Azərbaycanda «məmur islahatı»nın gizli kodları
14:03 31-10-2015
İQTİSADİYYAT
Vəzifəli şəxslərlə bağlı ümumiləşdmiş rəy və obraz dəyişdirilir
Ölkədə vətəndaşların Konstitusiya ilə təmin olunmuş hüquq və azadlıqlarının qorunması ən ümdə məsələdir. Amma bəzi hallarda müxtəlif dövlət idarə və orqanlarında vəzifəli şəxslər tərəfindən edilən özbaşınalığa, təkəbbürlüyə, yekəxanalığa, insan hüquqlarının pozulması hallarına rast gəlinir.
Bu, vətəndaşlardan mətbuat orqanlarına daxil olan məktub və şikayətlərin əsas mahiyyətini təşkil edir. Şikayətlərin və müraciətlər əsasən işıq, su, qaz, yol, təhsil, kanalizasiya və digər məişət problemləri ilə bağlıdır. Elə məsələlər var ki, bunu yerində həll etmək mümkündür, amma səhlənkarlıq, başdansovduluq, məsuliyyətsizlik ucbatından baxılmır və bu, nəticədə sakinlərdə müəyyən narazılıq yaradır.
Ümumiyyətlə, vəzifəli şəxslərin özbaşınalığı, məmur-vətəndaş münasibətləri, insanların qəbulu və şikayətlərinin dinlənilməməsi ilə bağlı cəmiyyətdə də müxtəlif tənqidi fikirlər mövcuddur. Təbii ki, bu sahədə əvvəlki illərə nisbətən müsbət meyllər yaransa da, ancaq insanları narahat edən məqamlar hələ qalmaqdadır.
Son vaxtlar isə biz Azərbaycanda məmur korpusunun özbaşınalıqlarına, qanunsuzluqlarına qarşı fərqli münasibətin şahidi oluruq. Ard-arda yüksək çinli vəzifəlilərin postlarından kənarlaşdırılması, onlar barəsində həbs qəti-imkan tədbiri kimi sərt cəzaların seçilməsi ölkədə qanunvericiliyin tələblərinə və vətəndaşların problemlərinə, dövlətin maraqlarına dırnaqarası münasibət sərgiləyən vəzifəli şəxslərlə «Böyük vidalaşma»nın başladığını göstərir. Belə məmurlar üçün artıq yolun sonu gəlib çatıb.
İndiyədək də məmur özbaşınalığına qarşı müəyyən addımlar atılırdı. Amma bu, vəzifəli şəxslərlə bağlı ölkədə formalaşmış ümumi rəy və obrazı dəyişdirməyə, onların öz qanunsuz əməllərindən əl çəkməsinə ciddi təsir etmirdi. Bunun da səbəbləri vardı.
Birincisi, sərt formada məmurların xətrinə dəyilmir, onların qanunsuz fəaliyyəti barədə ardıcıl və güzəştsiz addımlar atılmırdı.
İkincisi, məmurlarda əminlik var idi ki, vəzifəyə təyin edildikdə azı 5-6 il həmin postda işləyəcəklər. Bu da onların vəzifədən sui-istifadə edib talançılıqla məşğul olmasına «yaşıl işıq» yandırırdı. Onlar üçün fərqi yoxdur, hansısa kənddə insaların qaz, işıq, su, yol, yanacaq problemi var. Bu, onlar üçün əhəmiyyət kəsb etmirdi. Ancaq öz maraqlarını düşünür, öz mənfəətlərini güdürdülər.
Üçüncüsü, əksər məmurlar, xüsusilə də bir çox oliqarxlar, aparıcı nazirlər var idi ki, onlar özlərini ümumiyyətlə «toxunulmaz» hesab edir, barələrində hər hansı hüquqi ölçü götürülməsi ehtimalını ağıllarının ucundan da keçirmirdilər.
Məmur özbaşınalığı qurbanı olan şikayətçilərin fikrincə isə, əksər hallarda hüquqlarının pozuntusuna görə şikayət etsələr də nəticəsi olmur, bəzən hədə-qorxu ilə üzləşməli olurdular. Çünki bir sıra məmurlar sanki bir-birinin adamıdır, elə bil qruplaşma yaradıblar. Nəticədə şikayətçi vətəndaşlaradi məsələlərin həlli məqsədilə aylar, günlər, bəzən isə illərlə icra orqanlarının qapılarında qalırlar. Haqsızlığa uğrayan, zərər şəkən şəxsin müraciətləri gözardına vurulur, beləcə, şikayət havada qalır. Məhkəmələrin vəziyyəti də imkan vermir ki, vətəndaşlar gedib orada hüquqlarını tələb esinlər.
Son vaxtlar baş verənlər isə artıq indiyədək mövcud olan bu situasiyanın əhəmiyyətli şəkildə dəyişdirilməyə başlandığını göstərir. Artıq oliqarxlaşmış məmurlar belə, toxunulmaz sayılmır, onlar və ətrafları hüquq çərçivəsində cəzalandırılır.
Hesab etmək olar ki, prosesin bu şəkildə davam etməsi yaxın perspektivdə Azərbaycanda məmurlar barədə formalaşmış ümumi mənfi rəy və obraz əhəmiyyətli şəkildə dəyişəcək. Böyük ehtimalla qarşıdakı dövrdə biz başladılan islahat dalğasının daha da genişlənəcəyinin və dərinləşəcəyinin şahidi olacaq, qanunsuz fəaliyyətlə məşğul olan vəzifəli şəxslərin cəzalandırmaları davam edəcək və nəhayət Azərbaycanda da bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, məmurlar sadə bir həqiqəti anlayacaqlar: onların oturduğu kreslo özlərinə, qohum-əqrəbalarına gün ağlamaq üçün yox, millətə, dövlətə xidmət göstərmək üçündür!
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53