Prezidentin xəbərdarlığı məmurların qorxunc röyasına çevrilib
12:45 27-10-2015
İQTİSADİYYAT
Sahibkarlara görə cəzalananların sırası genişlənəcək; iri məmurlardan sonra növbə icra başçılarınındır...
Ölkədə baş verən son olaylar prezident İlham Əliyevin məmurlarla bağlı çoxsaylı xəbərdarlıqlarının artıq icraya yönəldiyini göstərir. Bu baxımdan təkcə adına "MTN işi" verilmiş olaylara diqqət çəkmək yetərlidir. Məlum olduğu kimi, milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən azad olunması, ardınca isə iri ranqlı və rütbəli MTN əməkdaşlarının bir-birinin ardınca həbs olunması günün 1 nömrəli mövzusu olaraq qalmaqdadır. Verilən rəsmi açıqlamalarda bəzi MTN əməkdaşlarının sahibkarlara qarşı qanunsuz tələblər irəli sürməsinə dair şokedici faktlar açıqlanıb. Həbslərin motivində də məhz bu amilin həlledici rol oynadığı bəllidir.
Ölkədə yaradılan əlverişli biznes mühitinə, azad sahibkarlığın inkişafına əngəl olanların həbs prosesinin bundan sonra da davam edəcəyi isə şübhəsizdir. Hər halda bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 25-də Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimindən sonra zavodun kollektivi ilə görüşündə dedikləri də sübut edir. Həmin görüşdə dövlət başçısı sahibkarlara maksimum sərbəstlik verilməsinin tərəfdarı olduğunu önə çəkməklə bəzi hallarda kimlərinsə bu siyasətə qarşı gəldiyini və onların cəzasız qalmayacaqlarını bəyan edib: "Bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər göstərilir, onların işinə müdaxilələr olur, onlara qarşı əsassız tələblər irəli sürülür, qanunsuz ödəmələr tələb olunur. Bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək. Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər ".
Prezidentin "Sumqayıt açıqlamaları"nda diqqət çəkən mühüm məsələlərdən biri də sahibkarlara mane olanlara sərt dildə xəbərdarlığın edilməsidir. Dövlət başçısı sözügedən mövzuyla bağlı məmurlara dəfələrlə xəbərdarlıq etdiyini xatırladaraq artıq əməli addımların atılacağına işarə vurub. Hər halda onun "kim ki, söz başa düşmür, öz cəzasını alacaq" sözlərinin alt qatında nələrin yatdığı kimsəyə sirr deyil: "Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq, artıq ictimaiyyət bunu görür və görəcək".
Dövlət başçısı nitqinin sonunda bütün iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət edərək, sahibkarlara öz dəstəyini də vəd edib: "Əgər onların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın".
"Unikal" qəzeti xatırladır ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində də "sahibkarları soyurlar, boğurlar, incidirlər",- deyə sərt çıxış etmişdi. Bu çıxışdan dərhal sonra yüksək vəzifəli məmurların həbsinin həyata keçirilmişdi. Odur ki, prezidentin "Sumqayıt açıqlamaları"nın da izsiz qalmayacağı və həbs dalğasının davam edəcəyini ehtimal etmək daha doğru olardı. MTN, gömrük və vergilər sistemindəki məlum olaylardan sonra isə növbənin yerli icra başçılarına çatdığını düşünmək olar. Heç kəsə sirr deyil ki, sahibkarların işinə əngəl törədən böyük qüvvələr həm də yerli icra hakimiyyəti orqanlarıdır. Az qala icra başçıları özlərini əyalət padşahı kimi aparır, sahibkarlarla istədikləri kimi davranırlar.
Sirr deyil ki, yerlərdəki rüşvət, məmur özbaşnalığı, insanlar arasında ayrıseçkilik mühiti əhalinin vəziyyətini çətinləşdirir. Kiçik və orta sahibkarlar rayon icra hakimiyyəti nümayəndələri tərəfindən sıxışdırılır, eyni zamanda insanlara hədələyici münasibət göstərilir. Yerlərdə külli miqdarda mənimsəmə əməliyyatları həyata keçirilir ki, bunun da başında icra başçıları və onların komandası durur. İcra hakimiyyətlərində demək olar ki, heç kimin problemi həll olunmur.
Yalnız insanlara yalançı vədlər verilərək başlarının altına "yastıq qoyulur". Bunun bir səbəbi odur ki, əksər başçılar bizneslə məşğuldur. Ona görə də sahibkarları sıradan çıxararaq onların əmlakını öz əllərində cəmləyirlər. Səsini çıxaranı isə müxtəlif üsullarla həbsxanaya göndərirlər. Ən yaxşı halda belə çətinliklərlə üzləşən sahibkarlar ölkədən getməli olurlar. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin diqqətindədir və heç bir məsələ sirr deyil. Odur ki, artıq insanlarda əminlik yaranıb ki, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov və komandasının aqibəti yerli icra hakimiyyəti orqanlarından da yan keçməyəcək.
İcra başçılarının rayonlardakı abadlıq-quruculuq işlərini adətən sahibkarların boynuna qoyaraq, bu məqsədlə büdcədən ayrılan pulları isə mənimsəməsi halları da geniş yayılıb. Eyni zamanda sahibkarların icra başçılarının təhriki ilə yerli hüquq-mühafizə orqanları tərəfindən daim təzyiq altında saxlanması da heç kəsə sirr deyil. Bütün bunlar isə iri məmurlardan sonra cəzalandırma növbəsinin icra başçılarına çatacağına inamı artırır.
Orxan
Digər Xəbərlər
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05