Elman Rüstəmov 3 iri bankı yoxlamağa başladı
10:12 28-10-2015
İQTİSADİYYAT
Mərkəzi Bankın yoxlama tədbirlərində gerçək məqsəd nədir?
Azərbaycan Mərkəzi Bankı ölkənin 3 aparıcı bankında davamlı yoxlama tədbirlərinə başlayıb. fins.az-ın əldə etdiyi məlumata görə, söhbət sistem əhəmiyyətli "Azərbaycan Beynəlxalq Bankı", "Kapital Bank" və "Unibank"dan gedir.
Yoxlamalar beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirilir. "Davamlı yoxlamalarda məqsəd bank sektorunda yarana biləcək problemləri yerindəcə həll etməkdir" - deyə məlumatda bildirilir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanın bank sektoru ilə bağlı perspektivdə gözlənilən arzuolunmaz tendensiyalar haqqında çox danışılmağa başlanılıb. Elman Rüstəmovun rəhbərlik etdiyi ölkənin baş bankının bu ilin fevralında qəbul etdiyi qəfil devalvasiya qərarından sonra onsuz da ciddi problemlərlə üzləşən ölkə bankları daha bir təhlükə ilə üz-üzədirlər.
Məsələ burasındadır ki, bir neçə gün əvvəl yayılan məlumata görə, Azərbaycanın bank sektoru yeni bir təhlükə ilə üz-üzə qala bilər - beynəlxalq maliyyə qurumları ölkə banklarındakı vəsaitlərini geri çəkə bilərlər. Bank sektorundakı bu narahatlıq 2015-ci ilin üçüncü rübündə beynəlxalq maliyyə qurumlarının ölkə banklarından birindən 61 milyon manata yaxın vəsaiti geri çəkməsindən sonra başlayıb. Bank həmin vəsaitlərin qaytarılmasını müqavilə müddətinin bitməsi ilə izah etsə də, iqtisadiyyat dairələrində bunu, ümumiyyətlə, Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrin bank sektorunu gözləyən çətinliklə izah edirlər.
Beynəlxalq Maliyyə İnstitunun (IIF) bu yaxınlarda dərc etdirdiyi hesabatda deyilir ki, 1988-ci ildən bu yana ilk dəfə olaraq, inkişaf etməkdə olan ölkələrdə kapitalın netto-axını mənfi olacaq. Özü də, vəziyyətin pisləşməsi iki tərəfdən müşahidə edilir: xarici sərmayəçilər yatırımları azaldırlar, rezidentlər isə xaricə daha çox pul çıxarırlar.
İnstitut indiki böhranın inkişaf etməkdə olan ölkələrin daxili problemlərindən qaynaqlandığını bildirir: Bu ölkələrdə iqtisadi artım templəri ardıcıl olaraq düşür. Həmçinin, ölkələr Çindəki vəziyyəti və Pekinin apardığı siyasəti narahatlıqla izləyirlər. IIF-in proqnozuna görə, inkişaf etməkdə olan ölkələri bu il 1 trilyon dollara yaxın vəsait tərk edəcək və mənfi saldo 540 milyard dollar təşkil edəcək. Keçən il isə kiçik də olsa 32 milyard dollarlıq müsbət saldo müşahidə edilmişdi.
"Standard & Poor’s" agentliyi isə öz hesabatında inkişaf etməkdə olan ölkələr arasında 4 ölkənin banklarının xarici valyutalarda hecləşdirilməmiş, yəni sığorta edilməmiş aktivləri və öhdəlikləri üzündən ciddi risklər daşıdığını bildirir. Həmin 4 ölkənin sırasında Azərbaycanın, Qazaxıstanın, Ukrayna və Nigeriyanın adları yer alır.
Böyük ehtimalla, IIF və "Standard & Poor’s" kimi qurumların müvafiq hesabatları məhz beynəlxalq qurumların öz vəsaitlərini Azərbaycan banklarından çəkməsinə səbəb olub. Durum bir neçə ay öncə Çində başlanan prosesə bənzəyir. Bu ölkənin müəssisələri beynəlxalq təşkilatlardan 16 trilyon dollara yaxın vəsait alıblar, ölkənin illik ümumi daxili məhsulu (ÜDM) isə cəmi 10 trilyon dollardır. ÜDM-in 160 faizinə bərabər olan xarici borclanma Çin iqtisadiyyatı üçün həddindən artıq təhlükəli perspektivlər vəd edir (ABŞ-da bu göstərici 80%-dən yüksək deyil). Buna görə də, beynəlxalq təşkilatlar vəsaitlərini Çindən çıxarmağa başlayıblar. Bu mənzərə analoji proseslərin kiçik miqyasda da olsa, Azərbaycan banklarında da başlaya biləcəyini ehtimal etməyə imkan verir.
Ehtimal etmək olar ki, Elman Rüstəmovun ölkənin 4 iri bankında yoxlama tədbirlərinə başlaması da bununla bağlıdır. Ekspertlərin əksəriyyəti hesab edir ki, neftin kəskin ucuzlaşması şəraitində Mərkəzi Bank Azərbaycanın bank sektorunu mümkün təhlükələrdən qorumaq istiqamətində gərəkən addımları (həm də vaxtında!) atmadığından narahatlıq doğuran məsələlər kifayət qədərdir.
Onlar bildirirlər ki, Azərbaycan banklarının IIF və "Standard & Poor’s" kimi qurumların proqnozlarını ciddiyə alan banklar var. Məsələn, Beynəlxalq Bank bu aydan dollar ilə depozitlərin illik dərəcəsini 2%-ə endirib. Gözlənilir ki, digər banklar da Beynəlxalq Bankın yolu ilə gedərək bu addımı atacaq. Bunun nəticəsində, əmanətçilərin böyük hissəsi əmanətlərini banklardan geri çəkməli olacaq. Nəticədə, xeyli vəsait banklardan alternativ sektorlara yönəlməli olacaq. Bu isə ciddi inflyasiya təhlükəsi yarada bilər. Odur ki, hökumət bunun qarşısını almaq üçün pulları daha gəlirli sahələrə - fond bazarına və s.-ə yönəltmək barədə düşünməlidir.
Ümumiyyətlə yaranmış şəraitdə Mərkəzi Bankın atacağı addım və verəcəyi qərarların əhəmiyyəti böyükdür. Bunun üçün Elman Rüstəmov və onun rəhbəri olduğu ölkənin baş bankının bu ilin fevralındakı devalvasiya qərarından fərqli olaraq, daha müdrik və uzaqgörən tərpənməsi vacibdir.
Baxmayaraq ki, bu məsələ ilə bağlı bank sektorunda baş bankirə qarşı etimadsızlıq əhval-ruhiyyəsi güclüdür. Elman Rüstəmovun devalvasiyadan bir neçə gün əvvəl manatın ucuzlaşmayacağını qətiyyətlə elan edib ardınca da dolları milli valyutaya nisbətdə bahalaşdırması həmin etimadsızlığın əsas səbəbidir.
Həmin əhval-ruhiyyə aradan qaldırılmalıdır və Azərbaycan bankları zəruri addımların atılması ilə gözlənilən bütün mənfi risklərdən qorunmalıdır. Mərkəzi Bank və onun sədri artıq həm beynəlxalq maliyyə qurumlarının və reytinq təşkilatlarının, həm də yerli müstəqil iqtisadçı ekspertlərin rəylərinə diqqətlə yanaşmalı, devalvasiya qərarının verildiyi vaxtlardakından daha səmimi və şəffaf davranmalıdır.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52