2016-cı ildə Azərbaycanı nə gözləyir?
12:31 29-10-2015
İQTİSADİYYAT
Ölkəmiz növbəti iqtisadi böhran sınağından da çıxa biləcəkmi?
Oktyabrın 9-11-də Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının illlik toplantısı ərəfəsində BVF-nun icraçı direktoru Kristin Leqardın dünya iqtisadiyyatının mövcud durumu və cari il üçün gözlənilən yekun göstəricilər barəsində səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, dünya iqtisadiyyatı çox ciddi böhranla üz-üzə qalıb.
Hazırda dünya dövlətləri vəd olunan və gözlənilən böhrandan maksimum yayınmaq üçün tədbirlər planı işləyib hazırlayır. Bu baxımdan hər zaman iqtisadi stabilliyi ilə fərqlənən ölkəmizdə də preventiv tədbirlərin həyata keçirilməsini müşahidə edirik. Dövlət başçısı İlham Əliyevin azad iqtisadi mühitin formalaşdırılması, sahibkarlara daha geniş fəaliyyət meydanının verilməsi yönündəki radikal addımları da buna sübutdur.
İndi isə hər bir sıravi azərbaycanlını bir sual maraqlandırır: Azərbaycan gözlənilən iqtisadi böhrandan bu dəfə də yayına biləcəkmi? Xatırladaq ki, bir neçə il öncə əksər Avropa ölkələrini iflic edən beynəlxal maliyyə böhranı zamanı Azərbaycan düşünülmüş iqtisadi siyasəti nəticəsində böhrandan itkisiz çıxmağı bacarmışdı. İndi isə Azərbaycan ikinci sınaq qarşısındadır. Proseslərin hansı məcrada inkişaf edəcəyi isə olduqca maraqlıdır.
Dünyanı bürümüş iqtisadi, maliyyə təlatümlərinin Azərbaycana ciddi təsirlər göstərib-göstərmədiyini müəyyən etmək üçün 2015-ci ilin 8 ayının yekunlarını xarakterizə edən bəzi makroiqtisadi və digər göstəricilərə nəzər salmaq kifayətdir. Azərbaycan iqtisadiyyatının mövcud durumunu isə belə xarakterizə etmək olar: - neft və qaz hasilatı sahəsindəki azalmalar istisna olmaqla, demək olar ki, qalan bütün sahələrdə keçən ilin müvafiq dövrü ilə müqaisədə pozitiv nəticələr əldə olunub. Cari ilin 8 ayı ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda ümumi daxili məhsul həcmi 4,2%, qeyri-neft sektorunda isə 7,3% artıb. Qeyri-neft sənaye sahəsində artım daha da yüksələrək 11,3% təşkil edib. Bu dövrdə bitkicilik məhsulları istehsalının 12,3 faiz, heyvandarlıq məhsulları istehsalının 2,2 faiz artması nəticəsində kənd təsərrüfatının ümumi məhsulu üzrə artım tempi əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,4 faiz təskil edib. Bütün bu göstəricilər Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq neftin qiymətlərinin dünya bazarlarında kəskin aşağı düşməsi fonunda çox dəqiq alternativ iqtisadi inkişaf yolunu müəyyənləşdirdiyini göstərir.
Bu isə belə düşünməyə əsas verir ki, prezident İlham Əliyevin siyasi iradəsi qlobal və regional təhlükələrin əhatəsində bizi bir daha digər böhranlarda olduğu kimi, yenə də çətinliklərdən çıxaracaq və neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalması təsirlərindən sığortalayacaq. Hər halda dövlət başçısının həyata keçirdiyi iqtisadi islahatlar paketi böhrandan yayınmağımızı təmin edəcək ən uğurlu mexanizm kimi görünür.
Qeyd edək ki, ölkəmizdə 50-dən bir qədər çox sahə üzrə 100-dən artıq lisenziya növü vardı ki, bu da neqativ haldır. Çünki liberal iqtisadiyyatlı ölkələrdə 10-dan artıq lisenziya növü yoxdur. Fərəhverici haldır ki, cənab prezident Nazirlər Kabinetinin müşavirəsində bu məsələyə toxundu və lisenziyaların azaldılması məqsədilə müvafiq göstərişlərini verdi. Prezidentin göstərişləri ilə vergi yoxlamaları istisna olmaqla bütün növ yoxlamaların 2 il müddətinə dayandırılması prosesinə start verildi. Bundan əlavə, ilkin dövriyyəsi 120 min manatdan aşağı olan və sadələşdirilmiş vergi ödəyicilərində müvəqqəti olaraq səyyar vergi yoxlamalarının aparılması dayandırıldı. Statistik göstəricilərə əsasən, bu addım 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək ki, bu da iqtisadi sahəyə öz müsbət nəticələrini göstərəcək.
Ümumilikdə, bütün sektorlar üzrə elektronlaşma, avtomatlaşdırma sisteminin tətbiq olunması və lisenziyaların "ASAN xidmət"ə həvalə edilməsi sahibkarlara süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək, elektron lisenziya portalının yaradılması isə sahibkarlar üçün xüsusi razılıq, sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada alınmasını sürətləndirəcək.
Odur ki, bütün bu islahatlar paketini göz önünə alaraq yaxın gələcək üçün bəzi proqnozlar vermək mümkündür. Aparılan son islahatlar nəticəsində dünyada baş verən böhran dövründə ölkəmiz iqtisadi inkişaf tempini saxlayacaq. Nəzərə almaq lazımdır ki, dünya bazarlarında enerji məhsullarının qiymətlərində yetərincə eniş var. Ölkə prezidenti regionlara səfərləri zamanı 2016-cı ilin bizim üçün çətin olacağını vurğuladı. Lakin buna rəğmən qeyd etdi ki, bunu Azərbaycan xalqı hiss etməyəcək. Beynəlxalq təşkilatların da proqnozu özündə ölkəmizin iqtisadi dayanıqlığını bir daha ehtiva edir. 2016-cı ildə 1,8% artım proqnozu hətta Avropa üçün də nəzərdə tutulan göstəricidən çox olacaq. Belə ki, enerji məhsullarının qiymətinin enməsində iqtisadi faktorla bərabər, siyasi amillər də var. Çünki insan haqlarından danışan, lakin demokratiya dəyərlərini anlamayan ölkələr öz məqsədlərini həyata keçirmək naminə bütün yollara əl atırlar. Ancaq ölkəmizdə dayanıqlı iqtisadi institutların olması, möhkəm və dövlətçilik maraqlarını daima ön planda saxlayan vətəndaş cəmiyyətlərinin mövcudluğu Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də tolerantlıq və dini dözümlülük kimi sütunlarına düşmənlər tərəfindən zərbə endirilməsinə imkan verməyəcək. Bu baxımdan prezidentin siyasi iradəsi qlobal və regional təhlükələrin əhatəsində bizi bir daha digər böhranlarda olduğu kimi, yenə də çətinliklərdən çıxardacaq və neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalması təsirlərindən sığortalayacaq.
Elvin
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52