prezident Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı məsələ ilə bağlı sərt iradlarını və xəbərdarlıqlarını çatdırıb. «"Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır?" - dövlət rəhbəri deyib.

Prezident bildirib ki, AZAL dövlət tərəfindən böyük subsidiyalar alır: "Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır».

Ölkə başçısının məsələyə müdaxiləsindən sonra Cahangir Əsgərov məsələnin həlli istiqamətində müəyyən addımlar atsa, ən azı AZAL-dan verilə açıqlamalarda aviabiletlərin ucuzlaşdırılması yönündə işlər görüldüyü bildirilsə də, bu mövzu mütəmadi olaraq gündəçməç gəlməyə, narazılıqlar, şikayətlər eşidilməyə davam edir.

Belədə isə dövlət rəhbəri səviyyəsində müzakirə olunan problemin kökündən və tamamilə həlli istiqamətində təsirli addımların atıldığına şübhələr yaranır.

Dünən isə AZAL-ın ucuz aviareyslər istiqamətindəki axtarışları ilə bağlı maraqlı məlumat yayılıb. Məlumatın qaynağı isə elə «Azərbaycan Hava Yolları» QSC-nin özüdür. Belə ki, Bunu AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib ki, «Türkiyənin aşağı büdcəli aviasiya reysləri ("lou-kost") təşkili ilə məşğul olan aviaşirkətləri Azərbaycana uçuşlar həyata keçirmək təklifini nəzərdən keçirməkdən imtina ediblər».

A.Məmmədovun sözlərinə görə, AZAL Türkiyənin "Pegasus" şirkətinə Qəbələ və Lənkərana "lou-kost" uçuşları həyata keçirməyə başlamağı təklif etmişdi. "Türkiyə şirkəti bu təklifimizi nəzərdən keçirməyə başlamışdı. Lakin "Pegasus" şirkəti bu məsələ üzrə danışıqları dayandırdı. Səbəb odur ki, "Türk Hava Yolları" Naxçıvan və Gəncəyə aviareyslər təşkil edir. Görünür, "Pegasus" şirkəti bu uçuşların onlarda alınmayacağını anladı.

Daha bir türk loukosteri - "Atlas Jet" şirkəti də Azərbaycana uçuşlar təşkil etmək imkanlarını öyrənirdi. Lakin bu şirkət də bizimlə danışıqları dayandırıb. Bizsə öz növbəmizdə Azərbaycana aviareyslər təşkil etmək istəyən hər bir şirkətə doğru addım atmağa hazırıq" - deyə A.Məmmədov bildirib.


Maraqlıdır ki, AZAL-ın vitse-prezidenti türk şirkətlərinin «Azərbaycan Hava Yolları» QSC-nin ucuz avireyslərin təşkili ilə bağlı istəklərinə «yox» deməsinin konkret səbəblərini açıqlamayıb. Amma görünən odur ki, qardaş ölkənin aviaşirkətləri Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC ilə əməkdaşlıqda maraqlı olmayıblar, bunun isə ciddi səbəblərinin olması istisna deyil. Mümkündür ki, bunda AZAL-ın inhisarçı qurum olması, onun ictimai tənqidlərin hədəfinə çevrilməsi az rol oynamayıb.

Hər halda yaxşı olardı, türk şirkətlərinin onlarla əməkdaşlıqdan faktiki olaraq imtina etməsini açıqlayan AZAL rəsmiləri bunun arxasındakı səbəbləri, əsaslandırmaları da açıqlayardılar.