Azərbaycanda məmur soyğunçuluğunun daha bir üzü
12:29 29-10-2015
İQTİSADİYYAT
Vətəndaşların cibini kimlər və necə boşaldır?
Azərbaycanda lombard fəaliyyəti son illərdə geniş yayılıb. Xüsusilə bu ilin fevralında manatın devalvasiyasından sonra vətəndaşların lombardlara axını güclənib.
Bakıda fəaliyyət göstərən belə obyektlərdən birinin sahibindən əldə edilən məlumata görə, devalvasiya qərarından sonra bankların kredit şərtlərini ağırlaşdırması, xüsusi valyuta ilə kredit almağın az qala mümkünsüzləşməsi vətəndaşları lombardlara üz tutmağa məcbur edir.
Ekspertlər isə hesab edir ki, Azərbaycanda lombard fəaliyyəti qanunsuzdur. Düzdür, lombardlarla bağlı məsələlər Mülki Məcəllə ilə tənzimlənir, amma burada kifayət qədər qaranlıq məqamlar da var. Məsələ burasındadır ki, artıq ölkədə lombardlarla bağlı xüsusu qnunverici bazanın yaradılmasına, onların fəaliyyətinə nəzarətin isə Maliyyə Nazirliyindən alınaraq, Mərkəzi Banka verilməsi zəruri hesab edilir. Bu barədə müstəqil iqtisadçılar dəfələrlə rəy və təkliflərini açıqlasalar da, hökumət bu istiqamətdə konkret addımlar atmağa tələsmir.
Əməkdaşımıza açıqlamasında lombard fəaliyyəti ilə məşğul olan və adının çəkilməsini istəməyən başqa bir şəxs bildirib ki, onlar əhaliyə krediti aylıq 5-10 faizlə təklif edirlər. Bunun müqabilində vətəndaşdan nə iş yerindən arayış, nə zaminlik tələb edilmir. Girovla kifayətlənirik. Kiçik lombardlar əsasən qızıl-zinət əşyalarının müqabilində kredit verirlər. Elə lombardlar var ki, oradan on minlərlə manat kredit götürmək mümkündür, bunun əvəzində isə maşın, mülk qoymaq olar".
Həmsöhbətimiz bildirib ki, Azərbaycanda kifayət qədər güclü lombardlar var ki, onların havadarları hətta hansısa bank təşkilatının yüksək vəzifəli məmur himayədarından heç də zəif deyil: "Bakıda lombardları olan kifayət qədər icra başçısı, hüquq-mühafizə orqanlarının vəzifəli şəxsləri var. Son vaxtlar xüsusilə Bakıda vətəndaşa müəyyən bir məbləğdə kredit verib onun ən azı iki qatı dəyərində girov götürən, sonradan isə girova sahiblənən lombardların sayı artıb. Əksər hallarda belə lombardlara "gözün üstə qaşın var" deyən olmur. Bunun əsas səbəblərindən biri də məhz onlara hansısa nüfuzlu şəxslərin havadarlığıdır. Lombard istənilən halda ofisinin qapısını bağlayıb aradan çıxa bilər, bu isə o deməkdir ki, vətəndaşın aldığı kreditdən qat-qat yüksək dəyəri olan girov daim risk altındadır".
Xatırladaq ki, iki həftə əvvəl mətbuatda məlumat yayıldı ki, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarda qızıl qoyan şəxslər xeyli vaxtdır əmanətlərini geri ala bilmir. Bu günlərdə daha 4 nəfər bir müddət əvvəl bağlanan lombarda qoyduqları qızılı geri ala bilmədiklərini bildirib. Belə ki, 8-ci Polis Bölməsinə müraciət edən Ağayeva Narıngül Cənnət qızı 60 qram, Haşımova Gülxar Hüzür qızı 25 qram, Salahova Kəmalə Lələ qızı 8 qram, Məmmədova Rəhilə İslam qızı isə 40 qram qızılı Neftçi Qurban küçəsi 36 ünvanında yerləşən lombarddan geri ala bilmədiklərini qeyd ediblər. Onlar şikayət ərizələrində qızılı lombardın sahibi, 1963-cü il təvəllüdlü Əllazi Tahirə Məmməd qızına verdiklərini qeyd ediblər.
Qeyd edək ki, həmin lombardla bağlı polisə daha əvvəl də çoxsaylı şikayətlər daxil olub.
Müşahidələr ölkə üzrə lombardlarla bağlı oxşar cinayət əməllərinin sürətlə artdığını deməyə əsas verir. Xüsusilə banklardan manatla kredit almağın çətinləşdiyi bir vaxtda işləri yağ kimi gedən lombardlar həm yüksək aylıq faizlərlə vətəndaşları faktiki olaraq soymaqla, həm də onların girovlarını mənimsəməklə məşğuldurlar.
Artıq aydın görünür ki, hökumətin lombard fəaliyyəti ilə bağlı hüquqi bazanın möhkəmləndirməsinə və onların fəaliyyətinə nəzarət mexanizmini həm dəqiqləşdirməsinə, həm də gücləndirməsinə ehtiyac var. Əlbəttə, əgər məmur maraqları buna imkan versə!
Əks halda artıq mətbuatda tez-tez rastladığımız "Azərbaycanda daha bir lombard fırıldağı", "Azərbaycanda lombard dələduzluğunun yeni qurban(lar)ı" başlıqlı xəbərlər tədricən adiləşəcək, biz bu cür xəbərlərə Məşədi İbadın sözü olmasın, bir növ adətkarda olacağıq. Necə ki, artıq bu proses başlayıb...
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52