Hakim fikir odur ki, Azərbaycan demokratik ənənələrinə uyğun olaraq seçkiləri ədalətli və şəffaf keçirməklə dünyaya nümunə göstərəcək
Azərbaycan parlament seçkilərinə hazırlaşır və bütün dünyanın diqqəti ölkəmizə yönəlib. Düzdür, böyük əksəriyyət Azərbaycanda normal seçkilərin keçiriləcəyinə inanır və bunun başlıca səbəbi kimi ölkədə vətəndaş cəmiyyətinin kifayət qədər aktiv olması göstərilir.
Amma elə qüvvələr də var ki, Azərbaycanda sabitliyi pozmaq üçün vətəndaş cəmiyyətinin daxilinə sızmağa çalışır və bununla da məqsədlərinə nail olmağa cəhdlər edirlər. Hətta buna görə bir sıra qüvvələr Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina qərarı verdilər. Ancaq istəklərinə nail ola bilmədilər. Çünki Azərbaycanda vətəndaş cəmiyyəti kifayət qədər bütövləşib və digər ölkələrin vətəndaş cəmiyyətləri ilə sıx əlaqələr qura biliblər. Elə bunun nəticəsidir ki, artıq başqa ölkələrin vətəndaş cəiyyətləri, bir sıra beynəlxalq qurumlar Azərbaycanda seçkiləri izləmək üçün artıq Azərbaycana səfərlərə başlayıblar.
Belə ki, Belarus Dövlət Agentliyi Azərbaycanda parlament seçkilərini izləyəcək MDB müşahidəçilərinin seçkiöncəsi təəssüratları haqda məqalə yayımlayıb. Məqalədə MDB-nin uzunmüddətli müşahidəçilərinin seçki komissiyalarının işi ilə tanış olduğu bildirilir: "MDB seçki müşahidə missiyasına Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan nümayəndələri, MDB Parlamentlərarası Assambleyası və MDB İcraiyyə Komitəsi daxildir. Seçkiləri izləyəcək müşahidəçilərdən savayı, hazırda Azərbaycanda olan 12 uzunmüddətli müşahidəçi seçki komissiyalarının işləri ilə tanış olurlar. Onlar Sumqayıt, Abşeron, Qəbələ və İsmayıllıda yerləşən komissiyalarda olublar. MDB müşahidəçiləri komissiyaların açıq və şəffaf fəaliyyət göstərdiyini qeyd edirlər. Komissiyalar qanunvericiliyə uyğun olaraq, zəruri avadanlıq, avtomobil, bələdçilər, müasir kommunikasiya vasitələri ilə təmin ediliblər. MDB müşahidə missiyasının qərargahı seçki prosesi haqda mərkəzi hakimiyyət orqanları ilə qarşılıqlı işləyir. Onlardan hər-hansı qanun pozuntusuna rast gəldikləri təqdirdə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mərkəzi Seçki Komissiyasına müraciət etmələri xahiş olunub".
Məqalədə qeyd olunur ki, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun Azərbaycan Prezidenti Administrasiyasının, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri ilə vəziyyəti müzakirə edib. "Görüşlər zamanı Azərbaycan tərəfi bildirib ki, ədalətli və şəffaf seçkilər üçün bütün lazımi şərait yaradılıb. Vladimir Qarkun da söyləyib ki, MDB müşahidəçiləri obyektiv şəkildə fəaliyyət göstərir və seçki keçirən ölkənin qanunlarına riayət edir", - deyə məqalədə bildirilir.Bundan başqa GUAM Parlament Assambleyasının müşahidə missiyası noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək. Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirib.
Ukraynalı deputat İvan Qulko və gürcüstanlı deputat Zurab Abaşidzenin təmsil olunduğu müşahidə missiyasına baş katib rəhbərlik edəcək.
V.Çeçelaşvilinin sözlərinə görə, nümayəndə heyəti oktyabrın 31-də Bakıda olacaq və səfər noyabrın 3-dək davam edəcək: "Noyabrın 1-i müşahidələrimizi aparacaq, daha sonra fikirlərimizi mətbuat konfransında açıqlayacağıq. Hazırda mətbuat konfransının yeri və vaxtı məsələsi dəqiqləşdirilir".
Təşkilatın Azərbaycanda seçkiqabağı müşahidələri ilə bağlı danışan baş katib söyləyib ki, GUAM-ın seçkiqabağı müşahidə aparmaq ənənəsi yoxdur: "Biz adətən müşahidələrimizi seçki günü aparırıq. Bunun nəticəsində də hesabat hazırlayırıq. Hesabat seçkilərdən sonra ictimaiyyətə təqdim olunur".
Azərbaycan bu seçkilərlə dünyaya nümunə göstərəcək. Bunu isə Ortadoğru Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Həsən Kanbolat deyib.
O qeyd edib ki, istər parlament, istərsə də prezident seçkiləri Azərbaycan üçün çox önəmli hadisədir: "Mən 2013-cü ildə keçirilən prezident seçkilərində müşahidəçilərdən idim. Həmin vaxt demokratik, şəffaf seçkilərin keçirildiyinin şahidi olmuşam. Azərbaycan demokratik seçki ənənələrini inkişaf etdirib. Bununla yanaşı, sizin ölkənizdə ictimai-siyasi həyatda da inkişaf göz qabağındadır. Builki parlament seçkilərinə həm beynəlxalq təşkilatlardan, həm də Türkiyə ilə yanaşı, müxtəlif ölkələrdən müşahidə missiyaları gələcək və əminəm ki, onlar inkişafı öz gözləri ilə görəcəklər".
Politoloq hesab edir ki, Yeni Azərbaycan Partiyası seçkinin qalibi olacaq: "Çünki bu partiya iqtidar olduğu dövrdə Azərbaycanı çox irəliyə aparıb. Ölkəniz vaxtilə ən çətin dövrlərini yaşamasına baxmayaraq, hazırda dünyada ən seçilən dövlətlər sırasındadır. Təbii ki, bu da iqtidarda olan partiyanın apardığı siyasətdən irəli gəlir. Bu baxımdan, hakim partiyanı şanslı görürəm. Eyni zamanda buna qədərki seçkilərdə elm adamları, akademiklər parlamentdə təmsil olunublar. İnanıram ki, bu, davamlı olacaq".
H.Kanbolat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina etməsinə də toxunub: "Azərbaycan istər qonşu dövlətlər, istərsə də Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə həmişə yaxşı münasibətlər qurmağa çalışır. İndiyə qədər də heç bir halda, Qərblə gərgin münasibətlərin tərəfdarı olmayıb. Lakin biz Qərbin Azərbaycanla öz şagirdi kimi davranmaq istəklərini görürük. Bu düşüncə kökündən yanlışdır və nəinki Azərbaycan, ümumiyyətlə, özünə hörmət edən heç bir ölkə bu cür yanaşmanı qəbul edə bilməz. Bu baxımdan, Azərbaycan müstəqil siyasət aparan, öz milli maraqlarından çıxış edən dövlət olaraq öz yolunu gedir. Digər tərəfdən, əgər Qərb ölkələri Cənubi Qafqazda güclü olmaq istəyirsə, regionun əsas gücü olan Azərbaycanla hesablaşmalıdırlar. Azərbaycanla dost olmaq istəyirlərsə, hər şeydən öncə onun ərazi bütövlüyünün bərpasına dəstək verməli, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmalıdırlar. Lakin biz Qərbin bunu etmədiyini, heç bir addım atmadan yalnız öz istəklərinin yerinə yetirilməsini istədiyini görürük. Daha dəqiq desək, bu gün Qərbin ikiüzlü siyasət apardığını müşahidə edirik. Bunun fonunda DTİHB-nin Azərbaycana müşahidə missiyası göndərməkdən imtina etməsi həmin siyasətin bir parçasıdır".
O, əlavə edib ki, DTİHB-nin müşahidə etməkdən imtina etməsinin Azərbaycandakı seçkilərə heç bir təsiri olmayacaq: "Azərbaycan demokratik ənənələrinə uyğun olaraq seçkiləri ədalətli və şəffaf keçirməklə dünyaya nümunə göstərəcək".
Beynəlxalq ictimaiyyət Azərbaycanda gedən demokratikləşmə proseslərinə inanır. Bunu Secki-2015.az saytına açıqlamasında TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman bildirib.
O bildirib ki, seçki gününə bir qədər vaxt qalsa da, artıq prosesə ciddi marağın olduğu müşahidə olunur: "MDB-dən və digər ölkələrdən çoxlu sayda müşahidəçinin gəlməsi dünya ictimaiyyətinin noyabr seçkiləri ərəfəsində Azərbaycanda baş verən demokratikləşmə proseslərinə inamının göstəricisidir. Hamı gözləyir ki, parlament seçkiləri Azərbaycanda insan hüquq və azadlıqlarının inkişafı sahəsində yeni mərhələnin başlanğıcı olacaq".
Qusman söyləyib ki, Azərbaycanda həyata keçirilən seçki prosesi bütün qanun və normalara ciddi riayət edilməklə davam edir: "Namizədlərin çıxışları və müzakirələri göstərir ki, Azərbaycanda dünyəvi və demokratik dövlətə xas olan formada parlament seçkiləri keçirilir. Hər seçki demokratiya yönündə növbəti irəliləyişdir".
"Bu gün Azərbaycan-Rusiya əlaqələri tarixinin ən gözəl dövrünü yaşayır. 2 ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Əlbəttə ki, müxtəlif mövzularda daim diskussiyalar aparılır. Ümumi planda əlaqələr bundan daha yaxşı ola bilməz. Zənnimcə, yeni parlament əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Azərbaycan və Rusiya deputatları arasında sıx əlaqələr mövcuddur",- deyə Qusman bildirib.
Tanınmış rusiyalı jurnalist yaxın günlərdə müşahidəçi qismində Azərbaycana gələcəyini də diqqətə çatdırıb.
Ekspertlər hesab edir ki, bəzi Qərb dairələrinin basqılarına baxmayaraq Azərbaycanın vətəndaş cəmiyyəti ilə bir sıra dövlətlərin vətəndaş cəmiyyətlərinin anlaşıqlı addımları kifayət qədər normal nəticələri ortaya çıxartdı. Hesab etmək olar ki, belə bir nəticənin olması tək Azərbaycan dövlətçiliyinin inkişafına işarə deyil, eyni zamanda vətəndaş cəmiyyətinin uğurudur.
Digər Xəbərlər
2025-03-03 21:19:08

2025-03-03 21:12:03

2025-03-03 18:00:08

2025-03-03 16:31:27

2025-03-03 16:06:22

2025-03-03 14:32:20

2025-03-03 14:30:03

2025-03-03 12:33:00

2025-03-03 11:28:39

2025-03-03 10:19:38

2025-03-03 08:59:46

2025-03-02 17:26:30

2025-03-01 15:03:00

2025-03-01 11:07:00

2025-03-01 10:59:49

2025-03-01 09:36:00

2025-03-01 09:20:00

2025-02-28 18:04:51

2025-02-28 15:10:45
