Sevdiyi
Bakıda dəhşətli qətl törədilib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı (adı və soyadı hələlik məlum deyil) tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

İlkin məlumata görə, hadisəni törədən oğlan İ. Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb.

Qətlin təfərrüatları da məlum olub. Məlumata görə, 1993-cü il təvəllüdlü gənc qız 6 bıçaq zərbəsi ilə öldürülüb. Sonuncu zərbə onun ürəyindən dəyib. Şahidlərin məlumatına görə, hadisəni törədən şəxs hündürboylu gənc oğlan olub.
Qızı vurub qaçarkən o, "axır ki, öldürdüm" deyə qışqırıb.

Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirirlər. Prokuror və polis əməkdaşları öldürülən qızın telefonuna baxış keçirib, gələn-gedən sms-ləri, zəngləri yoxlayıb.

Məlumata görə, gənc qız gecə qonşusu ilə yazışıb, başqa bir oğlan ona evlilik təklif edib. Qətlin ilkin səbəbi kimi hələlik bu amil göstərilir.