Azərbaycan büdcəsini talayan şirkətlərlə bağlı yeni şok iddialar
10:40 30-10-2015
İQTİSADİYYAT
Bakıda bəzi şirkətlərin ən orjinal talan mexanizmi ifşa edildi
Noyabr yaxınlaşır və dünyanın əksər ölkələrində butiklər milad endirimlərinə hazırlaşdığı halda, həmişəki kimi bu il də bunu Bakıdakı brend mağazalarında müşahidə etmək mümkün olmayacaq.
Adətən Azərbaycan paytaxtındakı brend mağazalar ilin sonunda endirimlərlə bağlı verilən suallara oxşar yayındırıcı cavab verirlər: "Bizdə endirimlər Yeni il tətili günlərində olacaq". Yeni il tətili günlərində isə endirimlər barədə soruşanda tam əksini söyləyirlər: "Qara cüməni deyirsiz? O, noyabrın sonunda olur axı".
Brend dükanların əməkdaşlarının əslində bu cür cavabı da yayındırıcı olur. ABŞ-da 19-cü əsrin sonlarından başlamış milad endirimlərinin rəmzi sayılan "qara cümə" termini 1966-cı ildən işlədilir və milad endirimlərinin başladığı gün sayılır. Adətən, noyabrın 4-cü cüməsinə düşən "qara cümə"də böyük müştəri aktivliyi müşahidə edilir. Amma endirimlərin özü isə yanvarın ortalarına qədər, yəni milad tətillərinin sonuna qədər davam edir.
ABŞ-dan bütün inkişaf etmiş ölkələrə yayılmış bu praktika geniş əhali kütləsinin lazımi geyim və məişət avadanlıqları, bəzi hallarda isə ərzaqla təminatında böyük rol oynayır. ABŞ-dan "qara cümə"də alış-veriş edənlərin sayı ilə artır. 2011-ci ildə Amerikada "qara cümə" müştərilərinin sayı 226 milyon nəfər olduğu halda, bu göstərici 2012-ci ildə 247 milyona, 2013-cü ildə isə 249 milyona qədər artıb. Həmin gün xərclənən pullar isə uyğun olaraq 2011-ci ildəki 52,5 milyard dollardan 59,1 milyard dollara (2012) və 61,4 milyard dollara (2013) qalxıb.
Məhz bu artan rəqəmlər Qərbdə şirkətlərin "qara cümə"yə ciddi cəhdlə hazırlaşmasına təkan verir. Şirkətlər artıq dəbi keçməkdə olan malların anbarlarda ölü kapitala çevrilməsindən bu cür yaxa qurtarırlar. Korporasiyalar milyardlarla dollar canlı kapital əldə edir. İstehlak malları istehsalçıları yeni sifarişlər alırlar, məşğulluq səviyyəsi artır və s.
Amma milad endirimlərinin bü qədər müsbət tərəflərinə baxmayaraq, transmilli geyim şirkətlərinin Bakıdakı brend mağazalarından 1-2 dükan istisna olmaqla, heç biri endirimə getmir. Marketoloq, iş adamı Aynur Cəfərova bu problemi həmin brend dükanların təmsil etdiyi brend şirkətlərlə heç bir əlaqəsi olmaması ilə izah edir: "Tanınmış brendlərdən hansısa birinin Bakıda dükanını açmaq istəyirdim. Mən bu brendlərin bir çoxu ilə danışıqlar aparmışam. Bakıda brend dükanları olanların bəzilərinin regionlar şöbələrində dünyada Azərbaycan adlı dövlət olduğunu bilmirdilər",- deyə Aynur Cəfərova bildirir.
O dediklərinə misal kimi Bakıda dükanı olan tanınmış brendlərin rəsmi saytında Azərbaycan bölməsinin adının olmamasını göstərir. Bu sırada "HM", GAP kimi butiklərin adını çəkmək olar. Bəzi tanınmış brendlərin Bakıda brend mağazasının açılması ilə bağlı rəsmi təqdimat keçirilsə belə, şirkətin saytında bu, öz əksini tapmayıb. Məsələn, "Marks & Spencer" bu ilin mart ayında Bakıda butikinin açılması barədə rəsmi təqdimat keçirsə də şirkətin saytında Azərbaycandakı mağazanın adı yoxdur.
Bütün bunlara baxmayaraq, Aynur Cəfərova Bakıdakı əksər "brend" mağazaların "qara cümə"dən yararlandığını deyir: "Bunlar qərb endirimlərindən böyük pullar qazanırlar. Məsələn, adlarını daşıdıqları brend dükandan endirim vaxtı 100 dollarlıq malı 20 dollara alırlar, gətirib Bakıdakı dükana 100 manata asırlar. Bəzən üzərindəki qiymət kağızını qoparmaq istəmirlər və üzərinə əlavə qiymət yapışdırırlar. Bu mağazalar saxtalaşdırdıqları brendlərin təqibindən yaxa qurtarmaq üçün adın bir hərfini dəyişirlər, yaxud apostrof əlavə edirlər və s. Buna görə, bu mağazalar həmişə bir-iki il öncənin dəstinə aid malları satırlar."
Təbii ki, bu mallar ölkəyə qeyri-qanuni yollarla daxil olur. Sxem aydındır - qanunsuz yollarla böyük gəlir əldə edən işbazlar müvafiq qurumları görməklə qeyri-rəsmi yolla idxal etdikləri malları ölkəyə daxil edirlər. Nəticədə, xalq istehlak mallarının böyük hissəsi vergi nəzarətindən kənar satılır, iri məbləğdə pullar dövlət büdcəsindən yayınır.
Bu məsələ hökuməti, xüsusilə də İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nəzərindən yayınmamalıdır. Xidmət təmsilçiləri tanınmış brendləri təmsil edən dükanlardan müvafiq sənədlər tələb etməlidirlər. Hər halda, bu dükanlarda geniş istehlakçı kütləsi aldadılır.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52