Putinin

İŞİD Rusiyanın ölkəmizdəki səfirinin iddia etdiyi kimi Azərbaycana böyük təhlükədirmi?

Rusiyanın Azərbaycandakı səlahiyyətli səfiri Vlodimir Doroxin ölkə mediasına verdiyi açıqlamalar günün əsas müzakirə mövzularından birinə çevrilib. Xatırladaq ki, o açıqlamalarında İŞİD-lə mübarizənin vacibliyi məsələsinə toxunaraq təhlükənin Şimali Qafqaz, o cümlədən Azərbaycan üçün də kifayət qədər böyük olduğunu söyləyib. Qeyd edək ki, səfirin bu açıqlaması diqqətləri yenidən "Azərbaycanda İŞİD təhlükəsi varmı" diskusiyyalarına yönəldib. Maraqlıdır, görəsən Putinin sözçüsünün bu sözləri nə dərəcədə həqiqətdir, dünyanı vahimədə saxlayan İŞİD-in ölkəmizlə bağlı planları varmı və varsa həmin planda nələr yer ala bilər?

Səfir bildirib ki, Rusiya üçün hazırda İŞİD-in ətrafında baş verən hadisələr milli təhlükəsizlik, praqmatik olaraq milli maraqların məhv edilməsi məsələsidir. Onun sözlərinə görə, Rusiya bu qruplaşmanı öz yerində məhv etmək düşüncəsi ilə belə bir qərara gəlib.Doroxin həmçinin vurğulayıb ki, Rusiya üçün bu, böyük səfərbərlik idi. O, bu fikrini onunla izah etməyə çalışıb ki, guya İŞİD-in planında Şimali Qafqaz da var və hansı ki, bu bölgəni də ələ keçirmək istəyirlər.
Doroxin açıqlamasında inandırmağa çalışıb ki, cəmi bir neçə min rusiyalı İŞİD-ə qarşı döyüşür. Onun sözlərinə görə, əməkdaşlıq əlaqələri də bu yaxınlarda Rusiyaya səfər edən prezident Əsədlə razılaşdırılmış şəkildə icra olunur. Bunlar bir yana, diqqəti İŞİD-in Qafqaz planına yönəltmək istəyirik. Doğrudanmı İŞİD qruplaşmasının Quzey Qafqaz planı Rusiyanı belə qorxuya salıb? O zaman səfirin sözlərindən belə çıxır ki, Şimali Qafqazdan aşağıda yerləşən Azərbaycan Respublikası bu terror qruplaşması üçün lap ayağaltı ola bilər. Doğrudanmı İŞİD-in Azərbaycanla bağlı ciddi planları var. Həqiqətənmi Suriyanı, İraqı altını-üstünə çevirən bu qruplaşma Azərbaycana da caynaq uzatmağa çalışır?
Bir sıra ekspertlər isə haqlı olaraq belə hesab edir ki, Rusiya bu məsələni haddən artıq qabartmaqla, təhlükənin reallığını şişirtməklə bölgədə özünə tərəfdaş tapmaq üçün təbliğat xarakterli addımlar atır. Bilindiyi kimi Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlar beynəlxalq aləmdə birmənalı qarşılanmır. Rusiya bu məsələdə özünə tərəfdaş tapmaq üçün təbliğat xarakterli addımlar atır. Bu məqsədlə rus televiziyaları Kremlin İŞİD-ə və terrorizmə qarşı Suriyada tək mübarizə apardığını, bu işdə öndə olduğunu qeyd edirlər. Doroxinin Azərbaycan mediasına verdiyi bəyanatda da xeyli təbliğat notlarının olduğunu görməmək mümkün deyil. Burada məsələnin real təsvirindən başqa bir sıra təbliğat xarakterli məsələlər də görünür. Bununla da öz tərəflərinə qüvvələr cəlb etmək istəyirlər.
Görünür, Rusiya diplomatı bununla diqqətə çatdırmaq istəyir ki, İŞİD Azərbaycan üçün də təhlükəlidir. Bundan başqa, Rusiya belə bəyanatlarla Suriyadakı əməliyyatlarına haqq qazandırmağa və kimlərinsə nəsə deməyinə fikir verməməyə çalışırlar. Bununla belə səfir Doroxinin məlum bəyanatında həqiqət notlarının olduğunu da etiraf etmək lazımdır. Unutmayaq ki, Rusiya ərazisindəki Şimali Qafqaz bölgəsi radikal islamçıların məskunlaşdığı və uzun müddət Moskvanı narahat edən hadisələr baş verib. Hazırda 3000-dən çox Rusiya vətəndaşı faktiki olaraq İŞİD-in tərkibində vuruşur. Onlardan sağ qalanları ölkələrinə geri qayıtsalar, Azərbaycandan tranzit ölkə kimi istifadə edəcəklər. Hələ Boris Yelsinin dövründə də buna oxşar nüanslar olmuşdu. Ona görə də Rusiya maksimum çalışır ki, Azərbaycanı ayaqda saxlasın ki, geri dönəcək İŞİD-çilər üçün koridor açılmasın. Burada əsas nüans isə böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, Rusiya Suriya əməliyyatlarını dəstəkləmək üçün ətrafına tərəfdaş toplamağa çalışır.
İŞİD-in bütün müsəlman ölkələri üçün planları yox, arzuları var ki, biz orada şəriət dövləti quracağıq, hər şey orada şəriətlə idarə olunacaq. Reallığa qalsa onlar bu arzularından indi çox-çox uzaqdadırlar. Onlar Suriyadan, İraqdan, Türkiyədən keçib burada ərazi tutub məskunlaşa bilməzlər. Terror hadisəsi törədə bilərlər, amma ərazi tutulması qeyri-mümkündür. İraq və Suriyada bunları etmək onlar üçün asan ola bilər, ancaq Azərbaycana gəldikdə onların bu arzuları burada baş tuta bilməz. Nə də hakimiyyəti devirə bilməzlər. Sadəcə olaraq, onların tərəfdarı olan az bir qisimdə adamlar var ki, onlar vaxtilə Suriyaya gedib-gəliblər, və ya hər hansı formada onlarla əlaqələri olub. Həmin qüvvələr müəyyən dərəcədə radikal islamçıları da öz tərəflərinə cəlb edə bilərlər. Əhalini qorxutmaq, siyasi stabilliyi pozmaq məqsədi ilə terror aktlarının törədilməsinə cəhdlərin edilməsi istisna deyil. Bu mənada, yəni terror aktları həyata keçirməklə İŞİD Azərbaycan üçün təhlükəlidir. İŞİD-in nəinki Azərbaycanla bağlı, hətta İndoneziya ilə bağlı da fikirləri var. İstəyirlər ki, gedib orada da İslam dövləti olduğu üçün şəriət qursunlar. Onların bütün İslam ölkələri üçün planları budur.
Bununla belə, hesab edirik ki, səfir Doroxinin İŞİD-in Azərbaycan üçün təhlükəli olması haqda eyhamlarında daha çox təbliğati məqamların çoxluq təşkil etməsi diqqətdən yayınmır.
Elvin