Ziya Məmmədov bu cür "vurulacaq"
10:52 03-11-2015
İQTİSADİYYAT
Bununla bağlı Ziya Məmmədovla telefon əlaqəsi yaradan "Unikal" qəzetinin əməkdaşına nazir nə dedi?
Xatırlayırsınızsa son günlərə qədər ölkə gündəminin bir nömrəli mövzusu nəqliyyat naziri Ziya Məmmədovun "vurulma prosesinin" məntiqi sonluğuna yaxınlaşması idi. Müşahidələr də belə düşünməyə əsas verirdi ki, artıq bu istiqamətdə ciddi addımlar atılıb və prosesin dönməz xarakter aldığı qətiləşib. Belə ki, səlahiyyətləri bir-birinin ardınca əlindən alınan Ziya Məmmədov faktiki olaraq "portfelsiz nazir" statusuna gətirilib ki, bu da prosesin hansı məcrada cərəyan edəcəyini proqnozlaşdırmaq üçün ipucları verməkdədir. Amma Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən məlum olaylar bir vaxtlar ölkə gündəminin əsas mövzusu olan Ziya Məmmədov məsələsini sanki ikinci plana itələyib.
Məlum olduğu kimi, milli təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən tutduğu vəzifədən uzaqlaşdırıldı, MTN-də iri rütbəli əməkdaşların həbsiylə müşaiyyət olunan proses isə bütün digər mövzuları kölgədə qoydu. Bununla belə, etiraf olunmalıdır ki, nəqliyyat naziri Ziya Məmmədovun aqibətilə bağlı məsələ hələ də ictimai maraq kəsb edir. Elə bu ictimai marağı nəzərə alaraq "Unikal" qəzeti mövzuya yenidən qayıtmaq və Ziya Məmmədovla bağlı hansı ssenarinin işə salına biləcəyi ilə bağlı ehtimalları nəzərdən keçirmək qərarına gəlib.
Məlumat üçün bildirək ki, Ziya Məmmədov 2002-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Nəqliyyat naziri vəzifəsinə təyin olunub. Artıq 13 ildir ki, bu postda əyləşən Ziya Məmmədov həm təmsil etdiyi sahədə baş verən nöqsanlar, həmçinin də ailə üzvləri və qohumlarının bir sıra neqativ hərəkətləri ilə hər zaman medianın gündəmində olub. İstisnasız olaraq deyə bilərik ki, haqqında mediada ən çox tənqidi məqalə yazılan məmurlardan birincisi elə Ziya Məmmədovdur. Bir çoxları hesab edir ki, əslində onun bu post ilə vidalaşacağı heç də qəribə görünməməlidir. Çünki buna əsas verən bir sıra səbəblər vardır. Nəqliyyat naziri Ziya Məmmədov əsasən ölkənin yol infrastrukturunun yaxşılaşdırılmasına cavabdeh olan şəxsdir. Düzdür, bu müddət ərzində yollar əvvəlki illərə nisbətən xeyli yaxşılaşsa da, amma nöqsanlar yenə də qalmaqda davam edir. Bu sahədə əsas narazılıq ondan ibarət idi ki, yolların çəkilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənmir, bu sahədə fantastik yeyinti faktları mövcuddur. Belə ki, çəkilən yollar bir neçə müddətdən sonra yararsız vəziyyətə düşür. Belə olan halda ikinci dəfə dövlət büdcəsi hesabına yenidən yollar çəkilməli olur. Bu da büdcəyə ikiqat ziyan gətirən amildir.
İkinci əsas problemlərdən biri də Bakıda avtobus və taksi sistemi ilə bağlıdır. Taksi sürücülərinin Nəqliyyat "qoçu" larından dəfələrlə narazı olduqlarının şahidi olmuşuq. Baş verən mübahisələr, davalara dair çoxsaylı videolar yayımlanıb. Bundan əlavə, sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri bir çox hallarda qayda pozuntusuna yol veriblər. Görünür, elə bu narazılıqların məntiqi yekunu olaraq sürücülərin "qorxunc röyası"na çevrilmiş nəqliyyat müfəttişləri artıq tarixə qovuşdu. Nəqliyyat Departamentinin səlahiyyətləri isə Dövlət Yol Polisinə verilib. Söhbət Nəqliyyat Nazirliyinin əlindən alınmış səlahiyyətlərindən düşmüşkən qeyd edək ki, adıçəkilən qurumun əksər səlahiyyətləri "Asan xidmət" və digər dövlət strukturları arasında bölüşdürülüb.
Bütün bunlardan sonra isə gözlənilən o idi ki, proses nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifədən azad ediləcəyi ilə yekunlaşacaq. Hətta belə bir xəbərlər də yayılmışdı ki, Ziya Məmmədov əmək məzuniyyətindən ya qayıtmayacaq ya da qayıdan kimi onun işdən azad olunmasına şahidlik edəcəyik. Amma fakt ondan ibarətdir ki, Ziya Məmmədov məzuniyyətdən qayıtdı və bu gün də işinin başındadır. Düzdür, demək olar ki, əksər vacib səlahiyyətləri əlindən alınıb, bununla belə o hələ də nazir kreslosunu qorumağı bacarıb.
O, hətta bu "uğur"u ilə öyünməkdən belə çəkinmir. Məsələn, məzuniyyətdən qayıtdıqdan sonra bölgələrdəki görüşlərdən birində jurnalistlərə "bəs yazırdınız ki, mən qaçmışam" deyə atmaca atan nazir bununla həm də hakimiyyət düşərgəsindəki rəqiblərinə meydan oxuduğu şübhəsizdir. Bununla bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, hakimiyyət daxilində Ziya Məmmədovun işdən çıxarılmasına çalışan güclü qruplaşmalar var.Amma
mənbəmiz iddia edir ki, Ziya Məmmədov hələ bir müddət postunda qalacaq: "Ziya Məmmədov aralıq dövrü üçün nazir postunu qoruyub saxlayacaq. Amma bunun uzun müddət davam edəcəyini düşünmək də doğru olmaz. Fakt bundan ibarətdir ki, hazırda Nəqliyyat Nazirliyinin əksər səlahiyyətləri əlindən alınıb, bu isə həmin strukturda ciddi islahatların aparılmasını diqtə edir. Çox böyük ehtimalla Nəqliyyat Nazirliyi yaxın zamanlarda ləğv olunsun və onun bazasında tamamilə yeni bir qurum yaradılsın. Ziya Məmmədovun "vurulması" isə məhz həmin ərəfədə reallaşa bilər".
Bu və digər suallara cavab tapmaq məqsədilə "Unikal" qəzetinin əməkdaşı nazir Ziya Məmmədovla telefon əlaqəsi yaratmağa çalışıb. Təəssüf ki, "Unikal" qəzetinə dəfələrlə açıqlamalar vermiş nəqliyyat naziri bu dəfə tamamilə fərqli mövqe sərgiləyib. Telefonu qaldırandan və ona zəng edənin "Unikal" qəzetindən olduğunu bilən kimi Ziya Məmmədov "mən mətbuata heç bir açıqlama verməyəcəm" sözlərini deyərək telefonu qapadıb. Bununla belə biz yaxın günlərdə Ziya Məmmədovla yenidən əlaqə yaratmağa və ondan bəzi suallara cavab almağa çalışacağıq.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-26 00:55:40
2024-11-25 16:38:00
2024-11-25 16:01:50
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52